7 Avqust 19:00
414

Pandemiya ilə əlaqədar ölkədə iqtisadi fəallığın aşağı düşməsi, dünyadakı iqtisadi və sosial kataklizmlər fonunda ölkə büdcəsinin gəlir hissəsinin azalması büdcədə dəyişiklik edilməsinə zərurət yaradıb. Cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlər nəticəsində bu gün həm sosial, həm də pandemiyaya qarşı mübarizədə əhəmiyyətli addımlar atılıb. Artıq sərtləşdirilmiş tədbirlər nəticəsində koronavirusla mübarizədə müsbət dinamika əldə olunub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov bildirib.

O qeyd edib ki, həm sosial, həm də səhiyyə sahəsində bu gün dövlətimiz tərəfindən zəruri və sistemli addımlar atılır.

Deputat koronavirusla bağlı bütün məsələlərin dövlətin ciddi nəzarəti altında olduğunu da diqqətə çatdırıb: “Dövlətimiz pandemiya başlayandan səhiyyə sahəsində ciddi və proqram xarakterli addımlar atdı. Az bir müddətdə tibbi maska istehsalı və digər zəruri tibbi vasitələrin ölkəmizdə istehsalı təmin edildi. Modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi və müasir tibbi avadanlıqlarla təminatı istiqamətində də təxirəsalınmaz işlər görüldü”.

Millət vəkili ən müasir səhiyyə infrastrukturunun yaradılması sahəsində görülən işlərin vətəndaşın sağlamlığının dövlət üçün önəmindən irəli gəldiyini söyləyib.

İlham Mənmmədov koronavirusla mübarizədə həkimlərimizin, bütün tibbi personalın öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb: “Bütün bunlara baxmayaraq bəşəri bəladan həkimlərimiz də əziyyət çəkdi. Həkimlərimizin də bu bəladan həyatını itirməsi sözsüz ki, tibb heyəti üçün böyük itki sayılır. Amma buna baxmayaraq virusa qarşı əzmkarlıqla mübarizə davam edir. Dəyərli tibb işçiləri öz həyatları bahasına olsa belə insanların sağlamlığını təmin etmək üçün çalışırlar”.

Komitə üzvü dövlətin önləyici tədbirləri nəticəsində müsbət nəticələrin əldə edildiyini və bu tendensiyanın da saxlanılmasının vacibliyinə diqqət çəkib: “Sanitar-epidomoloji vəziyyət tam nəzarətdədir. Yoluxanlarla sağalanlar arasındakı faiz nisbəti artıq müsbət istiqamətə dəyişib. Ona görə də müəyyən yumşalmaların tətbiqi məqbul sayılıb. Amma buna baxmayaraq vətəndaşlarımız bu situasiyalarda da özlərinin məsuliyyətini dərk etməlidir. Çünki virus hələ bitməyib. Sadəcə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində azalma baş verib. Bu o demək deyil ki, proses yenidən təkrarlanmaya bilməz. Biz bilirik ki, bəzi ölkələrdə yumşalmadan sonra daha ciddi fəsadlar baş verdi. Onlar yenidən sərt karantin dönəminə qayıtmalı oldu. Məhz ölkəmizdə də son həftələrdə əldə olunmuş müsbət dinamizmi qorumaq, yenidən sərt karantin qaydalarına qayıtmamaq üçün insanlar daha diqqətli olmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı