4 Sentyabr 2020 18:25
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll variantı əhəmiyyətli dərəcədə uğursuzluğa uğrayıb. Bu da hər gün müharibənin daha real görünməsi təsirini bağışlayır. Hazırki vəziyyətin də yaranmasının bir sıra mühüm səbəbləri var. Əsas səbəb isə Ermənistanın danışıqlarda vaxtı uzatmaq, "status-kvo"nu saxlamaqdan ibarətdir. Bununla bağlı bütün mümkün bəhanələr tükənib. Ermənistanın bu mövqeyi danışıqlar prosesinə, Minsk qrupunun həmsədrlərinə hörmətsizliyə gətirib çıxarıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

O vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar və müharibə yolu ilə həllində maraqlıdır: “Yeganə nəticə ərazi bütövlüyümüzün tam təmin olunması prinsipidir. Sözsüz ki, bu da qarşı tərəfin əsassız ümidlərini puça endirir. Prezident İlham Əliyev də danışıqların özünü doğrultmadığını və Minsk qrupunun fəaliyyətsizliyindən narazılığını bildirib”.

Xəyal Bəşirov deyib ki, Azərbaycanın sərt mövqeyindən işğalçı ölkə və dəstəkçiləri ciddi təşvişə düşüblər. Tovuz hadisələri sonrası ciddi proseslər, Türkiyə-Azərbaycanın birgə hərbi təlimləri işğalçının qorxusunu daha da gücləndirib”.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın hakimiyyətə gələnə qədər sülh göyərçini olmacağı obrazı da pozulub: “Artıq onun xalqına bədbəxtlik gətirə biləcək qara qarğa ola biləcəyi qaçılmazdır. Çünki Paşinyanı Ermənistan, erməni xalqı, Qarabağ deyil, öz hakimiyyəti təlaşlandırır”.

Siyasətçinin sözlərinə görə, hazırkı durumda müharibə variantı həmişə olduğundan daha real görünür: “Müharibədə müdaxilə olmadan, açıq döyüşlərin aparılacağı halda Azərbaycanın qalib gəlməsi mütləqdir. Bunu münaqişə tərəfləri, beynəlxalq ictimaiyyət yaxşı bilir”.


Müəllif: Tapdıq Qurbanlı