Milli Məclisin deputatı Müşfiq Cəfərovun Teleqraf.com-a müsahibəsini təqdim edirirk:
- Müşviq müəllim, hazırda işğalçı Ermənistanda daxili təlatümlər yaşanır. Sizcə, bu gərginliyin arxasında nə dayanır?
- Ermənistanda pandemiya dövründə daxili çəkişmələr daha güclənib. Ölkədə gedən siyasi iqtisadi böhran artıb. Pandemiyanın gətirdiyi problemlər, ölkədə iqtidar-vətəndaş həmrəyliyinin olmaması hakimiyyətin böhranını dərinləşdirir. Paşinyanın mətbuat çıxışlarına nəzər salsaq görərik ki, bütün siyasi iqtisadi problemləri epidemiya ilə əlaqəli olduğunu vurğulayır.
- Qənaətinizcə, Paşinyan iqtidarına qarşı narazılığın kökündə xarici faktorlar varmı?
- Artıq demək olar ki, pandemiya Paşinyanın siyasətinin mahiyyətini ortaya qoydu. Bunu görən xalq isə iqtidarla razılaşmır. Etiraz askiyaları ölkəni bürüyür. Rusiya ilə münasibətlərin pisləşməsi erməni baş nazirin işini daha da çətinləşdirdi. Çünki Rusiya ilə qaz anlaşmasının baş tutmaması Ermənistan iqtidarının vəziyyətini ağırlaşdırdı. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ probleminin həlli ilə bağlı bəyənatları da Ermənistan hakimiyyətinin vəziyyətini kritikləşdirib.
- Küçə demokratiyası işğalçı Ermənistanda özünə dayaq tapmamasının səbəbini necə izah etmək olar?
- İşğalçı ölkənin baş nazirinin Paşinyan hakimiyyətə gələrkən xalqa verdiyi vədlərin heç biri həyata keçirmədi, bu da xalqın iqtidara olan inamını sarsıtdı. Xalq arasında baş nazirlə bağlı böyük ümidlər var idi. Amma bu ümidlər puç oldu. Əksinə, siyasi rəqiblər təqib olundu, kütləvi həbslər həyata keçirildi.
- Ermənistanda yenidən hakimiyyət dəyişikliyi gözlənilirmi?
- Ermənistan hakimiyyətində parçalanma meylləri güclüdür. Məlumatlara görə, Paşinyanın 2 illik hakimiyyəti dövründə xalq-iqtidar münasibətlərini daha da pisləşib. Paşinyanın hələ də iqtidarda olmasının səbəbi kimi prezident Armen Sarkisyanla olan yaxşı münasibətləri göstərilir. Gözlənilən odur ki, işğalçı ölkədə hakimiyyət böhranı yaşanacaq və bu daha ciddi fəsadlara yol açacaq.
- Qərb institutları yenə də Ermənistanda insan haqlarının pozulması ilə müşayiət olunan hadisələrə susqunluq nümayiş etdirirlər. Bunu necə izah etmək olar?
- Qondarma Dağlıq Qarabağda olan seçkilərə dünyanın mötəbər birlikləri, təşkilatları münasibət bildirib seçkini tanımadı. Lakin bəzi beynəlxalq təşkilatların İrəvandakı proseslərə seyrici qalması başadüşülən deyil. Ermənistan bu günə kimi Dağlıq Qarabağla bağlı qətnamələrinin heç birini həyata keçirməyib. İşğal altındakı ərazilərimizdə Azərbaycan tarixi məhv edilir, evlər sökülür, qəbir daşları dağıdılır, amma yenə də insan haqqlarını müdafiə edən Qərb təşkilatları susurlar.
- Regional layihələrdən təcrid olunmuş Ermənistanın çıxış yolunu nədə görürsünüz?
- Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən həlli Cənubi Qafqazın gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki yalnız bu halda regional əməkdaşlıq mümkündür. Eyni zamanda artıq işğalçı ölkənin rəhbərliyi də düşünməlidir ki, işğala son qoyulmalıdır, hərbçilər Azərbaycan ərazilərindən geri çəkilməlidir. Bu vəziyyət dəyişmədikcə Ermənistan sosial problemlər məngənəsindən qurtula bilməyəcək.