27 İyul 2020 13:40
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri davam edir.

Teleqraf.com-un məlumatına görə, növbəti görüş Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə keçirilib. Ölkədə iqtidar-müxalifət dialoqunun davamı, yeni siyasi sistemin inkişafı, siyasi mədəniyyətin təşəkkülü fonunda keçirilən bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, COVİD-19 pandemiyası, siyasi partiyaların fəaliyyəti, ölkədə korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, Ermənistanın 30 ilə yaxın işğal siyasəti, eləcə də iyul ayının 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Ermənistanın təcavüz siyasətinə qarşı ölkəmizdəki bütün siyasi qüvvələr həmrəy olmalıdır. Mövcud sağlam siyasi mühitin nəticəsidir ki, 43 siyasi partiya birlikdə, 4 siyasi partiya isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləmiş və ölkəmizin bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşdiklərini bəyan ediblər. Həmçinin, dünya azərbaycanlıları tərəfindən ABŞ-da, Belçika, Niderland, Fransa, Almaniya və digər ölkələrdə Azərbaycana dəstək mitinqlərində ermənilərin müxtəlif təxribatlara əl atmaları onların terror, faşist siyasətinin təmsilçiləri olmasını bir daha göstərib.

Bundan əlavə, dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlə yüksək qiymətləndirilib. Ə.Vəliyev bildirib ki, qısa müddət ərzində ölkəmizdə yeni 10 modul tipli xəstəxanaların açılışı, xüsusi tibbi avadanlıqlarının ölkəmizə gətirilməsi, maska və dezinfeksiya məhsullarını istehsal edən müəssisənin açılışı yoluxmanın minimal səviyyədə saxlanılmasına böyük təsir göstərib. Həmçinin, sərt karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə iqtisadiyyatı və vətəndaşların sosial rifahının dəstəklənməsi naminə 3,5 milyard manatlıq sosial-iqtisadi proqram icra edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir sıra beynəlxalq təşkilatlarının videokonfrans vasitəsi ilə zirvə görüşləri keçirilir. Təsadüfi deyil ki, məhz Azərbaycanının BMT-nin xüsusi sessiyasının çağırılması ilə bağlı təklifi dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib.

A.Şakiroğlu ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinini formalaşması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini qətiyyətlə pisləyib və əlavə edib ki, bütün siyasi qüvvələr ümummilli məsələlərdə hər zaman bir yerdə olmalıdır.

Ölkədə yeni siyasi konfiqurasiyanın qurulmasında, siyasi partiyaların fəaliyyətinin daha da səmərəli olması üçün “Siyasi partiyalar haqqında” Qanun ətrafında da müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, partiyaların hesabatlılığı, qeydiyyat məsələləri, fəaliyyəti və digər məsələlər qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Yeni siyasi sistemin formalaşmasında bu qanunvericiliyin təkmilləşdirilməsinə də böyük ehtiyac var.

Siyasi dialoqun nəticəsi kimi son bir neçə ay ərzində ölkəmizdə 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən qeydiyyata alınmasını müsbət hal kimi qiymətləndirən A.Şakiroğlu yaxın bir dövrdə Partiyasının Qurultayının keçirilməsini planlaşdırdığını qeyd etmiş və qeydiyyat məsələsinin müsbət həll olunacağına ümid etdiyini söyləyib.

Bundan əlavə bildirilib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin, Milli Məclisin sədri və parlamentdə təmsil olunan siyasi partiyaların iştirakı ilə keçirilmiş videokonfrans siyasi dialoqun inkişafına çox müsbət təsir göstərib. Bu tip tədbirlərin gələcəkdə daha geniş formatda və daha çox partiyaların iştirakı ilə keçirilməsi yeni siyasi sistemin inkişafına dəstək olacaq.

Görüşdə həmçinin ölkədə siyasi dialoqun geniş inkişafı, siyasi mədəniyyətin yüksəlməsi, sağlam iqtidar-müxalifət münasibətlərin formalaşması, qanunvericilik hakimiyyətində siyasi partiyaların təmsilçiliyi və digər sahələr üzrə səylərin artırılması və davamlı olması üçün əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

A.Şakiroğlu görüşə görə təşəkkür edib, siyasi partiyalar keçirilən görüşləri yüksək dəyərləndirib və gələcəkdə də ümummilli məsələlərdə siyasi qüvvələrin həmrək olacaqlarına əminlik ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər