2 Sentyabr 2020 18:26
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a bu dəfəki açıqlamasında dünən Rusiyada "Nezavisimaya Qazeta"da dərc olunmuş məqalədə Azərbaycanda Türkiyənin de-fakto hərbi bazasının olması və Suriyadan 500 muzdlunun Ermənistana hücum üçün ölkəmizə gətirilməsi barədə sərsəm iddialara münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, millət vəkili deyib: "Sözün doğrusu, həmin məqalə ilə əlaqədar bizim Müdafiə Nazirliyinin və XİN-in açıqlamalarından sonra tanış oldum. Mən həmin məqaləni oxuyanda cəmi 5460 nəfər o məqaləyə baxmışdı. Bu qədər az adamın izlədiyi qəzet yazısına iki nazirliyin cavab verməsi həm başadüşülən deyil, həm də dərin təəssüf hissi keçirdim.

Dünyada milyonlarla insanın, xüsusilə siyasi dairələrin izlədiyi nüfuzlu nəşrlərdə Azərbaycan haqqında əsası olmayan, böhtan xarakterli yazılar çap olunur. Onların çoxuna əhəmiyyət verilmir. Rusiyada yüzlərlə ermənilərə işləyən qəzet və saytlar var. "Nezavisimaya qazeta"da onlardan biridir.

Belə bir qəzetin cəfəngiyat dolu yazısına dövlət səviyyəsində cavab verilməsi həm xalqımızda, həm beynəlxalq ictimaiyyətdə bizim Rusiyadan və rus ictimai fikrindən, yalnış olaraq çəkindiyimiz və asılı olduğumuz kimi başa düşülə bilər. Azərbaycan suveren dövlətdir və torpaqlarının işğaldan azad olunması üçün beynəlxalq hüquq normaları ilə qadağan olunmayan bütün vasitələrdən istifadə edə bilər.

Qarabağ münaqişəsi zamanı Ermənistan dinc insanlara qarşı saysız-hesabsız müharibə cinayətləri törədib. Bu gün də işğal etdiyi əraziləri beynəlxalq hüquqa tüpürərək Livan erməniləri ilə məskunlaşdırır, amma Minsk qrupunun erməni həmsədrləri bizim ah-naləmizə baxmayaraq onlara yumşaq irad belə bildirmir. Hesab edirəm ki, Müdafiə Nazirliyi Rusiyanın hansısa qəzetinə yox, xalqımıza hesabat verməlidir ki, niyə bu günədək torpaqlarımızı işğaldan azad edə bilmirik..."


Müəllif: Teleqraf.com