8 İyul 2020 17:41
3 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir insan sözsüz ki, müəyyən dövrdən sonra düşünüb özünün hərəkətlərinə qiymət verməlidir. Surət Hüseynov hərbi qiyam qaldırdı və bunun nəticəsində milli hökumət devrildi. Sonra isə o, baş nazir oldu. Amma bununla kifayətlənmədi və növbəti hərbi qiyam zamanı Surət Hüseynov həbs edildi. Uzun müddət həbsdə qaldıqdan sonra azad edildi. İndi o dövrdə baş verənlər içərisində müsbət şeyləri öz adına, mənfi halları başqasının adına yazmaq, bir qədər də ədəbsiz formada o dövrün hakimiyyətini söymək kişilikdən deyil.

Bu sözləri Aydınlar Partiyasının sədri, keçmiş deputat Qulamhüseyn Əlibəyli son günlər fəallaşan sabiq baş nazir Sürət Hüseynovun məqsədlərini Teleqraf.com-a şərh edərkən deyib.

Qulamhüsey Əlibəyli hesab edir ki, Surət Hüseynovun fəallaşması təsadüfi deyil:

“Zaman keçdikcə, hakimiyyət möhkəmləndikcə və hakimiyyətdə yumşalmalar baş verdikcə "beşinci kolon" adlandırdığımız şəbəkənin üzvləri fəallaşır. Mən Surət Hüseynovun fəallaşmasını bu amilə bağlayardım. “Ay belə qəhrəman olmuşam, qoymadılar hərəkət edim” deməklə insanlar ona inanmaz. Sən bir ildən çox baş nazir vəzifəsində olmusan. O zaman bacardığını edərdin. Əgər edə bilməmisənsə, əvvəllər işlədiyin hakimiyyəti niyə söyürsən?”.

Partiya sədri ehtimal edir ki, Surət Hüseynovun fəallaşması xarici faktorla bağlıdır:

“Əslində elə xarici faktorlar Surət Hüseynovun bu mərtəbəyə çıxmasına səbəb olmuşdu. İndi də yəqin Surəti qoymurlar oturub rahat yaşasın, deyirlər ki, çıx, danış. Surət də danışır. Deyərdim ki, “beşinci kolon”un nümayəndələrinin fəallaşması Azərbaycana təzyiq məqsədi daşıyır. Bəlkə də bu fəallaşma ilə onların ağaları Azərbaycandan nəsə almaq və ya Azərbaycanın siyasətində nəyisə dəyişdirmək istəyirlər”.


Müəllif: Cavad