Milli Şuranın onlayn toplantısının sosial şəbəkələrdə yayılan növbəti videosunu izlədim. Bu toplantıların videoxülasələri bəzən həddən ziyadə gülməli olur. Lider TV-nin “Kuklalar” verilişini yəqin ki, xatırlayırsınız. Bəzən adama elə gəlir ki, MŞ üzvləri o layihəni özününküləşdiriblər, bekarçılıqdan yumoristik səhnəciklər çəkirlər. Amma Qənimət Zahidin bariton səsi əslində elə olmadığını yada salır.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Milli Şuranın video-toplantısından yayılan son videoya münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, bu görüntü MŞ-dakıların hansı siyasətlə və hansı səviyyədə məşğul olduqlarına bir daha aydınlıq gətirdi:
“Siyasi fəaliyyət hansısa formada dövlətə, insanlara, ya bütövlükdə ölkə əhalisinə, ya da heç olmasa, müxalif düşərgənin öz elektoratına xeyirli, effektli olmalıdır. Qaralama, öz sözləri ilə desək, şərləmə ilə nəyəsə nail olmaq mümkün deyil. Hansısa təkliflər, ideyalar, fəaliyyət proqramları olmalıdır. Həmin hazırlanmış sənədlər hakimiyyətə təklif olunmalıdır. O halda müxalifətin fəaliyyəti pozitiv yöndə qiymələndirilə bilər. Amma biz nəyin şahidi oluruq? Videodan görünən budur ki, bu insanlara xalqın durumu, dövlətin etdiyi, gördüyü işlər maraqlı deyil, pandemiyanın gətirdiyi çətinliklərdən çıxış yolu axtarmaq heç birinin ağlının ucundan da keçmir. Məqsəd hakimiyyəti nəyin bahasına olursa-olsun şərləməkdir, görülən işləri gözdən salmaq, qaralamaqdır. Görünür, ən böyük səhvi bu məqamda etdiklərinin də fərqində deyillər”.
A.Camalqızının sözlərinə görə, bu insanlar 90-cı illərdə hakimiyyət naminə ölkəyə və xalqa qarşı hansı qəsd yolu tutmuşdularsa, indi də eyni dəst-xətti davam etdirirlər:
“Bu şəxslərin istəyi xalqa dəstək olmaq, alternativ variantlar təklif etmək, problemləri göstərib, onlardan çıxış yolunu irəli sürmək, hakimiyyətin doğru addımlarını dəstəkləmək, doğru saymadıqlarını arqumentlərlə ortaya qoymaq deyil; bu şəxslərin iş-gücünün nə olduğunu Qənimət Zahid çox yaxşı ifadə edib: “İşimiz hakimiyyəti şərləməkdir”.
Politoloq qeyd edib ki, bu şəxslərin iqtisadi və ya siyasi əsaslandırmalarla irəli sürdüyü bir təklif belə yoxdur:
“Təklifə baxın: “Biz hakimiyyətdən tələb edək ki, pandemiya ilə əlaqədar insanlara bu qədər yardım olunsun, hökumət o pulu verə bilməsin, əvəzində...” Hədəf budur: “nə təklif edək ki, hakimiyyətin onu etmək imkanı olmasın!” Əvəzində bu qaragüruh hakimiyyəti növbəti dəfə şərləmək fürsəti qazansın. Bu, əsl şər atmaq və əslində şarlatanlıqdır. Bütün dünya pandemiyanın cəngindədir, dünyanın ən nəhəng ölkələri çarəsiz vəziyyətdədir, dünya iqtisadiyyatı son bir neçə ayda 5 trilyon dollarlıq ziyan çəkib, bunlarsa insanların dərdləri üzərində “rəqs” edərək hakimiyyəti hansısa formada qaralamağa cəhd edirlər”.
Politoloq qeyd edib ki, Azərbaycan öz ümumi daxili məhsulu və imkanları ilə müqayisədə həddən artıq böyük işlər görür:
“Dünyanın 150 ölkəsi yardım üçün beynəlxalq qurumlara müraciətlər edir, yalvarıb kömək istəyir, çünki iş yerlərinin bağlanması, iqtisadiyyatın kiçilməsi, insanların gəlirsiz qalması nəticəsində ciddi böhran içərisindədirlər. Dünyanın 50-60 ölkəsi var ki, bu çətinlikdən minimum itkilərlə çıxmaq üçün öz imkanları daxilində uğurlu mübarizə aparır və gücü çatdıqca digər ölkələrə də yardım edir. Azərbaycanın məhz dünyanın o yardım istəyən 150 ölkənin deyil, ən güclü dövlətlərin sırasında olması, pandemiya ilə mübarizədə kimsəyə əl açmadan, öz imkanları ilə savaşması və gücü çatdıqca qonşulara, ehtiyacı olan ölkələrə yardım əlini uzatması qürur doğurur. Azərbaycan iqtisadiyyatı o qədər genişlənmiş, dayanıqlı vəziyyətdədir ki, bunca böyük zərbələrə tab gətirir və dözür. Bu, Azərbaycan hakimiyyətinin böyük uğurudur.
İddia edirlər ki, 190 manatlıq birdəfəlik yardım azdır, gəlin bunun iki dəfə artığını istəyək, Azərbaycan hökuməti verə bilməsin! Düşünmürlər ki, Azərbaycanın qonşularından Rusiya istisna olmaqla, heç bir ölkə öz vətəndaşına Azərbaycanın etdiyi qədər dəstək göstərə bilmir. Bəli, Azərbaycan daha yüksək məbləği verə bilərdi – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi statistika ortaya qoymuşdu, 200 min nəfərə minimum dəstək paketi təqdim etmişdi. Prezident nə etdi? 200 min nəfəri 600 minə qaldırdı! Demək, Azərbaycan sözügedən 200 min şəxsə 3 dəfə artıq dəstək ola bilərdi, ancaq Prezident İlham Əliyev daha çox insanın bu yardımdan faydalanmasını istədi və bunu da həyata keçirdi. Burda məqsəd kimlərinsə evdə oturub, komfort içində yaşaması deyil axı! Burda əsas hədəf minimal tələbatlarını ödəməklə insanların evdə qalmasına və sağlamlıqlarını qorumasına nail olmaqdır!”
Politoloq vurğulayıb ki, Azərbaycan öz imkanları daxilində addım atır və xüsusi strategiyaya sahibdir:
“190 manatlıq dəstəyin daha bir ay verilməsi barədə qərar sübut etdi ki, Azərbaycan hakimiyyəti bütün riskləri hesablayır və bəlli strategiyası, problemə kompleks yanaşması var. Pandemiya bir neçə ay çəkərsə və MŞ təfəkküründəki insanların məsuliyyətsizliyi nəticəsində koronavirus pandemiyası genişlənərsə, ciddi qadağalar tətbiq edilməsi qaçılmaz olarsa və aztəminatlı ailələrə daha bir neçə ay dəstək lazım gələrsə, onda necə olmalıdır? Bütün fors-major hallar üçün hazırlıqlı olan bir hakimiyyət, bir hökumət görürük qarşımızda. Bu hökumət aylardır gözlənilməz, hər kəsi qəfil və hazırlıqsız yaxalayan düşmənlə olduqca uğurlu bir savaş aparır: bu savaşda itkilər də var – həm iqtisadi, həm də fiziki olaraq. Əsas hədəf isə bu itkiləri minimallaşdırmaq, ən az itki verənlər sırasında olmaqdır və hazırkı göstəricilərə görə Azərbaycanın ən az itki verən ölkələrdən biri olduğunu müşahidə edirik”.
“Azərbaycanda əhalini qorumaq üçün hakimiyyət sözün əsl mənasında fədakarlıq edir, bütün yükü öz üzərinə çəkməklə insanlarımızı pandemik virusdan qorumağa çalışır” deyən A.Camalqızı bildirib ki, dövlətlərin pandemiya ilə mübarizəyə ayırdığı vəsait adətən onun ümumdaxili məhsulu ilə müqayisə edilir:
“Azərbaycan birbaşa Prezident İlham Əliyevin göstərişi ilə bu istiqamətə ümumdaxili məhsulunun 4,2 faizindən də çox həcmdə vəsait ayrılıb. Əhalisinin, ərazisinin, ÜDM-nin, təbii sərvətlərinin sayı, həcmi, səviyyəsi ilə müqayisə edə bilməyəcəyimiz böyük dövlətlərlə eyni sırada dayanır Azərbaycan. Bunu necə görməzlikdən gəlmək, qiymətləndirməmək olar? Məhz bu baxış, bu yanaşmalarının nəticəsidir ki, MŞ-dakılar artıq özlərinə qarşı ikrah yaradıblar. Bu şəxslər necə ki, Birinci Qarabağ savaşında hökumətlə birləşmək əvəzinə, hakimiyyətə gəlmək üçün parçalanmaya nail oldular və ölkəni fəlakətə sürüklədilər, eyni təfəkkürlə indi də koronavirus müharibəsindən bəhrələnmək istəyirlər. Ancaq unudurlar ki, indi qarşılarındakı Mütəllibov və Vəzirov hakimiyyəti deyil, Azərbaycan da 90-ci illərin əvvəlindəki Azərbaycan deyil: Hazırda Azərbaycan regionumuzun ən güclü ölkələrindən biri, onun lideri isə dünya miqyaslı siyasi xadimdir. Cənab İlham Əliyevin bir çağırışına artıq dünyanın 130-dan çox ölkəsi dərhal səs verir; İlham Əliyev qlobal miqyasda problemlərin həllində söz və nüfuz sahibi olan bir liderdir. Bu qədər geniş siyasi-iqtisadi düşüncə ilə yürüdülən Azərbaycanın dövlət siyasətinin qarşısına bu cür primitiv şərləmələrlə çıxmaq heç ayaq tozuna da çevrilməyə bəs eləmir”.