11 Avqust 2020 18:26
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, apardığı sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksəldilməsinə yönəlib. Ölkəmizin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar əhalinin həyat şəraitinin yaxşılaşmasına, dövlətimizin daha da güclənməsinə öz mühüm təsirini göstərir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Millət vəkili sosial infrastrukturun inkişafının göz önündə olduğunu, məktəblərin, tibb müəssisələrinin, idman və gənclər mərkəzlərinin yenidən qurulduğunu bildirib:

“Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər. 2019-cu ildə Dünya Bankının “Doing Business” hesabatında ölkəmiz 10 ən islahatçı dövlət arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmışdısa, 2020-ci ildə 20-ci yerə yüksəlib. Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz inkişaf tempini qoruyub saxlamaqda davam edir: BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatında artıq 54-cü yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan regionda liderdir”.

Komitə sədri pandemiya dövründə bir çox dövlətin iqtisadiyyatında dəyişikliklərlə müşahidə olunduğunu qeyd edib:

"Aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan inkişafını öz hesabına təmin edir. Hazırda dünyada davam edən pandemiya Avropada öz mənfi iqtisadi təsirlərini göstərməkdədir. İnsanlar işlərini itirmək təhlükəsi ilə üz-üzədir. Böyük Britaniyada bəzi universitetlər maliyyə çətinliyi yaşayır və ixtisarlara getmək məcburiyyətində qalıblar. Bu baxımdan ölkəmizdə aparılan davamlı və sistemli sosial proqramlar və dəstək mexanizmləri belə problemlərlə qarşılaşmağa imkan vermədi. Ölkə rəhbəri hər zaman vətəndaşının yanındadır, bütün hallarda onun hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi addımlar atır.

Prezident İlham Əliyev vətəndaşların sağlamlığı, iqtisadi və maliyyə sabitliyi, sosial müdafiələrinin təminatı üçün bütün imkanlardan istifadə edir. Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. 7 mindən çox köçkün ailəsi, 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcək”.

Hicran Hüseynova onu da qeyd edib ki, Milli Məclis büdcəyə düzəlişlərin edilməsi ilə bağlı çox aktiv və səmərəli müzakirələr apardı:

“Artıq büdcə təsdiq olundu. Bu, bir daha onu göstərir ki, biz, bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Əvvəlki büdcə təsdiq olunanda, hələ heç bir pandemiya və ya böhranlı vəziyyət yox idi. Lakin hazırda gəlirlərin azalması və xərclərin artması fonunda büdcəyə yenidən baxılması zərurəti yarandı. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və bütün xərclər bu rəqəm əsasında planlaşdırılsın. Sözsüz ki, ilk növbədə vətəndaşın sosial müdafiəsi və sağlamlığı daha mühümdür. Çünki vətəndaş dövlətin əsas nüvəsidir. Buna görə də yeni təsdiq edilmiş büdcə əhalinin rifahının təmin olunması üçün bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək".

Deputat Prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatların əhali tərəfindən rəğbətlə qarşılandığını da diqqətə çatdırıb:

"Cənab Prezidentin siyasəti hər bir vətəndaş tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilir. Çünki hamı yaxşı bilir ki, bu siyasətin mərkəzində vətəndaş və onun rifahı dayanır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər