Azərbaycan və Türkiyə ordusunun birgə hərbi təlimləri hazırda bölgə ölkələri və dünyanın izləyəcəyi ən həssas məsələlərdən sayıla bilər. Qeyd edək ki, bundan əvvəl Cənubi Qafqaz regionunda Ermənistan və Rusiyanın hərbi təlimləri olub. Bütün bu addımlar isə Ermənistanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribatdan sonra regionda yaranan gərgin atmosferdə baş verməkdədir.
Teleqraf.com bu mövzunu Türkiyədə yaşayan professor Toğrul İsmayılla müzakirə edib. Müsahibəni təqdim edirik:
- Toğrul bəy, son erməni təxribatından sonra Cənubi Qafqazda yaranan gərgin atmosfer fonunda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri başlayır. Regiondakı mövcud gərginlik fonunda keçirilən təlimlər necə şərh edilə bilər?
- Məncə, Cənubi Qafqazda deyil, Türkiyənin də içində olduğu - bundan sonra proseslərdə Azərbaycan və Türkiyəyə bir-birinin davamı kimi baxmaq lazımdır, geniş regionda gərginlik var. Suriya, Liviya, Aralıq dənizi problemləri, Qara dənizdə olan gərginliyi müşahidə edirik. Gərginliyin artması ilə yanaşı bölgə dövlətləri də öz mesajlarını verirlər.
Konkret Azərbaycana gəldikdə, Ermənistanın Tovuza xain təxribatçı hücumu bölgədə gərginliyi daha da artırıb. Biz əvvəllər də qeyd edirdik ki, Qarabağ problemi həll edilmədikcə bölgəmizdə qarşıdurmalar müharibə üçün açıq qapı rolunu oynayır. Əgər biz regionda sabitlik və inkişaf istəyiriksə, bu açıq qapı, yəni Qarabağ problemi beynəlxalq hüquq və normalar çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təməli əsasında həll edilməlidir. Bununla bağlı BMT və digər beynəlxalq qurumların birmənalı qərarları var.
Diqqət etdinizsə, son Tovuz təxribatında hədəf strateji məsələ idi. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan da elan etdi ki, Ermənistan təkbaşına bu hücumu həyata keçirə bilməz. Bu prosesdən sonra Rusiya Ermənistanla birlikdə bölgədə hərbi təlimlərə başladı. Əslində bu cür tədbirlər həm də qarşı tərəfə mesajdır. Yəni burada mən gücəm, hakiməm, nəzarət məndədir və s. Rusiya tərəfi hər zaman Azərbaycan-Ermənistan qarşıdurması zamanı daha fəal davranır, Azərbaycan və Ermənistan liderlərinə zəng edərək vasitəçilik missiyasını yerinə yetirirdi. Amma bu dəfə Rusiya lideri bunu etmədi. Qarşılığında nə oldu? Biz sanki qırılma nöqtəsini gördük. Bir yandan Türkiyə açıq mövqeyini ortaya qoydu, digər tərəfdən Nikol Paşinyan Moskvaya getdi. Eyni zamanda Gürcüstanın baş verən Tovuz hadisələrinə yanaşması zənnimcə, Azərbaycan və Türkiyə üçün təhlükə siqnalıdır. İkili standarta əsaslanan davranışlar, bitərəf olmaq adı ilə aqressiya göstərən tərəf pislənmədi. Belə çərçivədə Azərbaycan və Türkiyənin ortaq hərbi təlimlər keçirməsi öz-özlüyündə dünyaya və bölgə ölkələrinə mesajdır. Məncə, bu addımlar Türkiyə və Azərbaycan situasiyaya nə qədər hazır olduqlarını, belə hallarda operativ hərəkət edə biləcəklərini ortaya qoymuş oldu. Üstəlik hərbi təlimlərin genişmaştablı olması mümkün olan müharibə ssenarilərinə qarşı verilən mesajdır. Başqa sözlə, həm Azərbaycan, həm də Türkiyə bu məsələləri həll edə bilərlər. Türk ordusunun Naxçıvan və Azərbaycanın başqa ərazilərinə gəlişi simvolik olaraq 1918-ci il gəlişinə bənzəyir.
- Azərbaycan və Türkiyənin hərbi təlimlərinin Ermənistan və Rusiyanın hərbi təlimlərindən sonra keçirilməsi təsadüfidir, yoxsa bununla tərəflər dost və düşmənlərini müəyyən etdiyini göstərir?
- Siyasətdə dost və düşmən anlayışı çox qəliz məsələdir. Daimi düşmən və dost yoxdur. Amma qeyd etmək lazımdır ki, bu, sadəcə təlim məsələsi də deyil. Ermənistan və Rusiyanın birlikdə apardığı siyasət açıq şəkildə anti-Azərbaycan və anti-Türkiyə siyasətidir. Açığı, burada gizlədiləsi bir məsələ də yoxdur. Hərbi ittifaqdan tutmuş Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması, Ermənistan ərazisində Rusiya hərbi bazasının mövcudluğu, bu iki ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyəyə çıxarılması, Rusiya tərəfinin Ermənistana silahla dəstəyi, nəhayət Moskva rəsmi davranışında bitərəfliyini qorusa da, dövlət televiziylarında Dağlıq Qarbağın “respublika” kimi təqdim edilməsi, habelə Rusiyanın Ermənistanın onun forpostu olduğunu elan etməsi reallığı var. Bütün bunlar iki ölkə arasında münasibətlərin nə dərəcədə yaxın oluğunu göstərir. Və bu əməkdaşlığın qarşı olduğu ölkələr var.
Tovuz hadisələri zamanı da rəsmi İrəvan gözləyirdi ki, Rusiya onun yanında mövqe tutacaq, Azərbaycana qarşı sərt mesajlar verəcək və s. Amma bunun tam tərsi oldu.
- “Bunun tərsi oldu” deyərkən nəyi nəzərdə tutursunuz?
- Bu dəfə əvvəla Türkiyə işin ciddiliyini nəzərə alaraq açıq şəkildə mövqeyini ortaya qoydu. Türkiyə dedi ki, artıq bölgədə mən də varam, müttəfiqim Azərbaycanı tək buraxmayacağam və Azərbaycanın aldığı qərar mənim aldığım qərardır. Qənaətimcə, bu, açıq və net mesaj oldu. İndiyə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bilirdik və buna əsla şübhə də etmirdik. Lakin bu dəfə Türkiyə dövlətinin ən ali səviyyələrində mesajların verilməsi zənnimcə, son nöqtəni qoymuş oldu.
- Azərbaycan və Türkiyə ordusunun keçirəcəyi hərbi təlimlər hansı nəticələr yaradacaq?
- Modern dünyada hərbi təlimlər sadəcə orduların hazırlığını ortaya qoymur, eyni zamanda bu tədbirin özü siyasi mesajdır. Yəni biz birlikdə hərəkət edə bilirik, bu bölgəyə birgə sahibik, sözümüz və gücümüz var. Dolayısı ilə güc nümayişidir. Açığı, Rusiya meydan oxumağa başlayanda, bundan sonra əvvəlcədən planlaşdırılıb-planlaşdırılmamasından asılı olmayaraq Azərbaycan və Türkiyənin birgə təlimlərinin keçirilməsi əhval-ruhiyyə baxımından da çox vacibdir, lazımlıdır.
- Tərəflərin mövqe və davranışı, o cümlədən qarşılıqlı mesajları ortadadır. Bəs bundan sonra regionda proseslər hansı ssenarilər üzrə inkişaf edə bilər?
- Diqqət edin, Azərbaycan və Türkiyənin birgə təlimləri Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçirilir. Kürdəmir və Yevlax hərbi hava qüvvələri ilə əlaqəlidir. Gəncə bizim strateji şəhərimiz olmaqla yanaşı Tovuza yaxındır. Naxçıvan da bizim strateji bölgəmizdir. Naxçıvanın gündəmə gəlməsi Qars və Moskva anlaşmasına əsasən Türkiyənin burada himayə haqqının olduğunun xatırlatma mesajıdır. Başqa sözlə, əgər Naxçıvana erməni hücumu olarsa, Türkiyənin dərhal bu bölgəyə girib yerləşəcəyinə dair mesajını ortaya qoyur. Amma onu da nəzərə almaq lazımdır ki, bu məsələdə Türkiyə beynəlxalq hüquq və normalar çərçivəsində hərəkət edir.
Eyni zamanda hər iki qardaş ölkənin hava qüvvələrinin təlimlərə cəlb edilməsi müsbət addımdır. Bildiyiniz kimi son günlər Ermənistan ruslarla birlikdə “şou” göstərdi, məqsəd göz qorxutmaq idi. Türkiyə və Azərbaycanın hava qüvvələrinin təlimlərə cəlb edilməsi zənnimcə, cavab mesajıdır.
- Maraqlıdır, bu təlimlər bölgədə Azərbaycana dost olmayan ölkələrin sakitləşməsinə səbəb olacaq, yoxsa fəallaşmasına?
- Məncə, burada həyacana qapılmaq lazım deyil. Ehtimal edirəm ki, bölgədə kiçik təxribatçı tədbirlər davam edə bilər. İndiki vəziyyətdə Rusiyanın Ermənistana görə Türkiyə ilə savaşa girməsi doğru deyil. İkincisi, Rusiyanın bu məsələdə Azərbaycanı günahlandırması siyasi baxımdan etik olmaz. Çünki ruslar bu cür təlimləri Ermənistanla birlikdə keçirib. Əgər onların belə haqqı varsa, deməli Azərbaycan və Türkiyə də belə təlimlər keçirmək haqqına sahibdir. Məsələn, son günlərdə Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması mövzusunda fikirlər eşidilir. Sözsüz ki, bu, ciddi məsələdir və onun araşdırılmasına ehtiyac var. Hətta Azərbaycan tərəfi belə qərar verərsə, Rusiyanın buna etiraz etməsi doğru olmazdı. Çünki Rusiyanın Ermənistan ərazisində hərbi bazası var. Əgər, orada hərbi bazası olmasaydı, etirazları haqlı sayılardı. Bir sözlə, məsələlər qarşılıqlıdır. Düzdür, Azərbaycan xarici siyasətində balans siyasətinə üstünlük verir. Amma böyük güclər balans siyasətini pozmaq gücündədir. Azərbaycanın balans siyasəti doğrudur, əsassız yerə heç bir dövləti qıcıqlandırmağa ehtiyac yoxdur. Amma onsuz da Rusiya özünün mesajlarını verir. Bu mənada Azərbaycanın balans siyasəti Ermənistanın atdığı addımlara ekvivalent olmalıdır. Əgər Ermənistan Rusiya ilə hərbi istiqamətdə yüksək səviyyəli əməkdaşlıq razılaşması imzalayıbsa, Azərbaycanda güvəndiyi bir dövlətlə, bu da Türkiyədir ki, onunla eyni məqsədli saziş imzalayacaq. Yaxud Ermənistan Rusiya ilə Avrasiya İqtisadi Birliyi formatı yaradıbsa, Azərbaycan da Türkiyə ilə buna bənzər iqtisadi-siyasi əməkdaşlıq platformasını yaradacaq. Balans bu şəkildə qorunar. Sizə təhdid olan ölkənin davranış biçimlərinə uyğun şəkildə bu təhdid və təhlükəsizlik problemlərini minimuma endirmək mümkündür. İndiki vəziyyətdə bu, Türkiyə ilə əməkdaşlığın artırılması, müttəfiqlikdən ittifaqa gedən yoldur. Hər halda mən belə düşünürəm.
- Digər maraqlı nüans kimi Rusiya və Türkiyə prezientlərinin telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə etməsidir. Sizcə, hansı məqamlar müzakirə edilə bilər?
- Türkiyə ilə Rusiya arasında həm rəqabət, həm də əməkdaşlıq var. Yüksək səviyyədə görüşlərin olması əslində gərginliyin olmasının göstəricisidir. Burada sadəcə Dağlıq Qarabağ məsələsi deyil, Suriya, Liviya, Aralıq dənizi və son olaraq ermənilərin Tovuza mənfur hücumu, habelə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər. Çünki bu məsələlər hər iki tərəfin ciddi şəkildə əhəmiyyət verdiyi və onları qarşı-qarşıya gətirə biləcək problemlərdir. Türkiyə bu məsələlərə biganə qala bilməz, Rusiya da sözsüz ki, tərəfsiz deyil. Odur ki, regionun iki güclü dövlətinin başçısının belə məsələləri müzakirə etməsi normaldır və bu, gərginliyi azaltmağa yönələn addımlardır.
- Müşahidələr göstərir ki, Rusiya və Türkiyə bu bölgədə aktivlik nümayiş etdirir. Bölgənin güclü ölkələrindən sayılan İranın baş verən proseslərdə rolu və mövqeyi nədən ibarətdir?
- İran hazırda ciddi problemlərlə qarşı-qarşıyadır. Bir tərəfdən iqtisadi böhran, digər tərəfdən COVID-19 pandemiyası və digər məsələlər İranın başını qatıb. Eyni zamanda Suriyada, Yaxın Şərqin digər nöqtələrində böyük enerji xərcləyir. Qarabağ məsələsində əslində İran təzadlı durumdadır. Bir tərəfdən İran açıq islam dövləti olduğundan bir müsəlman dövlətinin yanında yer almağa məcburdur. Digər tərəfdən, İran daxilində çoxsaylı türklər yaşayır. Eyni zamanda İran üçün ən böyük risklərdən biri Türkiyənin Tehrana qarşı dəyişə biləcək davranışları ola bilər. Sözsüz ki, həm də bölgədə güclü Azərbaycanı istəməz. Qlobal enerji xəttlərinin Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqlini rəqabət kimi görə bilər. Ən önəmli məsələlərdən biri də Ermənistan kartını Azərbaycan və Türkiyəyə qarşı istifadə edə bilən ölkə olmasıdır. İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər yandan Ermənistana əlindən gəldiyi qədər yardım etməyə çalışır. Amma bu məsələdə İran çox böyük oyunçu deyil. Çünki Qarabağ məsələsi İranın daxilini qarışdıra biləcək məsələdir. Müşahidə etdinizsə Tovuz hadisəsi zamanı İran Azərbaycanın yanında olduğu görüntüsünü versə də, digər tərəfdən ölkə daxilindəki Ermənistana qarşı aksiyaları dağıdıb fəalları həbs etdi.
Hərbi təlimlərə gəldikdə, İran bunu yaxından müşahidə edəcək. Rahatsız ola da bilər, amma bu iki müstəqil dövlət və müttəfiqlərin birgə təlimləridir və bundan narahat olmaq üçün heç bir əsas yoxdur.