Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə özünün “Facebook” səhifəsində məlumat yerləşdirib:
“Xəstələndim. 11 gün yüksək temperatur, bütün immun sistemimin bu gözəgörünməz düşmənlə amansız mübarizə apardığı günlər arxada qalır. Uca Allahın izni ilə bərpa zamanı gəlir, vaxt yoxdur, çox iş var”.
Ç.Aydarbekov nazirlik əməkdaşlarının epidemiya zamanı bütün ehtiyacı olan vətəndaşlara vaxtında kömək etməyə müvəffəq olmadıqlarını söyləyib, lakin əmin edib ki, diplomatlar əllərindən gələni edirlər.
“Xarici İşlər Nazirliyinin mərkəzi aparatındakı həmkarlarıma, bütün diplomatik nümayəndəliklərin rəhbərlərinə fədakar, səmimi işlərinə görə təşəkkür edirəm. Diplomatlar öz işlərini vicdanla, səmimiyyətlə, özlərini piar etmədən edirlər. Bəziləri xəstə ola-ola, uzaqdan xidmət edirlər, amma hamısı zamanın ağırlığına tab gətirirlər. Əminəm ki, biz koronavirusu məğlub edəcəyik”, – deyə nazir vurğulayıb.