“Belarusdakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.
Onun sözlərinə görə, başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq lazımdır:
“Birincisi, oradakı iqtidarın bizə münasibəti; ikincisi, oradakı müxalifətin bizə münasibəti. Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın mənası qalmır.
Belarusa gəlincə, ilk növbədə, Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Putinlə dirəşir. İkincisi, o, Ermənistana təpinir. Üçüncüsü, bizə ağır silahlar satır. Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirikmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”.