“Bu gün Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar, nəinki Rusiya və Türkiyənin keçmiş tarixi liderləri. Məsələn, Lenin və Atatürk. Buna görə də Rusiya və Türkiyədə bu şəxslərin hakimiyyətdə olmasından istifadə edərək, biz münaqişənin həlli ilə bağlı digər çərçivələrdə də dialoqa başlamalıyıq”.
“Bakı” politoloqlar klubunun sədri, ekspert Zaur Məmmədov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü haqda nə deyə bilərsiz, belə müzakirələrlə münaqişənin həll prosesində irəliləyişə nail olmaq ehtimalı nə qədərdir?
- Biz bu kimi görüşləri illərdir görürük, yəni belə müzakirələrdən nəsə gözləmək sadəlövhlük olardı. Belə görüşlərin təşkilatçısı olan ATƏT-in Minsk qrupunun əsas məqsədi, münaqişənin alovlandırılmasına yol verməməkdir. Buna görə də bu kimi profilaktik xarakter daşıyan görüşləri təşkil edirlər. İrəvanın apardığı son siyasət də göstərir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq işğal etdiyi əraziləri qaytarmaq niyyətində deyil. Bu onu deməyə əsas verir ki, Azərbaycan bir neçə istiqamətdə iş aparmalıdır.
İlk növbədə, Türkiyə ilə hərbi-siyasi yaxınlaşma dərinləşdirilməlidir. Ərdoğanın hakimiyyətdə olmasından istifadə edərək Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağ danışıqlarına başlamalıyıq.
İkincisi, Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı müzakirələrə start vermək olar. Əlbəttə, Rusiyanın da Azərbaycandan istəkləri var. Bunlar strateji və dərin hədəflərini ehtiva edən istəklərdir.
Üçüncüsü, Qərb dövlətlərində istər kütləvi informasiya vasitələri, istər beynəlxalq təşkilatlar, istərsə də parlamentarilərlə iş aparılmalıdır. Çünki sabah Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq istəyərsə, mütləq dünyanın da buna reaksiyasını nəzərə almalıdır. Bu halda erməni lobbisi və diasporundan maliyyələşən ekspertlərin, media qurumlarının və deputatların hansı həngaməni qoparacaqları bəllidir. Müasir dövrdə müharibələr təkcə səngərdə yox, eyni zamanda informasiya məkanında, virtual dünyada aprılır. Yəni digər ölkələrlə münaqişənin nizamlanması ilə bağlı fəal danışıqlar aparmalıyıq. Unutmaq olmaz ki, müasir dövrdə müharibə etmək hüququ hər kəsdə olsa da, savaşa başlamaq monopoliyası hegemon ölkələrin əlindədir.
- Türkiyə prezidentinin münaqişənin həllindəki mümkün roluna diqqət çəkdiniz. Sizcə, Suriya və Liviyada rəqibləri qarşısında uğur qazanan Ərdoğan Qarabağda nə edə bilər? Məsələn, rusiyalı həmkarı Putini necə yola gətirə bilər?
- Söhbət həm də Rusiya və Türkiyənin Cənubi Qafqazdakı maraqlarının toqquşmasından gedir. Rusiya heç bir vəchlə Cənubi Qafqazı başqa bir dövlətə güzəştə getmək istəməz. Rusiyanın milli təhlükəsizlik konsepsiyasında da açıq şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeri göstərilir. Bu baxımdan, düşünürəm ki, bu, çox da asan olmayan, amma daha real olan məsələdir, nəinki kiminsə Ermənistanı kompromisə təhrik etməsi. Erməni xalqı bu gün də “Böyük Ermənistan” ambisiyası ilə yaşayır. Ermənilər nə Dağlıq Qarabağ, nə də ətraf rayonlarla bağlı kompromisə getmək niyyətindədirlər, əsas hədəfləri də gələcəkdə qonşu dövlətləri işğal etməkdir. Təsadüfi deyil ki, Ermənistanın gerbində Türkiyənin suverenliyində olan Ağrı dağının əksi var. Bu gün bir dövlət Rusiya, İran və Gürcüstanın ərazilərinə iddia edirsə, o zaman bu xəstə təfəkkürlü xalqdan nəsə gözləməyə dəyməz. Buna görə də biz Rusiya və Türkiyə ilə, habelə bu dövlətlərin münasibətlərinə baxaraq siyasət yürütməliyik.
Hər nə olur-olsun, bu gün Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar, nəinki Rusiya və Türkiyənin keçmiş tarixi liderləri. Məsələn, Lenin və Atatürk. Buna görə də, Rusiya və Türkiyədə bu şəxslərin hakimiyyətdə olmasından istifadə edərək biz münaqişənin həlli ilə bağlı digər çərçivələrdə də dialoqa başlamalıyıq. Çünki Rusiyada hakimiyyətlər dəyişərkən, onların xarici siyasətlərində də böyük korrektələr edilir. Tarix də göstərir ki, Rusiyada hakimiyyətdə qərbpərəst şəxslər olduqda, onlar daha ermənipərəst siyasətləri ilə seçilirlər. Amma avrasiyaçılar olduqda, onlar bir qədər türk və digər faktorları nəzərə alırlar.
Hər halda kimsə demir ki, Rusiya Cənubi Qafqazdakı geosiyasi maraqlarını dəyişəcək, Ermənistan amilini yaddan çıxaracaq. Bu, mümkün deyil. Amma müharibə başlayarsa, bizə bir sıra dövlətlərin neytral mövqedə qalması lazımdır. Bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü imkan verir ki, Ermənistan ordusunu darmadağın etsin. Belə olacağı təqdirdə, bu, Ermənistan və ermənilərə aşkar bir təzyiq vasitəsi olacaq. Ermənistan başa düşəcək ki, onun arxasında olan bəzi ölkələr müəyyən məsələlərdə onun yanında yer almayacaqlar, o zaman da özlərini danışıqlarda indi apardıqları kimi apara bilməyəcəklər.
- İsrail və Fələstin arasında ilhaq gərginliyi böyüyür. İsrail tezliklə İordan Vadisini ilhaq ediləcəyini açıqlayıb. Bu addım atılacaqmı və bu, bölgədə hansı proseslərə yol aça bilər?
- İsrail və Fələstin arasındakı münasibətlər illərdir gərgindir. Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Yaxın Şərqdə maraqlı hadisələr başladı. Əslində bu, bir çoxları tərəfindən İsrailin lehinə olan hadisə kimi başa düşüldü. Çünki onun kürəkəni və əsas köməkçilərindən biri Kuşnerin atası israilpərəst mövqeyi ilə seçilir. Biz də gördük ki, Amerikadakı bəzi qüvvələr İsrail dövləti ilə birlikdə bu münaqişədə ən radikal yollara baş vurmaq niyyətindədirlər. İordan çayının Qərb sahillərinin İsrailə ilhaq edilməsini nəzərdə tutan son layihələrdən biri də bunun göstəricisidir. BMT və dünya dövlətlərinin dəstəyi olmadan İsrail və ABŞ tərəfindən irəli sürülən bu layihənin münaqişəni daha da qızışdıracağını düşünürəm. Amma biz görürük ki, özünü Fələstinin yanında olduğunu deyən ölkələr bu kimi layihədə və siyasi cəhdlərdə maraqlıdırlar. Həmin ölkələrə az qala bütün ərəb-müsəlman dövlətləri daxildir. Heç bir ərəb ölkəsi kəskin şəkildə bu layihəyə qarşı çıxmadı.
Yalnız Türkiyə bunu qəti olaraq pislədi. Amma Səudiyyə Ərəbistanı, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, yəni özlərini müsəlman dünyasının lideri sayan dövlətlərin susqunluğu bir daha nümayiş etdirdi ki, Yaxın Şərqin ərəb ölkələri müstəqil və azad siyasət yürüdə bilən dövlətlər deyillər. Bir çox hallarda Qərbin bəzi dairələrinin onlara qarşı aparacaqları siyasətdən narahatdırlar. Söhbət o liderlərin narahatlığından gedir ki, ABŞ və İsraildə onlar haqda informasiyalar var. Həmin informasiyalardan istifadə edərək öz məqsədlərini asanlıqla reallaşdırırlar.
- Liviyada qiyamçı Haftar ordusunun məğlubiyyətini görən Rusiya bölgədəki hərbi qüvvə və texnikaların sayını artırıb. Rusiyanın bu səyləri ölkədə qarşıdurmanın miqyasını böyüdə bilərmi?
- Rusiya həmişə Liviyada böyük güclərdən biri olub. Hətta Qəddafinin dönəmində Rusiya orada böyük iqtisadi imkanlara malik idi. Amma 2011-ci ildə Qəddafi devrildikdən sonra Rusiya Liviyadan çıxarıldı. Liviyanın da Rusiyaya milyardlarla dollar həcmində borcu vardı. Buna baxmayaraq, Moskva bir müddət Liviyadakı proseslərdən kənarda qaldı. Putinin Suriyaya daxil olmasından sonra Liviya istiqamətində də ciddi şəkildə fəallaşmanı gördük. Əlbəttə, Rusiyanın məqsədi Aralıq dənizinin şərq və cənub sahillərində strateji nöqtələrə yiyələnməkdir. Unutmayaq ki, Liviya NATO-nun cənub sərhədlərində yerləşir. Əgər NATO Rusiyanın qərb sərhədlərinə qədər irəliləyibsə, Qara dəniz hövzəsini ələ alıbsa, bu da o deməkdir ki, Rusiya öz milli maraqlarını həyata keçirmək üçün ona cavab verməli idi.
Son hadisələrdə Türkiyənin Liviyada öz maraqlarını reallaşdırmaq üçün fəallaşması, Ankara və Moskvanın bu bölgədə öz istəklərini hansı şəkildə uzlaşdıracağı məsələsini gündəmə gətirir. Türkiyə haqlı olaraq Liviyada öz maraqlarını qoruyur. Çünki Aralıq dənizində İsrail, Cənubi Kipr, Yunanıstan və Fransa tərəfindən Türkiyəyə qarşı hərbi, siyasi, iqtisadi və strateji planlar hazırlanırdı. Amma Prezident Ərdoğan bu planları alt-üst etdi və haqlı olaraq, Liviyadakı legitim hakimiyyəti dəstəkləyərək, bütün dünyaya Türkiyənin maraqları ilə hesablaşmağın zəruriliyini bildirmiş oldu.
- Amma Moskva Suriyada olduğu kimi burada da dolayı yolla Ankaraya müqavimət göstərir.
- Düşünmürəm ki, Rusiya və Türkiyə Liviyada bir-birinə qarşı mübarizə aparacaqlar, əksinə, ortaq dil tapacaqlarına şübhə etmirəm. Bu baxımdan, gələcəkdə Haftarın dəstəklənməməsi də gündəmə gələ bilər. Çünki Türkiyə Liviyanın milli hökumətini sonadək dəstəkləyəcək. İndi Moskvanın əsas məqsədi Haftarın dəstəklənməsi deyil, oradakı strateji bölgələr və enerji yataqları üzərində hakimiyyəti əldə etmək, bunları digər ölkələrə verməməkdir.
Biz bu gün Suriya və İraq kimi Liviyanın da böyük güclər tərəfindən bölüşdürülməsinin şahidiyik. Bunun da əsasını Fransa və ABŞ kimi dövlətlər 2011-ci ildə qoyublar. Əlbəttə, bu ölkələr də oradakı neft yataqlarında pay sahibi olacaqlar. İndi də İtaliya, Fransa, Rusiya, ABŞ və digər dövlətlərin məqsədi də bu neft yataqlarına yiyələnməkdir.
- ABŞ bir neçə gündür İrana gizli nüvə fəaliyyətini davam etdirməsi haqda müxtəlif səviyyələrdə xəbərdarlıq edir, hədələr ünvanlayır. Sizcə, belə bir gizli fəaliyyət varmı, İran bu silahı əldə edə biləcəkmi?
- Son proseslər onu göstərir ki, hadisələrin hansı istiqamətdə getməsindən asılı olmayaraq, İranın əsas məqsədi nüvə silahına yiyələnməkdir. İran nəyin bahasına olur-olsun bu istiqamətdəki işləri davam etdirəcək. COVID-19 pandemiyasının ortaya çıxması İran məsələsini ikinci dərəcəli etsə də, gələcəkdə İslam Respublikası ətrafında gedən proseslər ciddi maraq doğuracaq. Təsadüfi deyil ki, bu gün Qərb tərəfindən təzyiqlərə məruz qalan İran və Çin arasında yaxınlaşmanın şahidiyik. Hər iki ölkə bu təzyiq və sanksiyaları dəf etmək üçün ikitərəfli münasibətləri inkişaf etdirirlər.