Ermənistan dövləti son dərəcə ciddi və mürəkkəb katakilizmlər dövrünə daxil olmaqdadır. Hakimiyyətə gəlməsindən iki il keçdikdən sonra Ermənistanda Paşinyan hakimiyyətinə xalqın etimadı hər gün yox, hər saat azalmaqdadır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun fikrincə, artıq insanlar peşiman olublar ki, küçədən gətirdikləri bir şəxs onların heç bir halda ümidlərini doğrulda bilməyib: "Çünki Paşinyan demokrat adı ilə gəlib ölkədə diktatura rejimi qurmaqdadır. Xüsusilə bütün siyasi opponentlərinə qarşı Paşinyanın tətbiq etdiyi zor, təhdid, təqib siyasəti Ermənistanda ictimai narazılığı son dərəcədə gücləndirib. Sabiq prezident Köçəryanın həbs edilməsi və sonradan azadlığa buraxılması da proseslərə yeni bir qığılcım əlavə edib. Bununla yanaşı digər sabiq dövlət başçısı Sərkisyana da ölkədən çıxmaq qadağan edilib. Vurğulanır ki, onu da Köçəryanın taleyi gözləyir. Paşinyan qondarma rejimdə saxta seçkilərin keçirilməsinə baxmayaraq orada da siyasi opponentlərini zorla hakimiyyətdən uzaqlaşdırdı. İşğalçı ölkənin baş naziri bütün bunlarla kifayətlənməyərək parlament daxilində də köhnə hesablarının haqqını güdməyə başlayıb. O, özü üçün əsas müxalifət hesab etdiyi siyasi qüvvəni “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri milyoner Qagik Sarukyana qarşı təqiblərə başlayıb. Onun toxunulmazlıq hüququnun parlamentdə ləğv edilməsini təmib edib və həbsi reallaşıb. Eyni zamanda digər opponentlərinə qarşı da Paşinyanın təqibləri başlayıb”.
Millət vəkili vurğulayıb ki, Paşinyanın zənincə keçmiş hakimiyyətin son qalıqları Konstitusiya məhkəməsində toplaşıb: "Ona görə də, baş nazir hazırda onları “tərkislah” etməyə çalışır. Paşinyan bütün siyasi opponentlərini asfalta düzüb onlara qarşı istənilən işgəncəni verəcəyi ilə hədələyir. Bu istiqamətdə onun konkret addımları da müşahidə edilməkdədir. Ermənistandakı proseslər artıq beynəlxalq aləmdə müzakirə olunur. Artıq Venesiya Komissiyası Ermənistanda baş verən proseslərlə bağlı bəyanat verib. Bu bəyanatdan da göründüyü kimi hadisələrin gedişi onu göstərir ki, Ermənistanda hakimiyyətin ayrı-ayrı qanadları arasında əlaqələndirmə və kordinasiya itməkdədir. Paşinyan artıq onun fərqindədir ki, proseslər onun taxt-tacını silkələməkdədir. İstisna deyil ki, yaxın perspektivdə Paşinyanın taxt-tacının ayaqlarının mişarlanması prosesləri başlasın. Yəni bu tendensiya Ermənistanda artıq müşahidə olunur”.
E.Nəsirov əlavə edib ki, yaxın gələcəkdə Ermənistanda siyasi kataklizmlərin yeni inqilaba, dövlət çevrilişinə gətirəcəyi istisna olunmur: "Elə bu səbədən də Paşnyan özünün müdafiə edən birləşmələri daha da gücləndirib. Baş nazir hakimiyyətini itirməyin həyəcanını yaşamaqdadır. Ermənistanda Paşinyana qarşı bütün narazı qüvvələrin birləşməsi prosesi gedir. Bu da ölkədəki hadisələrin ən mürəkkəb fazaya keçəcəyini proqnozlaşdırmağa əsas verir. Məhz bütün bunlara görə Paşinyan vəziyyətdən çıxış yolu kimi istənilən avantüraya da əl ata bilər. Bu nöqteyi-nəzərdən də hərbi əməliyyatların başlanmasına cəhd göstərməsi həmin variantlardan biri kimi nəzərdən keçirilə bilər. Amma bütün bu addımlar istənilən halda onun hakimiyyətinin qorunmasına xidmət göstərsə belə onun reallaşma əmsalı elə də böyük qiymətləndirilmir. Hər halda unutmaq olmaz ki, Paşinyanın etdiyi inqilab qansız keçsə də onun əleyhinə olan inqilab qanlı inqilab olacaq. Erməni ekspertlər də artıq belə qənaətdədirlər”.