Operativ Qərargahın pandemiya dövrü ilə əlaqədar tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın, xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslərin onlara riayət etməsi tələb olunur. Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
O qeyd edib ki, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar:
“Sadə vətəndaşı karantin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, evdə qalmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində hər kəsi ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar".
Millət vəkili bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:
“Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə oluna bilər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ədalətlilik özünün ən sərt üzü ilə indiki zamanda görünməlidir. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Əgər kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Qanun qarşısında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın boynu qıldan incədir. Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir”.