14 İyun 2020 23:55
3 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdlər Qərbi Azərbaycan vilayəti əhalisinin təxminən 10 faizini təşkil edir.

Keçən il Urmiya Şəhər Şurasının yeganə kürd üzvü məclisin dili Azərbaycan türkcəsi olduğu üçün şuranın iclasını tərk etdi. Urmiya kürdləri də Tehran rejimindən bölgədə türk dilində lövhələrin və nişanların qadağan edilməsini tələb edib.

Son günlərdə artıq Təbriz və iki sərhəddə yerləşən Muğandan da hədələyici səslər gəlir. Fəhlə adı altında 2000 kürd partizanı Muğanda yerləşdirilib. Kürdlərin demək olar ki, hamısı istisnasız olaraq Qərbi Azerbaycanı “Kürdüstanın Urmiya əyaləti” adlandırır, sənədlərdə də belə yazırlar.

Kürd qruplaşmaları bütöv Qərbi Azərbaycana iddia edirlər, bu separatçı iddialar Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiya, Salmas, Xoy, Soyuqbulaq (Mahabad), Qoşaçay (Miyandab) və digər bölgələri əhatə edir. Bəzi radikal qruplar hətta bir az da irəli gedərək, Təbrizlə həmsərhəd olan bölgələrə və hətta Güney Azərbaycanın paytaxtı Təbrizin özünə qarşı da ərazi iddiaları irəli sürürlər. Torpaq iddiaları, siyasi qruplar arasındakı gərginliklər qarşısında qalan Güney Azərbaycan xalqı PKK və PJAK kimi kürd terror təşkilatlarının terror və dağıdıcı hücumlarına məruz qalır. Cənub təşviş içindədir.

Mübahisənin mənbəyi: “Mühacir Mahabad Respublikası”

Mübahisənin əsas mənbələrindən biri 1945-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti və həmin il yaradılan Mahabad muxtar bölgəsidir. Kürdüstan Demokratik Partiyasının mərhum lideri Qazi Məhəmmədin rəhbərlik etdiyi kürdlər İranın Kürdüstan bölgəsində hökumət qura bilmədikləri üçün bunun əvəzinə, Güney Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərini hədəf aldılar.

Sovet KQB-nin arxiv materiallarına görə, Baş nazir Pişəvəri və Azərbaycan Demokratik Partiyasının rəhbərliyi gələcək nəsilləri ziddiyyətli fikirlərdən uzaqda saxlamaq və belə bir riskli düşüncənin torpaqların itirilməsinə səbəb olacağını düşündükləri üçün buna ciddi müqavimət göstərdilər. Ancaq Azərbaycan Demokratik Hökuməti Azərbaycan SSR-dən, yəni dolayı yolla Moskvadan asılı olduğundan, kürd liderlər Güney Azərbaycanda kürd muxtariyyətinin qurulmasına icazə verməsi üçün SSRİ lideri İosif Stalindən kömək istədilər və buna nail oldular. Stalinin imzaladığı fərmanla Güney Azərbaycan öz ərazilərində “Mahabad hökuməti”nin qurulması ilə razılaşmaq məcburiyyətində qaldı.

1946-cı ilin dekabrından 1947-ci ilin yanvarınadək Qərb tərəfindən dəstəklənən İran ordusu bölgədə işğal həyata keçirdi, nəticədə həm Azərbaycan, həm də kürdlərin qurduğu hökumətlər dağıdıldı, kütləvi etnik təmizləmə baş verdi. O vaxtdan bəri Güney Azərbaycan bir çox vilayətə bölündü. Kürdlər əvvələcə şah, sonrakı illərdə isə dini rejimlər tərəfindən Türkiyə ilə sərhədlərdəki strateji bölgələrə köçürüldü.

Kürdlər tarixi təhrif edir və “Böyük Kürdüstan”ın paytaxtının Mahabad olacağını iddia edir. Belə bir iddia ilə, eyni zamanda Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmiyaya qarşı da çıxış edirlər.

Kürd qaçqınlarının axını

Güney Azərbaycana qarşı separatçı iddiada olan kürdlərin sözügedən bölgədə artmasına təkan verən bir sıra tarixi hadisələr var: Birinci Dünya Müharibəsində İraq kürdlərinin köçü, İkinci Dünya Müharibəsi dönəmindəki köç, 1963-cü ildə baş verən İraq-Kürd münaqişələri, sonrakı dönəmlərdə baş verən köçlər, 1990-cı illərdəki savaşdan sonrakı kürd axınları, Körfəz müharibəsi və ABŞ-ın İraqa son hücumu.

İraq-Kürd münaqişəsi

1931-1932 və 1944-1945-ci illərdə İraqda qısamüddətli silahlı üsyanlar baş verdi. Habelə 1960-cı illərdə İraq Kürd Demokratik Partiyasının (İKDP) liderinin komandanlığı altında baş verən silahlı qarşıdurmalar. İraq hökuməti ilə uğursuz bir sülh razılaşması 1975-ci ildə qarşıdurmaları yenidən qızışdırdı. Həmin ərəfədə İraq və İran arasındakı razılaşma bölgədəki kürd ayaqlanmasının qarşısını aldı. Nəticədə minlərlə kürd İran və Türkiyəyə qaçdı. Müqavimət passiv formada davam etdi. 1970-ci illərin sonlarında İraq hökuməti neftlə zəngin olan Kərkük ətrafında, ərəblərin yaşadığı və digər bölgələrdə kürdlərə qarşı sərt addımlar atdı. Bu siyasət 1980-ci illərdə sürətləndi, çox sayda kürd məcburi köçürüldü. Çünki İraq hökuməti həmin illərdə gedən müharibədə kürdlərin İran qüvvələrinə kömək etməsindən şübhələndi.

1988-ci ilin mart-avqust aylarında İraq qüvvələri kürd müqavimətini dayandırmağa (“Anfal”) çalışdı. İraqlılar mülki kürdlərə qarşı kimyəvi silahlarla hücuma keçdi. Bu dövrdə ən böyük kimyəvi hücumlardan biri martın 16-da İrabjah kəndində və ətrafında baş verdi. İraq qoşunları kimyəvi silahlarla 5000-ə qədər kürdün həyatına son qoydu. Bu hücumlara baxmayaraq, kürdlər İraq Körfəz Müharibəsində məğlub olduqdan sonra yenidən baş qaldırdılar. 1990-91-ci illəri əhatə edən bu üsyanlar da qəddarlıqla yatırıldı. Bu isə İraqdan növbəti axının qarşısının açılmasına şərait yaratdı.

Amma kürdlər ABŞ-ın köməyi ilə İraqın şimalındakı kürd yaşayış məntəqələrinin əksəriyyətini əhatə edən “təhlükəsiz sığınacaq” qura bildilər. İKDP və Kürdüstan Vətənpərvərlər Birliyi 1975-ci ildə burada muxtar hökumət qurdular. 2003-cü ildə Səddam Hüseyn rejiminin (BƏƏS Partiyası) süqutundan sonra - 2005-ci ildə keçirilən seçkilər kürdlər üçün uğurlu alındı.

Qeyd etmək lazımdır ki, yeni dövə qədər baş verən bu proseslərin hamısı kürdlərin kütləvi şəkildə Türkiyə və Güney Azərbaycana axını ilə nəticələnmişdi.

BMT və rəsmi statistikalar

Qərbi Azərbaycan valisi Qərbi Azərbaycan Vilayətinin son yarım əsrdə ən azı 1 milyon 600.000 İraqdan gələn kürdə qapı açdığını təsdiq edib. Rəsmi məlumata görə, bölgədə təkcə 1960-70-ci illərdə 1 milyon 600.000-dən çox İraq kürdü məskunlaşdırılıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, ötən il 5 milyondan çox insan Dünya Qaçqınlar Günü ilə eyni vaxtda evlərini tərk etmək məcburiyyətində qalıb və ya evlərini tərk etməyə məcbur edilib. Dünyadakı qaçqınlar və sığınacaq axtaranların 65 milyonu keçib. Bu əsasda demək olar ki, Qərbi Azərbaycan son yarım əsrdə İraqdakı təhlükəsizlik böhranları səbəbindən yüz minlərlə İraq kürd qaçqınlarına ev sahibliyi edən bölgələrdən biridir.

Bu yaxınlarda Urmiyanın imamı Seyid Mehdi Qureyşi son 5 il ərzində İraq Kürdüstanı ilə təmasda olduqlarını dedi və bildirdi ki, 1960-cı illərdə baş verən münaqişələr zamanı Qərbi Azərbaycan bir milyona yaxın qaçqın qəbul edib. Qərbi Azərbaycan valisinin müavini Əlirza Rədfar isə bildirib ki, 1990-cı illərdə 600.000 iraqlı kürd qaçqın vilayətimizə qaçıb.

Rədfar həmin dövrdə iraqlı qaçqınların dörddə bir hissəsinin Qərbi Azərbaycan vilayətində məskunlaşdığını təsdiq edir. Başqa sözlə, ötən yarım əsrdə yüz minlərlə iraqlı kürd Qərbi Azərbaycana sığınmaq məcburiyyətində qaldı. Əksəriyyəti isə İraqdakı böhranın başa çatmasına baxmayaraq ölkələrinə qayıtmadı.

Daxili miqrasiya

İranda daxili miqrasiya da geniş yayılıb. Kürdüstan və Kirmanşah əyalətlərindən olan bir çox İran kürdü Güney Azərbaycana köçərək burada yaşamağa və işləməyə başlayıblar. Əlbəttə, geri qayıtmamaq şərti ilə... Ən böyük köç ötən illərdə Mahabada – “paytaxt” kimi baxdıqları tarixi Azərbaycan şəhərinə həyata keçirilib.

Haqan Türkelli
Kanada Ontario Vəkillər Kollegiyasının üzvü - vəkil, məsləhətçi, Lambton Kollecinin Hüquq fakültəsinin müəllimi


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər