“Hesab edirəm ki, Türkiyənin Azərbaycana bu dəstəyi Rusiyanı düşündürəcək. Bununla Moskvaya o mesaj da verildi ki, Suriya və Liviyadan sonra Cənubi Qafqazdakı bu məsələ Türkiyə və Rusiyanı toqquşmağa vadar edən üçüncü nöqtə ola bilər. Qənaətimə görə, üçüncü cəbhədə Türkiyə ilə üz-üzə gəlmək Rusiya üçün çətin olacaq”.
Politoloq Ramiyə Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Artıq İrəvanın ritorikasında yumşalma var. Sonuncu bəyanatlarında sülh, dialoq istədiklərini bildirdilər. Maraqlıdır ki, Azərbaycana qarşı təxribata əl atanda nə gözləyirdilər?
- Ermənistanın Tovuz istiqamətindən Azərbaycana xain hücumunun nəticələri göz qabağındadır. On iki şəhid verdik, amma işğalçının itkiləri daha çoxdur. Bunu sadəcə olaraq gizlədirlər. Bu itkilər isə hər dəfə təxribata əl atdıqca daha da artır. Ermənistan bu dəfə də Azərbaycanın gücünü aşkar şəkildə gördü. Təkcə hərbi yox, həm də dünyadakı diplomatik gücünü də bildilər. Gördük ki, İsrail, Türkiyə, Pakistan, Ukrayna, Səudiyyə Ərəbistanı və digər bölgə dövlətləri Azərbaycana tərəf çıxdılar, Ermənistanın təcavüzkar siyasətini pislədilər. Təxribatı işğal bölgəsində yox, sərhədboyu ərazilərdə törətdiyinə görə qınaq obyektinə çevrildi. Ermənistan bu dəstəyi və itkilərinin sayının artdığını görərək, geri çəkilir. Digər yandan, erməni cəmiyyətinin nümayəndələri də sosial şəbəkələrdə döyüşmək istəmədiklərini bildirirlər. Artıq bu savaş ermənilər tərəfindən qəbul olunmur, beziblər. Müharibə durumu ilə yanaşı, Ermənistan daxilindəki sosial-iqtisadi böhran erməniləri pis vəziyyətdə qoyub. COVID-19 pandemiyasından sonra Ermənistanın vəziyyəti birə-beş pisləşib.
Ermənilər Tovuz istiqamətində başlatdıqları təcavüzün onlara baha başa gəldiyini və gələcəyini gördülər. Rusiyaya güvənib bu təxribata əl atdılar. Rusiya isə bu gözləntini doğrultmadı. Tək Rusiya yox, Ermənistanın güvəndiyi digər dövlətlər də səslərini çıxarmadılar, üstəgəl onu qınadılar. Ermənilər də Paşinyanın yürütdüyü siyasətin nə qədər yanlış olduğunu gördülər. Vəziyyətin çətinliyini anlayan və əli hər yerdən üzülən Ermənistan rəhbərliyi indi də BMT-yə şikayət etməyə başlayıb. KTMT-nin toplantısı üçün Belarusa gedən Paşinyanın oradan da nə isə gətirəcəyini düşünmürəm. Buna görə də yumşalmaya getməyə məcbur olublar. Artıq döyüşlərin dayandırılmasını, diplomatik masa arxasında əyləşməyi istəyirlər.
Hesab edirəm ki, Azərbaycan tərəfi nəticəsiz danışıqlara getməməlidir. Çünki 30 ildir bu danışıqlar gedir və heç bir nəticəsi yoxdur. Biz indiki prosesdə irəli gediriksə, bunu davam etdirməliyik. Əlbəttə, biz sülh istəyən xalqıq və torpaqlarımızı dinc yolla azad etmək istəyirdik. Lakin gördük ki, burada sülh məsələsi rol oynamır. Fikrimcə, döyüşləri davam etdirib axıra qədər getməliyik. Məsələni bitirməli, torpaqlarımızı işğaldan azad etməliyik, lazım olsa, bayrağımızı İrəvanın mərkəzindən asmalıyıq. Qənaətimə görə, bu məsələnin diplomatik yolla həlli ehtimalı sıfırdan aşağıdır. Mənə elə gəlir ki, başladığımız nöqtədən axıradək getmək lazımdır.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) niyə Ermənistanın çağırışlarına müsbət cavab vermədi?
- KTMT-nin bu çağırışa müsbət reaksiya verməyəcəyi əvvəlcədən bəlli idi. Çünki həmin ittifaqda təmsil olunan dövlətlərin bu məsələyə münasibəti birmənalı deyil. KTMT-nin əsas gücü Rusiyadır, o da bu dəfə Ermənistana dəstək vermədi. Digər dövlətlər də belə bir dəstək bəyanatı ilə çıxış etmədilər. Türkiyənin Azərbaycana verdiyi yüksək səviyyəli dəstək fonunda Rusiyanın susqunluğu maraq doğurdu. Digər yandan, Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan dövlətlər bölgədə Azərbaycan kimi böyük potensialı olan bir dövləti itirmək istəməzlər. Həmin ölkələr Azərbaycanın regionda həyata keçirdiyi nəhəng layihələrdə maraqlıdırlar. Başqa sözlə, heç vaxt güclü Azərbaycanı heç bir potensialı olmayan Ermənistana dəyişməzlər.
Eyni zamanda, KTMT-nin eyni cəbhədə savaşa biləcək hərbi blok olduğunu düşünmürəm, onun belə bir gücü yoxdur. Bu, daha çox iqtisadiyönümlü və müəyyən məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün nəzərdə tutulan platforma təsirini bağışlayır. Buna görə də, KTMT-nin bu məsələdə neytral mövqedə dayanacağı Ermənistanın hesaba qatmadığı bir faktor idi. Bunun da cavabını aldı.
- İran bir neçə gündür tərəflər arasında vasitəçilik etmək istəyini dilə gətirir. Vaxtilə bir dəfə “vasitəçilik” etdi, onda da Şuşanı itirdik. Bəs indi İrana güvənməliyikmi?
- Biz bilirik ki, İran həmişə Ermənistanı dəstəkləyən bir dövlətdir. Ermənistana investisiya yatıran İran xarici siyasətində də Ermənistanın yanındadır. İranda 50 milyondan çox azərbaycanlının yaşamasına baxmayaraq, hər zaman işğalçının yanında durub. Siyasi-iqtisadi yardımlar edib, sərhədlərini həmişə onun üçün açıq saxlayıb. Bunların hamısı hər kəsə bəllidir. Hər zaman İranın ikili oynadığını görmüşük. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, digər yanda işğalçıya qucaq açıb, Tehranda onun dövlət rəhbərlərini ən yüksək səviyyədə qəbul edib. Hazırda tərəflər arasındakı diplomatik münasibətlər və iqtisadi əlaqələr də yüksək səviyyədədir. İran Dağlıq Qarabağda savaş zamanı belə Ermənistanı özünə yaxın saxladı.
Cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra dünyanın digər dövlətlərində olduğu kimi İranda yaşayan azərbaycanlılar da ayağa qalxaraq, Azərbaycana dəstək nümayiş etdirdilər. Bu hərəkətlilikdən ehtiyat edən İran hökuməti bəyanat verərək, növbəti dəfə vasitəçilik təklifini irəli sürdü. Lakin mən İranın vasitəçilik niyyətində səmimi olduğuna inanmıram. Bunun bizə xeyri ola bilməz, yenə də ümumi işin ziyanına addımlar atacaq, ikili yanaşma sərgiləyəcək. İranın Azərbaycanı sevən bir dövlət olduğunu düşünmürəm. Bu baxımdan, İranın bu təklifinin qəbul olunacağına inanmıram. Bu mümkün deyil, çünki onun hansı mövqedə durduğu və nə istədiyi bəllidir.
- Türkiyənin son proseslərə münasibətini necə qiymətləndirirsiniz, vəd etdiyi kimi, savaş başlasa, hərbi qüvvələri ilə Azərbaycanın yanında olacaqmı?
- Türkiyə yeganə dövlətdir ki, təxribatın davam etdiyi dövrdə Azərbaycana dəstək verir. Bir gün ərzində Türkiyənin yüksək rütbəli şəxsi dəstək bəyanatı verdi. Əvvəlcə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT”də canlı yayıma çıxaraq, Ermənistana xəbərdarlıq etdi, ağlını başına yığmağı tövsiyə etdi. Açıq şəkildə bildirdi ki, savaş başlasa, Türkiyə Azərbaycanın yanında yer alacaq. Ondan sonra Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın eyni tonda Ermənistana xəbərdarlıq etdi. Habelə Müdafiə naziri Hulusi Akar da bu məsələyə ciddi münasibətini ortaya qoydu. Hər üç şəxs Türkiyənin Azərbaycanın yanında olduğunu işğalçıya xatırlatdı. Ertəsi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana dəstəyini nümayiş etdirdi.
Hesab edirəm ki, bu məsələnin həllində Türkiyənin Azərbaycana böyük dəstəyi var. Hazırda əvvəllər olmadığı kimi türk mediası da Ermənistan-Azərbaycan münaqişəsinə yer ayırır – mətbuatda yazılar dərc olunur, telekanallarda proqramlar yayımlanır. Məsələnin əsl mahiyyəti türk ictimaiyyətinin diqqətinə ən obyektiv şəkildə çatdırılır. Demək lazımdır ki, Türkiyə Suriya və Liviyada öz gücünü göstərdi, sözünü dedi. Əslində Türkiyənin bu bəyanatları Rusiyaya ismarış idi. Gözlənilirdi ki, Rusiya bu dəfə də Ermənistana dəstək verəcək. Hesab edirəm ki, Türkiyənin bu dəstəyi Rusiyanı düşündürəcək. Bununla Moskvaya o mesaj da verildi ki, Suriya və Liviyadan sonra Cənubi Qafqazdakı bu məsələ Türkiyə və Rusiyanı toqquşmağa vadar edən üçüncü nöqtə ola bilər. Üçüncü cəbhədə Türkiyə ilə üz-üzə gəlməsinin Rusiya üçün çətin olacağını düşünürəm. Türkiyənin buradakı iştirakının Rusiya üçün çəkindirici amil olacağını istisna etmirəm.
Türkiyə Azərbaycana hərbi dəstək verməkdən çəkinməyən qardaş dövlətdir. İndiyədək onun verdiyi hər söz yerinə yetirilib. Bu baxımdan, Türkiyənin verdiyi sözün arxasında duracağı labüddür. Biz Türkiyəyə hər bir dəstəyinə görə minnətdarıq, ancaq Azərbaycanın özü də gücsüz dövlət deyil. Üçüncü qüvvə olmasa, Azərbaycan tez bir zamanda öz gücü hesabına Ermənistanın paytaxtına öz bayrağını asa bilər.