15 Avqust 2020 15:41
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü erməni cəmiyyətinə hər zaman sadə, təvazökar həyat tərzi sürən bir şəxs kimi təqdim etməyə çalışır. Onun vaxtaşırı “Facebook” sosial şəbəkəsindəki səhifəsində evində olduğu vaxt canlı yayım açıb sadə həyat tərzi keçirdiyini, sadə nahar və şam etdiyini nümayiş etdirməsi də bunun əyani göstəricilərindən hesab oluna bilər. Ancaq artıq bir neçə dəfə üzə çıxan faktlar Ermənistan liderinin bu addımının nümayiş xarakterli olduğunu isbatlayıb. Onun bu yolla erməni cəmiyyətinin gözünə kül üfürdüyü bu günlərdə bir daha sübut olunub.

Teleqraf.com xəbər verir ki, işğalçı ölkənin baş naziri bir neçə gün öncə BBC televiziyasının “Hard Talk” proqramında aparıcı Stiven Sakur qarşısında dəyəri nə az, nə çox, düz 1,3 milyon dollar olan qol saatı taxması ilə diqqət çəkib. Müsahibə zamanı çəkilən fotoların yaxından analizi saatın “Patek Philippe” markası olduğunu müəyyən etməyə imkan verir.

Bu yerdə necə deyərlər, xoruzun quyruğu görünür. Məlumdur ki, Ermənistan kasıb, ərazisi kiçik və faydalı qazıntılarla zəngin olmayan ölkədir. Üstəlik, onun yürütdüyü işğalçılıq siyasəti üzündən qonşu Azərbaycan və Türkiyə ilə sərhədləri təbii olaraq bağlıdır. Bu amil Ermənistanı Gürcüstandan fərqli olaraq enerji və nəqliyyat layihələrinin tranzit ölkəsi olmaq hüququndan da məhrum edib. Halbuki hər il bu layihələrin tranzitindən Gürcüstanın dövlət büdcəsinə xeyli vəsait daxil olur. Belədə Ermənistanın əsas maliyyələşmə mənbəyi xaricdən daxil olan ianələrdir. Ermənistan artıq uzun illərdir ki, ianələr hesabına yaşayan bir dövlətdir. Ancaq eyni zamanda burada xeyli zəngin oliqarx var ki, onlar silah və narkotik qaçaqmalçılığı, korrupsiya və insan oğurluğu kimi cinayətlərlə məşğul olaraq multimilyonerlərə çevriliblər. Ermənistanın baş nazirinin də belə bahalı aksessuarlardan istifadə etməsi onun özünün və ailəsinin adının qaçaqmalçılıq, korrupsiya və sair çirkin əməllərdə hallanmasının həqiqət olduğunu bir daha aydın surətdə nümayiş etdirir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər