Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin edilməsi orduda nizam-intizamın və döyüş qabiliyyətinin olmadığının göstəricisidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Ermənistan könüllülərin orduya cəlb olunmasına çalışmaqla işğalçı dəstələrini gücləndirmək fikrindədir.
Millət vəkili qeyd edib ki, ölkə daxilində baş verən siyasi proseslər fonunda Paşinyanın nüfuzu getdikcə itir və hakimiyyətdə qalmaq üçün çıxış yolunu orduya arxalamaqda görür:
“Ermənistanın əvvəlki prezidentlərinin iş təcrübəsindən bəllidir ki, hakimiyyəti saxlamaq yolu ordunun gücünə arxalanmaqdır. Paşinyan da bu məqsədlə orduya könüllülər adı altında terroristləri gətirmək və özünü siyasi rəqiblərindən qorumaq fikrindədir. Ermənistan ordusunda məcburiyyət qarşısında xidmət edən əsgərlərin mütəmadi olaraq fərarilik etməsi, bir-birini vurması orduda intizamın olmadığının məntiqi nəticəsidir. Bununla yanaşı gənclərin orduya getməməsi üçün müxtəlif yollarla xarici ölkələrə qaçması Ermənistanın son illər qarşılaşdığı növbəti problemlərdən birinə çevrilib. Bu məqsədlə də mövcud qanunvericiliyə dəyişikliklər etməklə Paşinyan orduda islahatlar aparmaq adı ilə bir tərəfdən hakimiyyətini qorumaq üçün vaxt qazanmağa çalışır, digər tərəfdən isə ordunu siyasi oyunlarının qurbanı etmək və rəqiblərinə qarşı yönəltmək fikrindədir”.
Deputat qeyd edib ki, Ermənistanda "Müdafiə haqqında" qanunda ediləcək dəyişiklər öz-özlüyündə ölkədə ciddi problemlər yaradacaq: “Çünki Paşinyanın ordudan siyasi məqsədlər naminə istifadə etməsi mümkünsüz olacaq. Digər tərəfdən orduda könüllülərin saxlanılması maddi cəhətdən də çətinlik yaradacaq. İndiki halda orduya əlavə maliyyə vəsaitinin ayrılması isə Ermənistan büdcəsi ilə tərs mütənasibdir. Nəticədə Ermənistan ordusu zəifləyəcək və Azərbaycan ordusu qarşısında aciz qalacaq".