1 İyul 2020 15:40
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən baş redaktor qeyd edib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə güclü dövlət diqqəti və qayğısının mövcud olmasıdır:

“Bununla yanaşı, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.

Hikmət Babaoğlu Azərbaycan mətbuatının öz inkişaf tarixində zəngin, şərəfli və mürəkkəb yol keçdiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbir görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib. Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur”.

Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən Hikmət Babaoğlu əlavə edib ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər