17 Avqust 2020 19:30
13 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəlkə də indiyədək Türkiyədə bu qədər Azərbaycan haqda danışan prezident olmayıb. Ərdoğan isə yeganə dövlət başçısıdır ki, Azərbaycanın bütün problemlərini öz problemi, mövqeyini öz mövqeyi kimi qəbul edir. Ərdoğan hər yerdə onu bəyan edir ki, Azərbaycan savaşa gedərsə, Türkiyə onun yanında addımlayacaq”.

Politoloq Ramiyə Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Hesab olunur ki, Türkiyə indiyədək görünməmiş bir formada Azərbaycana maraq göstərməyə başlayıb. Sizcə, bu belədirmi?

- Türkiyə-Azərbaycan münasibətləri həmişə yaxın olub. Məlum olduğu kimi, bu münasibətlər “Bir millət – iki dövlət” prinsipi üzərində təşəkkül tapır. Türkiyə və Azərbaycan arasında elə bir bağ var ki, bu, dünyanın başqa iki dövləti arasındakı münasibətlərdə yoxdur. Burada siyasi-iqtisadi maraqlar yox, milli, tarixi və qan bağları ön plandadır. Bu, sırf qardaşlıq münasibətləridir. Hər iki ölkə tarixin bütün dövlərindən bir-birini qardaş kimi görüb, siyasi-iqtisadi məsələlərə də bu aspektdən yanaşılıb.

Ərdoğan özündən əvvəlki Türkiyə prezidentləri arasında yeganə dövlət başçısıdır ki, Azərbaycana bu qədər isti münasibət göstərir. Burada şəxsi münasibətlərin də önəmi var. Məlumdur ki, Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında isti münasibətlər, qardaşlıq əlaqələri var. Bu, Ərdoğanın yürütdüyü siyasətdə də əks olunur.

- Bəs digər maraqlar hansı yerdədir?

- Şübhəsiz ki, münasibətlərdə siyasi, iqtisadi və geosiyasi maraqlar da var. Bölgədə reallaşdırılan nəhəng enerji layihələri var ki, bunlar Azərbaycan və Türkiyənin başçılığı ilə həyata keçirilir. Bunların hər biri dünya miqyasında olan proyektlərdir. Amma iki ölkə arasındakı qarşdaşlıq münasibətləri bu proyektlərin üstündədir. Qeyd etdiyim kimi bunlar qardaşlıq, dostluq və qohumluq münasibətləridir ki, Ərdoğanın hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə özünü göstərir.

- Sual olunur ki, bu gün Ərdoğanın Türkiyə-Azərbaycan münasibətləri üçün çəkdiyi bu xətt özündən sonra hakimiyyətə gələn qüvvələr üçün keçərli olacaqmı?

- Hər münasibəti ortaya çıxaran məsələlər var. Bəlkə də indiyədək Türkiyədə Ərdoğan qədər Azərbaycanı özünə yaxın bilən dövlət başçısı olmayıb. Əlbəttə, Turqut Özalı, Süleyman Dəmirəli unutmaq olmaz. Dəmirəlin özünün Heydər Əliyevlə çox isti münasibətləri vardı. Lakin bu gün İlham Əliyev və Ərdoğan arasındakı şəxsi dostluq münasibətləri daha güclüdür. Bu gün Ərdoğanla yanaşı, Türkiyənin xarici işlər naziri və digər yüksək vəzifəli şəxsləri beynəlxalq tribunalardan çıxış edərkən, həmişə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər. Ermənistanın Tovuz təxribatından sonra da Türkiyə ən açıq və ən yüksək formada Azərbaycanı dəstəklədi.

Əlbəttə, bu dəstəklər az bir şey deyil. Bəlkə də indiyədək Türkiyədə bu qədər Azərbaycan haqda danışan prezident olmayıb. Ərdoğan isə yeganə dövlət başçısıdır ki, Azərbaycanın bütün problemlərini öz problemi, mövqeyini öz mövqeyi kimi qəbul edir. Ərdoğan hər yerdə onu bəyan edir ki, Azərbaycan savaşa gedərsə, Türkiyə onun yanında addımlayacaq.

- Ərdoğanın Azərbaycanla bağlı bu siyasətinə türk mediasının, vətəndaş cəmiyyətinin və siyasi müxalifətinin münasibəti necədir?

