2 Avqust 2020 18:14
3 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Pənah bəy, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bu günlərdə "Youtube" kanalında 1990-cı ilin yanvarın 13-də Bakıda baş verən “erməni talanları”nın guya azərbaycanlılar tərəfindən təşkil edilməsinə dair iddalarla çıxış etdi. Həmin dövrdə cərəyan edən siyasi proseslərin aktiv iştirakçısı olmuş bir insan kimi bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ istər rəsmi, istərsə də parlament səviyyəsində kifayət qədər araşdırılıb. Ayrı-ayrı məhkəmə materialları var. Bu məsələdə hər hansı mübahisəli məqam yoxdur. Sözün doğrusu, mən yenidən həmin hadisələri guya azərbaycanlıların törətməsi barədə versiyanın dirçəldilməsini, bu mövzunun bu şəkildə gündəmə gətirilməsini təəccüblə sizdən eşidirəm.

Ona görə təəccüb edirəm ki, bu hadisələrin kimlər tərəfindən, hansı məqsədlə törədildiyi və bura cəza əməliyyatı keçirmək üçün Moskvanın, daha dəqiqi SSRİ qoşunlarının göndərilməsi və sair məsələlər hər bir azərbaycanlıya yaxşı məlumdur.

Bu məsələlər bütün istiqamətlərdə araşdırılıb, sənədlərlə sübuta yetirilib və bunun azərbaycanlılar tərəfindən törədilən hansısa aksiya olması fikri də çoxdan kənara atılıb. Əslində, elə həmin günlərdə kənara atılıb. Sizin sualınızla bu məsələnin yenidən gündəmə gətirilməsi məndə təəccübə səbəb olur.

- Məsələni gündəmə gətirən biz deyilik axı. 1990-cı ilin 13 yanvar hadisələrini guya azərbaycanlıların törətdiyini jurnalist Sevinc Osmanqızı səsləndirib. Qeyd edib ki, 13 yanvar hadisələri 20 Yanvar qırğınının baş verməsində, sovet qoşunlarının Bakıya yeridilməsində əsas rol oynayıb. Yəni açıq-aşkar o vaxtkı Xalq Cəbhəsini və təbii ki, Azərbaycan xalqını günahlandırıb. Onun bu çıxışı sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Siz bundan necə xəbərsiz ola bilərsiz?..

- Mən belə bir fikrə rast gəlməmişəm, eşitməmişəm və mən jurnalistlərə şərh vermirəm. Sevinc Osmanqızı məsələsi mənim mövzum deyil. Mən Sevinc Osmanqızına cavab verənəm?

- Sizi qeyd etdiniz ki, bu məsələni biz gündəmə gətirmişik. Biz də deyirik ki, məsələni gündəmə gətirən biz yox, Sevinc Osmanqızıdır...

- Mənim ona görə təəccübümə səbəb olur ki, birdən-birə 13 yanvar 1990-cı il hadisələrinin azərbaycanlılar tərəfindən törədilməsi məsələsini gündəmə gətirirsiniz. İndi məlum oldu ki, siz hansısa bir jurnalistin bilmədiyim hansısa fikrinə nəzərən mənim münasibət bildirməyimi istəyirsiniz.

Halbuki bu, artıq həm tarixi, həm elmi, həm də hüquqi-istintaq baxımından həll olunmuş məsələdir. 13 yanvar hadisələrini azərbaycanlıların törətməsi barədə iddialar iftira və böhtandır.

- Sizcə, Sevinc Osmanqızının 13 yanvar hadisələrini azərbaycanlıların ayağına yazmaq cəhdi qarşıdakı dövrdə Sumqayıt hadisələrinin, həmçinin, Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsinə dair cəfəng fikirlərlə üzləşə biləcəyimizin anonsu deyilmi?

- Bu barədə danışdıq axı... Eşitməmişəm, bilmirəm... Ümumiyyətlə, istənilən halda məsələnin bu cür gündəmə gətirilməsini, o cümlədən jurnalistlər tərəfindən gündəmə gətirilməsini Azərbaycanın maraqlarına zidd hesab edirəm.

- Bəs niyə müxalifətin əsas simaları, siz özünüz də daxil olmaqla, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli Sevinc Osmanızının ermənilərin xeyrinə, bizimsə zərərimizə işləyən absurd fikirlərinə açıq etiraz bildirmirlər? Nədir bu susqunluğun səbəbi?..

- Mən jurnalistlərin fikirlərinə şərh vermirəm...


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər