22 İyun 2020 20:40
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hazırda xaotik bir durum hökm sürür. Hakimiyyətin qolları arasında əlaqələr kəsilib. Cəmiyyət dövlətin öz funksiyasını icra edə bilmədiyini artıq küçələrə çıxıb aksiyalar təşkil etməklə bəyan edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Venesiya Komissiyasının 19 iyunda qəbul edilmiş və bu gün ictimaiyyətə açıqladığı rəydə Ermənistan parlamenti və Konstitusiya Məhkəməsi arasında yaranmış konstitusiya böhranının mərkəzində yer alan problemlərlə bağlı müddəalar mövcuddur. Artıq işğalçı ölkədə elə bir durum yaranıb ki, dövlətin hazırkı rəhbərliyi daxili problemləri həll etməkdə acizlik nümayiş etdirir.

Millət vəkili vurğulayıb ki, işğalçı Ermənistanda hakimiyyətin müxtəlif qolları arasında yaranmış qarşıdurma o həddə çatıb ki, artıq Avropa Şurası belə prosesə müdaxilə etmək məcburiyətində qalıb. Hazırda Paşinyana qarşı olan bütün qüvvələr yekdil mövqe ortaya qoyub. Çünki Paşinyan populizmdən uzağa gedə bilmədi. Heç bir siyasi təcrübəsi olmayan bir şəxs əslində işğalçı ölkənin durumunu daha da ağırlaşdırmaqdan başqa bir iş görə bilmədi.

A.Hüseynov əlavə edib ki, N.Paşinyan onu iqtidardan uzaqlaşdırmaq istəyən qüvvələrin bir araya gəldiyini bilə-bilə, heç bir qabaqlayıcı addım ata bilmir. Hətta bu günlərdə az qala böyük cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmuş keçmiş prezident Robert Koçaryan azadlığa buraxıldı. Ardıcıl olaraq işğalçı ölkənin baş nazirinin istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Sarukyann istintaqa cəlb etmək üçün atılan bütün addımlar uğursuluğa düçar oldu. Bu isə Ermənistanda faktiki olaraq siyasi böhrana gətirib çıxarıb. Venesiya Komissiyasının bu işə müdaxiləsi isə problemin nə qədər ciddi olmasından xəbər verir.

“Az qala hakimiyyətə gəldikləri tarixi demokratik dövrün başlanğıcı kimi qiymətləndirən Paşinyan komandası indi ölkəni idarəolunmaz bir duruma salıb. Küçə demokratiyası işğalçı ölkədə öz dayaqlarını tamamilə itirdi. İnsanlar sosial tələblərlə küçələrə çıxanda populizmi Paşinyanın köməyinə çatmadı. Ermənistan hakimiyyəti xaosun əhatəsindədir. Ölkənin daxili problemlərini artıq beynəlxalq təşkilatların bəyanatları ilə həll edilməyə səylər edilir. Amma bütün bunların heç bir əhəmiyyəti olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər