Teleqraf.com saytının suallarını iyunun 30-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan Ağ Partiyasının sədri Tural Abbaslı cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Tural bəy, iyulun 1-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşmüsünüz. Əvvəlcə, bu görüşlə bağlı məlumat verməyinizi xahiş edirik.
– Üç siyasi partiyanın – Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından sonra zəng gəldi. Zəng zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bizimlə görüşmək istədiyi bildirildi. Biz dəvəti qəbul etdik.
Görüş ötən dəfə olduğu məkanda, yəni “Respublika” hoteldə baş tutdu. Hotel Prezident Administrasiyasının yaxınlığında yerləşir. Görüş xüsusi karantin rejiminin tələbləri çərçivəsində keçirildi. Belə ki, görüş zamanı ara məsafənin qorunmasına riayət edildi. Görüşün keçirildiyi məkan elə tənzimlənmişdi ki, həm ara məsafəsi qorunur, həm də qoruyucu maskalardan istifadə olunurdu. Eyni zamanda biz bir gün öncədən koronavirusla bağlı test də vermişdik. Bilirsiniz ki, administrasiyanın rəhbər şəxslərinin dövlət başçısı ilə birbaşa ünsiyyətləri olduğu üçün pandemiya ilə bağlı məsələlərə daha diqqətli yanaşırlar. Bizim testin nəticəsi neqativ çıxmışdı.
Ədalət Vəliyev bildirdi ki, görüşün məqsədi daha çox partiya sədrlərini qeydiyyatla bağlı təbrik etməkdir. Həm öz adından, həm də ölkə başçısının adından bizi qeydiyyatla bağlı təbrik etdi. Həmçinin görüş zamanı digər ictimai-siyasi proseslərlə, elan olunan islahatların, dəyişikliklərin davam edəcəyi ilə bağlı fikirlərini bildirdi.
Atacaqları bəzi addımlarla bağlı bizi məlumatlandırdı. Artıq atılmış bəzi addımlarla, görülmüş bəzi işlərlə bağlı məlumat verdi. Biz də öz növbəmizdə bir sıra fikirlərimizi bildirdik. Görüş ümumilikdə bir saatdan bir qədər artıq davam etdi. Görüşün məqsədi partiyaların qeydiyyatı ilə bağlı təbrik xarakteri daşıdığı üçün daha detallı məsələlərə gedilmədi və hansısa məsələ haqqında daha geniş, ətraflı diskussiya olmadı. Ümumi fikir mübadiləsi aparıldı. Biz də fikirlərimizi bildirdik.
Bununla da görüş yekunlaşdı. Düşünürəm ki, həm qediyyatla bağlı qərarın verilməsi, həm də görüş pozitiv keçdi. Artıq illərdir ki, süni problemlərlə uzadılan qeydiyyat məsələsinin həllini tapmasını, siyasi partiyalara dövlətin diqqətinin artmasını və partiyaların siyasi səhnədə rolunun gücləndirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirirəm. Çünki çoxpartiyalı sistemin inkişafının, demokratik cəmiyyət qurmağın başqa yolu da yoxdur. Yəni təkpartiyalı sistemlə demokratik cəmiyyət qurmaq olmaz. Biz görüşü müsbət qiymətləndirdik. Artıq illərdir ki, bizim üçün yaradılan süni problem həll olunduğu üçün təşəkkürümüzü bildirdik. Qeyd olundu ki, gələcəkdə ayrı-ayrı partiyalarla müxtəlif formatlarda görüşlər keçiriləcək və fikir mübadiləri aparılacaq. Bildirildi ki, hakimiyyətin elan etdiyi bu islahatlar qarşılıqlı fikir mübadiləsi və məsələhətləşmələrlə davam edəcək.
Biz ümid edirik ki, bunlar real islahatlar olacaq, kampaniya xarakteri daşımayacaq. Yəni protokol xəttində olmayacaq.
– Partiyanın adının dəyişdirilməsi məsələsinə münasibət bildirməyinizi istərdik. Bu addımın atılması hansı zərurətdən irəli gəldi?
– Bizim partiya Vahid Azərbaycan Partiyası kimi 1993-cü ildə qeydiyyatdan keçib. Bilirsiniz ki, Azərbaycanda 54 siyasi partiya var və bunların demək olar 40-a yaxını faktiki olaraq fəaliyyətsizdir. Keçmiş partiyamızdan ayrıldıqdan sonra özümüz üçün bir fəaliyyət planı quranda Vahid Azərbaycan Partiyasına üzv olduq.
Yəni sənədləşmə, qeydiyyat məsələləri indikindən də ağır idi. Biz düşündük ki, qeydiyyatı olan bir partiyaya üzv olaq. Bu partiyanın fəaliyətini artıraq, proqramını yeniləyək və bu istiqamətdə davam edək. Yəni yenidən qeydiyyat problemlərilə qarşılaşmayaq. Elə də etdik. Vahid Azərbaycan Partiyasına üzv olduq. Bir müddət sonra partiyanın qurultayını hazırladıq və keçirdik. Qurultaya hazırlıq müddətində qərara alındı ki, partiyanın adı dəyişdirilsin. Çünki biz ideoloji baxımdan sağ-mühafizəkar və milli-mənəvi dəyərlərə istinad edən bir partiyayıq. Həm də belə deyək, bir siyasi marketinq baxımından Ağ Partiya dedikdə təmizliyimiz, gəncliyimiz barədə mesaj vermiş oluruq.
Həmçinin Türkiyədəki AK Partiya ilə eyni ideologiyada olduğumuzu bir mənada nümayiş etdirmək üçün bu adı seçmişik. Siyasətdə atılan hər addım hədəfə, məqsədə yönəlməlidir, gözəl görünməsi üçün deyil. Yəni bütün bu nüanslar nəzərə alınıb. Eyni zamanda bizim partiyanın nizamnaməsi 1993-cü ildə qəbul olunmuşdu və artıq Azərbaycan siyasi səhnəsinin reallıqları, şərtləri dəyişmişdi. Həmin nizamnamə bugünkü reallığa cavab vermirdi. Biz partiyanın əvvəlki nizamnaməsini və proqramını da dəyişdik, müasir siyasi arenaya uyğunlaşdırmaq qərarı verdik. Partiya rəhbərliyində olanların böyük əksəriyyəti yaşlı insanlar idi, hətta sədr də daxil olmaqla, böyük əksəriyəti dünyalarını dəyişmişdilər.
Biz normal qaydada Ədliyyə Nazirliyinin öhdəliklərini icra edərək, onları da qurultayımıza dəvət etdik. Qurultayımızı keçirdik və sənədlərimizi nazirliyə göndərdik. Amma 4 il müxtəlif bəhanələrlə bizi qeydiyyatda almaqdan imtina etdilər. Məsələn, burda nöqtə qoyulmayıb, burda filan söz düz yazılmayıb, burda abzas düz qoyulmayıb. Bu cür səbəblərdən partiyanın proqram və nizamnaməsinə edilən dəyişikliyi qeydiyyata almaqdan imtina edirdilər.
Biz Ədliyyə Nazirliyinə 15-16 dəfə sənəd göndərmişik, sonra onları geri almışıq. Halbuki, qanuna görə biz sənədləri göndərəndən sonra bir dəfəyə bütün çatışmazlıqlar qeyd olunmalı idi. Məsələn, 10 maddədə yanlışlıq var, bunları düzəldin. Amma bunlar bizə hər dəfə bir bəhanə qoyurdular. Hətta, elə anlar olurdu ki, nə dediklərini belə biz anlamırdıq, yenidən məktub yazırdıq ki, burda nə demək istəmisiniz, iradı başa düşmürük. Bir nəfərlə də canlı ünsiyyət qura bilmirdik. Sonra hakimiyyət islahatları elan edəndə, biz Ədalət Vəliyevlə birinci dəfə görüşəndə maddələrdən biri kimi qeyd etdik ki, Vahid Azərbaycan Partiyası və Ağ Partiya mediada və cəmiyyətdə qarışıqlıq yaradır. Bu məsələnin həlli istiqamətindıə addım atılmasını xahiş etmişdik. Görünür ki, bu xahişimiz nəzərə alınıb və bu istiqamətdə addımlar atılıb. Sağ olsunlar.
– Bir məqamı dəqiqləşdirək; Ağ Partiya, yoxsa Ağ Partiyası?
– Biz əslində cəmiyyətə özümüzü Ağ Partiya kimi təqdim etmişdik. Sözün tələffüzü, orfoepiyası, qulaqda səslənişi Ağ Partiya kimi daha uyğundur. Amma qanunvericiliyə əsasən Ağ Partiyası yazılmalıdır. Məsələn, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, yaxud Milli Demokrat Partiyası. Bunların adı qanunvericiliyə tam uyğundur. Ağ Partiya sözü isə qanunvericiliyin tələblərinə uyğun gəlmir.
Burada “partiyası” sözü olmalıdır. Çünki partiyanın adı “ağ”dır. Yaxud biz deyirdik ki, partiyanın adının qısa forması, yəni abbreviaturası yoxdur. Amma qanunun tələblərinə əsasən məcburən “AĞP” yazılmalıdır. Yəni bəzi məsələlər var ki, onlar bizdən asılı deyil. “Siyasi partiyalar haqqında” qanunun tələbləri var, o tələblərə uyğun partiyanın rəsmi adı Ağ Partiyasıdır.
– Bəzi siyasi partiyalar görüşlə bağlı onlara ünvanlanan təkliflərdən imtina edib. Sizin bu məsələyə baxışınız necədir?
– Əvvəla onu qeyd edim ki, təklifləri imtina və ya qəbul etməkləri onların seçimidir. Hər partiyanın strukturu var. Biz onlara müdaxilə, qərarlarını təftiş etmək fikrində deyilik. Amma bizim özümüzə gəldikdə niyə də qəbul etməyək? Biz siyasi partiya, hazırkı iqtidarın rəqibi, opponentiyik. Biz bu hakimiyyətlə bir masa arxasında oturub fikir mübadiləsi, debat, müzakirə, rəqabət aparmayacağıqsa, kimlə aparacağıq, bir masa arxasında əyləşib simvolik desək dalaşmayacağıqsa kimlə dalaşacağıq?
Yəni bizim tərəf müqabilimiz indiki iqtidardır. Bizim üçüncü tərəf müqabilimiz yoxdur. Biz onlarla oturmalı, debat, müzakirə aparmalıyıq. Hansı normal ölkədə deyilə bilər ki, müxalifət partiyası iqtidar partiyası ilə bir masa arxasında əyləşib diskussiya aparmaqdan imtina edir? Dünya praktikasında belə bir hal yoxdur. Yəni sən nə qədər kəskin münasibət bəsləsən də, qarşı-qarşıya oturub opponentinə sözünü deməli, iradlarını bildirməlisən, çünki sənin rəqibin odur. Bu baxımdan şəxsən mənim üçün dəvətin qəbul olunmaması anlaşılmazdır. Amma indi özləri bilər.
Biz düşünürük ki, əgər Amerika, Fransa, İtaliyanın, yaxud digər ölkənin səfirinin dəvəti ilə oturub Azərbaycanın siyasi məsələləri müzakirə olunursa, öz dövlətimizlə niyə oturub müzakirə etməyək? Biz iqtidarı tənqid edə bilərik, amma faktiki olaraq iqtidar odur və biz onunla oturub sözümüzü deməliyik. Onsuz da biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəndə onlar deyirlər ki, biz sizin iradlarınızı Azərbaycan hökumətinə çatdırarıq. Yaxşı, onlar bizim dediklərimizi hökumətə çatdıracaqlarsa, özümüz niyə birbaşa çatdırmayaq ki? Niyə mənim sözümü Amerika səfiri deməlidir? Özümüz birbaşa deyək də. Onlar da cavablarını birbaşa bizə desinlər.
Əslində belə də olmalı idi. Bu görüşlərin keçirilməsi Azərbaycan üçün yenilikdir. Dünyada onsuz da bələdir. Azərbaycan hökuməti də bizimlə oturmalıdır. Müxalifət də polislə, prokurorluqla yox, siyasi rəqibi ilə ünsiyyətdə və rəqabətdə olmalıdır. Dialoq, bir masa arxasında əyləşmək eyni fikrə gəlmək, eyni mövqeni müdafiə etmək deyil. Dəyirmi masada oturacaqsan, razı olmadığın məsələlərlə bağlı iradlarını deyəcəksən, onlar da öz iradlarını sənə bildirəcəklər. Bu çəkişmənin nəticəsində də xalq seçimini edəcək. Yəni biz belə başa düşürük. İndi kimlərsə necə başa düşürsə, bu da onların öz işidir, özləri bilər.