22 İyul 2020 14:53
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni lobbisinin və ermənipərəst qüvvələrin daha aktiv olduğu bir ölkədə Azərbaycanla bağlı haqlı mövqenin səsləndirilməsi və qəbul edilməsi olduqca böyük əhəmiyyətə malik hadisədir. Çünki hər kəs bilir ki, ABŞ Konqresinin Azərbaycanla bağlı düzgün qərarlar qəbul etməsinə maneə olan qüvvələr hansı dövlətin maraqlarına xidmət edir. Amma bütün bunlara baxmayaraq ABŞ Konqresi nəhayət Azərbaycan, Qarabağ həqiqətlərini qəbul və etiraf etdi, Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu rəsmən ortaya qoydu. Bu, Azərbaycan Prezindenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində əldə edilən önəmli uğurlardan biri kimi tarixə düşdü.

bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Deputat bildirib ki, ABŞ Konqresinin Qaydalar komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu dövründə əldə edilən böyük uğurlardan biridir.

Onun sözlərinə görə, 1993-ci ildə BMT Təhlükəsizlik Şurasında, 2000-ci illərin ortalarında Avropa Şurası Parlament Assambleyasında, o cümlədən son illərdə Avropa Parlamentində qəbul edilən qətnamələrdən sonra bu, ən önəmli siyasi-diplomatik qələbədir.

Jalə Əliyeva qeyd edib ki, ABŞ-dan sonra ATƏT-in digər həmsədr ölkələri də öz qanunverici orqanları səviyyəsində Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu etiraf edən və tanıyan qərarlar, qətnamələr qəbul edəcəklər:

“Sonda həqiqət etiraf edildi, rəsmi şəkildə bəyan olundu. Bu qərar digər həmsədr dövlətlərə, o cümlədən beynəlxalq təşkilatlara, aparıcı ölkələrə də təsirsiz ötüşməyəcək. Çünki bugünkü reallıqlar bunu tələb edir. Artıq heç bir beynəlxalq təşkilat emənilərin uydurduqları yalanlara inanmır və onların iddiası rədd edilir. Dünya gec də olsa reallıqları gördü və Azərbaycanın haqq səsi nəhayət ki, aparıcı gücə malik olan dövlətlərin qanunverici orqanlarında qəbul edildi. Erməni yalanları ilə yüz illərdir dünya ictimaiyyətini aldadan lobbiçilər artıq faktlarla hesabat verməli olacaqlar. İndi başqa reallıqlar meydana çıxıb, işğalçı artıq öz adı ilə çağırılır”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın son dönəmlərdə əldə etdiyi uğurların ölkəmizlə bağlı tarixi reallıqların da qəbul edilməsinə zəmin yaradacağı şübhəsiz idi.


Müəllif: Tapdıq Qurbanlı