- İllərdir Türkiyədə yaşayıram, indiki kimi heç vaxt türk mediasında Azərbaycanla bağlı belə təbliğat görməmişəm. Ermənistanın Tovuz istiqamətindəki xain hücumlarından sonra istər Türkiyə Xarici İşlər Nazirliyi, istər türk mediası və cəmiyyəti, istərsə də digər səviyyələrdə buna sərt təpki verildi. İndinin özündə də türk mediasında bu məsələ geniş müzakirə mövzusudur. Tovuz təxribatından sonra Türkiyə mediasında bu günədək Azərbaycan haqda yayımlanmayan proqramlar verilməyə başladı. Telekanalların bütün xəbərlər proqramlarında Tovuz təxribatı haqda reportajlar getdi, ekspertlər danışdırıldı. Həmin dövrdə və bundan sonra bu istiqamətdə türk mediasında ajiotaj yaşandı, bu, hələ də davam edir.

Məlum olduğu kimi Ərdoğanın, Çavuşoğlunun, Kalının və Hulusi Akarın Ermənistana və havadarlarına sərt təpkiləri oldu. Bu məsələnin ətrafında indi də Türkiyədə müzakirələr gedir.

- Bir məsələ də xüsusi maraq kəsb edir – məlumdur ki, Rusiya illərdir Cənubi Qafqazı özünün “arxa baxçası” hesab edir və bölgədə özünün bir nüfuz dairəsinin olduğunu düşünür. Maraqlıdır, illərdir buradakı maraqlarını qorumaq üçün dəri-qabıqdan çıxan Rusiya Türkiyənin – yeni bir geosiyasi oyunçunun bölgədəki varlığı ilə hesablaşacaqmı?

- Bu, bir az çətin məsələdir. Biz bilirik ki, bölgənin ən böyük dövləti Rusiyadır. Öz böyüklük iddiasına görə də hansısa bir dövlətin burada hegemonluq etməsini istəmir. Gördük ki, Gürcüstandan sonra Ermənistanda da Qərbin dəstəyi ilə hakimiyyət dəyişikliyinin baş verməsi həmin ölkələrdə hansı proseslərə yol açdı. Yəni Rusiya Qərbin bölgədə güclənməsini birmənalı şəkildə istəmir.

Bir məqam da var ki, Rusiya Liviya və Suriyadakı savaşda Türkiyə ilə anlaşdı, hətta müəyyən mənada öz rəqibinin qarşısından bir qədər geri çəkildi. Amma Rusiyanın Cənubi Qafqaz məsələsində bu qədər loyal olacağını düşünmürəm. Rusiya heç vaxt öz geosiyasi maraq dairəsində olan və özünün təhlükəsizlik konsepsiyasına daxil etdiyi bir bölgəni Türkiyəyə güzəştə getməz. İlk növbədə ona görə ki, bu bölgədə türk xalqlarının sayı kifayət qədər çoxdur. Yəni Türkiyənin bölgəyə girməsi, gələcəkdə türk dövlətləri arasında böyük birliyin yaranmasına rəvac verə bilər. Bu isə Rusiyanın heç vaxt istəmədiyi bir məsələdir.

Rusiya çox gözəl başa düşür ki, türk dövlətləri və xalqları arasında Türkiyəyə böyük simpatiya var. Türk dövlətlərinin Türkiyə ətrafında birləşməsi Rusiyaya baha başa gələ bilər – həm öz təsir dairəsində olan böyük bölgələri itirəcək, həm də öz gücünün əhəmiyyətli hissəsindən məhrum olacaq. Türkiyə ətrafındakı belə bir birləşmə Rusiyanı kiçik – heç bir nüfuzu olmayan dövlətə çevirə bilər.

- Amma Tovuz təxribatından və bundan sonrakı dövr ərzində Rusiyanın gizli yolla Ermənistana böyük həcmdə silah göndərməsi faktları aşkar olunduqdan sonra bir sıra rus ekspertlərin dilindən o fikirlər səsləndirildi ki, Rusiya artıq Azərbaycanı itirdi. Bu iddia Türkiyənin Azərbaycanda güclənməsi fonunda da dilə gətirlir.

- SSRİ-nin dağılması Rusiyanın gücünü xeyli zəiflətdi. Sovet İttifaqının dağılmasıyla müstəqil olan 15 dövlətin hər biri müxtəlif istiqamətlərə yönəldi. Amma Rusiya hələ də həmin dövlətlərin öz təsir dairəsindən çıxmasına imkan vermək istəmir. Buna görə də Rusiya öz gücünü göstərməlidir.

Amma bu gün Azərbaycanın Rusiyaya bağlı olduğunu demək düzgün deyil. Qarabağ münaqişəsinin səbəbkarı Rusiya oldu. Bu gün hansı MDB ölkəsi Rusiyaya bağlıdır? Forpost Ermənistanı saymasaq, Rusiyaya ən böyük bağlılığı olan ölkə Qazaxıstandır. Azərbaycan isə 1991-ci ildən sonra Rusiya ilə balanslı siyasət yürütməyə başladı.

- Hətta KTMT-dən belə çıxdı.

- Bəli, bu addımı da atdı və balanslı bir siyasət yolu seçdi. Azərbaycan başa düşdü ki, işğalçıya dəstək verən bir dövlətlə məsafəli davranmaq lazımdır. Şübhəsiz ki, Rusiya həmişə siyasi maraqlarının üzərindən Ermənistana dəstəyini davam etdirəcək. Buna görə də Azərbaycanın Rusiyanın təsir dairəsində olduğunu düşünmürəm, bu, doğru deyil. Azərbaycan bu gün təkcə Rusiya ilə yox, digər xarici dövlətlərə münasibətdə də balanslı siyasət yürüdür. Azərbaycan digər ölkələrlə yanaşı, Rusiya ilə də bərabərhüquqlu münasibətlərin qorunmasında maraqlıdır, bunu da edir.

Sadəcə olaraq, Azərbaycanın ən yaxın münasibət göstərdiyi bir dövlət varsa, bu da Türkiyədir. Bizi Türkiyə ilə soy köklərimiz birləşdirir. Rusiya isə qonşu dövlətdir və böyük gücdür. Buna görə də onunla qonşuluq münasibətləri, balanslı siyasət qorunub saxlanılmalıdır ki, Azərbaycan da bunu edir.

- Amma post-sovet məkanında Rusiya əleyhinə maraqlı proseslər də gedir. Azərbaycanla yanaşı, Kremlin “Axilles dabanı” hesab edilən digər dövlətlərdə - Ukrayna, Moldova və Gürcüstanda Rusiyadan qopmalar müşahidə olunur. Ukrayna ilə məsələ məlumdur – Krım Rusiya tərəfindən ilhaq edilib, Donbasda rus qüvvələrinin iştirak etdiyi bir münaqişə var. Rumıniyaya birləşmək iddiası ilə gündəmdə olan Moldova da üzünü Qərbə çevirib, Gürcüstana isə artıq potensial NATO ölkəsi kimi baxırlar. Yəni Rusiyanın hədələyici barmağı həmişə havadadır, amma nüfuzunu sürətlə itirdiyi də göz önündədir....

- Rusiyanın pos-tsovet məkanındakı əvvəlki nüfuzunun qalmadığı bəllidir. Amma Rusiya hegemonluğunu göstərmək üçün həmişə silahdan istifadə edib. Təsadüfi deyil ki, Rusiya SSRİ dağıldıqdan sonra müstəqillik istəyən dövlətlərin hər birini silahla hədələdi. İndi həmin ölkələrin bir çoxunun əraziləri işğal altındadır. Məsələn, Ermənistan hansı gücü ilə Azərbaycan ərazilərini işğal edə bilərdi? Bura Gürcüstan, Moldova və Ukrayna da daxildir. İqtisadi baxımdan heç bir addım ata bilməyən Rusiya bu dövlətləri öz təsir dairəsinə qaytarmaq üçün silaha əl atacağı görüntüsünü yaradır və bir sıra hallarda da atır. Bu hədələr isə həmin dövlətləri Rusiyadan uzaqlaşmağa vadar edir. Bununla da özünə qarşı mənfi fikirlər yaratdı və nüfuzunu itirməsinə yol açdı.

SSRİ dağıldıqdan sonra Rusiya Qərb dövlətləri kimi inkişaf edə bilmədi. Bu gün Rusiyanın heç bir iqtisadi gücü yoxdur. Ona görə də bir sıra dövlətlərin NATO və ya Avropa İttifaqı kimi güclü birliklərə üz tutması normal haldır. Çünki o dövlətlər inkişaf etmək istəyirlər.

- Amma Rusiya NATO-ya KTMT, Avropa İttifaqına isə Avrasiya İqtisadi Birliyi kimi alternativlər yaratmağa cəhdlər edir.

- KTMT NATO-ya alternativ olacaq bir hərbi blok deyil. Biz bunu Tovuz təxribatı dönəmində də gördük. KTMT-yə üzv olan dövlətlərdən heç biri – Rusiya da daxil olmaqla, Ermənistana dəstək vermədi. Həmin quruma üzv olan dövlətlərin hər biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanla dostluq münasibətləri olan KTMT üzvlərinin ölkəmizlə iqtisadi və energetika sahələrindəki əlaqələri də göz önündədir. Onlar Azərbaycanla iqtisadi əlaqələrini gücləndirməkdə və saxlamaqda maraqlıdır.

Yəni Rusiyanın əvvəlki gücü və potensialı qalmayıb. Rusiya KTMT və Avrasiya Birliyini yaratsa belə, bunlar NATO və ya Avropa İttifaqı səviyyəsində olan bloklar olmayacaq və hələ də o gücdə deyillər. Bu birliklərə üzv olan dövlətlərin hər biri onları inkişafa aparacaq yolu seçmək istəyirlər. Buna görə də Rusiyanın nəzərdə tutduğu planlar baş tutmur. Həmin ittifaqlar formal xarakter daşıyır. Məsələn, KTMT sadəcə aralarında mənəvi bağların olduğu dövlətlərin təmsil olunduğu bir təşkilatdır. KTMT bir hərbi blokdan çox müzakirə platformasına bənzəyir. Bəlkə də uzun zaman lazımdır ki, onu istədikləri səviyyəyə gətirsinlər.

- Gündəmin əsas mövzularından biri də, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında barışığın elan olunmasıdır. BƏƏ-dən sonra Bəhreynin də İsraillə bu yöndə saziş imzalayacağı gözlənilir. Sizcə, niyə indiyədək bir-birinə düşmən münasibətdə olan ölkələr birdən-birə yaxınlaşmağa başladılar?

- İsrail həmin bölgənin ən inkişaf etmiş ölkəsidir. Artıq İsrail regional oyunçudur. Amerika da bu oyunçunun arxasında durub. Ərəb ölkələrinin isə ABŞ-la yaxın münasibətləri var. Buna görə də istər-istəməz ABŞ-ın çəkdiyi yolla getməlidirlər. Yəni bu gün İsrailə qarşı çıxmaq, Amerikaya qarşı gəlmək deməkdir. Ərəb dövlətlərinin ABŞ-dan iqtisadi asıllılıqları olmaqla yanaşı, silah-sursatı da ondan alırlar. Bu baxımdan, ərəb dövlətlərinin əksəriyyəti ABŞ-la hesablaşır. Ərəblər Amerikanın müsbət rəyini almaq və ya onunla işləmək istəyirlərsə, İsraillə münasibətlərini inkişaf etdirməlidirlər.

İsrail böyüyən bir dövlətdir. Həm ərazi olaraq, həm də siyasi-hərbi qüvvə olaraq böyüyür. Bu gün İsrail və Fələstin arasındakı torpaq münaqişəsi getdikcə böyük savaş çevrilir. Burada artıq ya İsrailin, ya da Fələstinin gələcək varlığı müzakirə mövzusudur.

- Hətta İsrailin yox, Fələstinin gələcək varlığı sual altındadır...

- Bəli! Belə bir müzakirələr gedir. Müqaviməti bir qədər də artırsalar, bu, Fələstinin yoxa çıxması demək olacaq. Fələstin əraziləri İsrailə birləşdirilə bilər.

- Sizcə, ərəb dövlətləri ilə İsrail arasındakı bu yaxınlaşma İrana qarşı cəbhəni genişləndirə bilərmi, başqa formada desək, bu, İslam Respublikasına nə vəd edir?

- İran hansı bölgədə öz geosiyasi iddialarını ortaya qoyubsa, orada sıxışdırmağa çalışıblar. İran digər dövlətlərdən daha fərqli bir siyasət yürüdür. Məzhəbçi bir siyasət yürütməklə yanaşı, din adı altında fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməsi İranı hədəfə gətirir. Bu baxımdan, İranın Yaxın Şərqdəki varlığı heç kimin marağında deyil. Ən birinci düşməni də İsraildir. İran İsraili dünya xəritəsindən siləcəyi ilə hədələyir. İsrail də məcburdur ki, bu hədələrin qarşısını almaq üçün alternativ addımlar atsın, öz müttəfiqlərinin sırasını genişləndirsin.

Bu gün İran tərəfindən Hizbullah və digər terror qruplaşmalarına verilən dəstək İsraillə yanaşı, digər dövlətlərin də xeyrinə deyil. İran dəstək verdiyi terror təşkilatlarından həmişə öz maraqları üçün istifadə edir. Bu da İsrail tərəfindən etirazla qarşılanır. İki ölkə arasındakı söz davası artıq nüvə təhdidlərinə keçib. Şübhəsiz ki, İsrailin ərəb dövlətləri ilə yaxınlaşması İrana qarşı atılmış bir addımdır.

- Yəni əsas hədəf İrandır.

- Əlbəttə, əsas hədəf İrandır. Amma hədəfdə Türkiyə də var. Artıq iki cəbhədə döyüşməyə başlayacaqlar. İran onsuz da köhnə düşməndir, yeni düşmən isə Türkiyə olacaq. Suriyada üstünlüyünü təmin etdikdən sonra Liviya ilə bağladığı saziş Türkiyəni bölgədə ən güclü və ən böyük oyunçuya çevirdi. Artıq bölgədə hesablaşılan güc qismində Türkiyə çıxış edir. İran burada hesablaşılan dövlət statusunu itirməkdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər