“Nezavisimaya qazeta” özünü müstəqil qəzet adlandırsa da, jurnalistikada müstəqillik prinsiplərini kobud şəkildə pozur. Barmaqdan sovrulmuş faktlarla Azərbaycan əleyhinə iftiralarla dolu iddialar irəli sürür. Guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazası var, guya biz 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünü ölkəyə gətirimişik, onları Qarabağ istiqamətində yerləşdiririk, guya İraq və başqa ərazilərdən də muzdlu döyüşçülər axtarışındayıq və sair və ilaxır".
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə son vaxtlar Rusiyanın bəzi mətbuat orqanlarında Azərbaycana qarşı iftira dolu yazıların və məlumatların sayca xeyli artdığının şahidi oluruq:
“Əlbəttə, bu məsələnin arxasında erməni lobbiçilərinin, erməni maliyyə dairələrinin dayandığına şübhə etmək olmaz. Bundan əvvəl də guya hansısa kosmonavt qədim Xankəndiyə kosmosdan baxaraq orada “erməni sivilizasiyasının izləri”nə rast gəlib. Bu nə qədər gülməlidir! Uşaq da kosmonavtın 365 min kilometr məsafədən “erməni sivilizasiya izləri”ni tanımağa imkanı, halı olmadığını, başını kosmosda güclə girlədəyini aydın dərk edir. Bundan başqa Şuşa haqqında da Rusiya mətbuatında yazılar gedir. Bildirirlər ki, Şuşa “qədim erməni mədəniyyətinin”, “erməni sivilizasiyasının mərkəzi”dir. Halbuki Şuşa tarixən Azərbaycan mədəniyyətinin mərkəz şəhərlərindən biri olub. Onu nahaq yerə “Qafqazın konservatoriyası” adlandırmayıblar. Bu şəhərdən bizim böyük mədəniyyət, incəsənət xadimlərimiz, həmçinin, görkəmli ədiblərimiz çıxıb. Ermənilər oradan çıxan hansısa tanınmış erməninin adını çəkə bilməzlər”.
Müsahibimiz bildirib ki, “Nezavisimaya qazeta”da dərc olunan sözügedən məqalə barmaqdan sovrulmuş faktlardan ibarət olduğundan adamda dərin hiddət doğurur:
“Əvvəla, bizim bu dəqiqə ordumuzu komplektləşdirmək üçün heç bir kənar canlı qüvvəyə ehtiyacımız yoxdur. Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən çoxdur. İyul ayında Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş verən təxribatdan sonra minlərlə könüllü orduya yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə müraciət etdilər. Rəsmi məlumata görə, artıq 50 mindən çox insan orduya yazılaraq orduda xidmət etmək istəklərini bildirib. Bu gün onlar orduya cəlb olunmayıb, sadəcə olaraq siyahıya alınıblar. Demək istəyirəm ki, Azərbaycan Ordusunun insan resursları kifayət qədər böyükdür. Bizim ordumuzu xüsusi təyinatlılardan tutmuş ordunun müxtəlif birləşmələri üçün lazım olan kadrlarla, lazımi hərbi xidmət keçən adamlarla təchiz etməyə gücümüz çatır”.
Politoloq bildirib ki, Ermənistan tərəfi bu kimi məqalələr yazdırılmasını sifariş verməklə öz törətdiyi əməllərin izini itirməyə çalışır:
“Hazırda Ermənistan dərin demoqrafik böhran yaşayır. Bu böhranın nəticəsi olaraq onlar ölkəyə Livandan, Suriyadan və digər yerlərdən muzdlu döyüşçülər gətirir. Həmin muzdlular Tovuz əməliyyatı zamanı fəal iştirak ediblər. Ermənilər özləri apardıqları bu bədniyyətli işlərin izini itirmək, eləcə də danışıqlardan yayınmasını lazımi qaydada əsaslandıra bilmədiyi üçün məhz bu cür uydurma faktlarla ictimai rəyi çaşdırmağa çalışır. Erməni xisləti elədir ki, onlardan hər cür yalan, hər cür uydurma gözləmək mümkündür. Amma mən rus xalqının mətbuatının qabaqcıl nümayəndəsi olan “Nezavisimaya qazeta”nın bu addımını təəccüblə qarşıladım. Əlbəttə, hiddətlə pisləyirəm. Eyni zamanda bu nüfuzlu qəzetin belə ucuz, isbatı heç cür mümkün olmayan “faktlar” ətrafında iddialar irəli sürməsi zənnimcə, onun nüfuzuna ciddi xələl gətirir. Azərbaycan tərəfi son dövrlərdə Rusiya KİV-lərində ölkəmizin əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasına qarşıdır və bu kampaniyanın dayandırılmasını tələb edir”.