8 İyul 2020 13:03
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığı, bunun sadəcə olaraq, ATƏT-in Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərdiyinə dair fikirləri birbaşa həmsədrlərə verilmiş mesaj kimi qəbul olunmalıdır. Ermənistanın işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparması və ATƏT-in bu məsələdə susqun mövqeyi qəbuledilməzdir və Prezidentin də bu məsələ ilə bağlı iradları kifayət qədər əsaslıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasına politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, ATƏT-in axırıncı faktaraşdırıcı missiyasının işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olması, bu müddət ərzində Ermənistanın Suriyadan və başqa yerlərdən erməniləri kütləvi şəkildə işğal edilmiş ərazilərimizdə məskunlaşdırmasına, şəhərlərimizin tarixi adlarının dəyişdirilməsinə, torpaqlarımızda kilsələr tikməsinə və digər bu cür neqativ hallara münasibətdə susqunluğu onu deməyə əsas verir ki, Minsk qrupu yalnız və yalnız danışıqların imitasiyası ilə məşğuldur:

"Lakin cənab Prezidentin də dediyi kimi Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Minsk qrupundan gözləntilərimiz də mənasız danışıqları bir tərəfə qoyub real addımlar atması istiqamətindədir. Əks halda mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq və işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində addımlar döyüş meydanlarında atılacaq”.


Müəllif: Aysel Azad