4 Sentyabr 2020 15:42
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ölkələrin bölgədə qaz layihələrinə maraqları var. Bu səbəbdən də Türkiyənin öz layihəsini həyata keçirməsinə maneçilik törətməyə çalışırlar. Uzun illərdir həllini tapmayan Kipr problemi də ortadadır. BMT-nin təşəbbüsü ilə “Anna” planına uyğun Kiprdə türk və yunan icmasının bir dövlətdə yaşaması üçün referendum keçirildi. Yunan icması referendumun əleyhinə səs verdi. Sirr deyil ki, o zaman məhz Yunanıstan bu problemin həllinə maneə yaratdı. İndi də vəziyyət gərginləşib, bölgəyə silahlar toplanır.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Aralıq dənizində Türkiyə və Yunanıstan arasında müşahidə olunan hərbi-diplomatik gərginlik haqqında danışarkən deyib.

Asim Mollazadə qeyd edib ki, Şərqi Aralıq dənizində gərgin atmosferi aradan qaldırmaq üçün NATO baş katibinin təşəbbüsü təqdirə layiqdir: “Türkiyə bu təşəbbüsü müdafiə edərək NATO çərçivəsində dialoqun aparılmasına tərəfdar çıxdı. Lakin Yunanıstan yenə də problemin həllindən yayınmağa çalışır.

Avropa Birliyi də bu məsələdə beynəlxaql hüquqa istinad etməli və Türkiyənin maraqlarını nəzərə almalıdır. Əks təqdirdə problem daha da kəskinləşəcək”.

Deputat qeyd edib ki, Şərqi Aralıq dənizində baş verənlərlə bağlı Bakının qəti mövqeyi var: “Azərbaycan prezidenti bu məsələdə dövlətimizin mövqeyini ifadə etdi, Azərbaycanın qeyd-şərtsiz Türkiyəni dəstəklədiyini açıqladı. Biz qardaş ölkələr kimi bütün beynəlxalq platformalarda bir-birimizi müdafiə edirik. Bu da çox mühüm amildir, eyni zamanda Avropa Birliyinə də ciddi siqnaldır. Çünki Azərbaycan Türkiyə ilə birlikdə mühüm layihələr həyata keçirib.

Mənə elə gəlir ki, haqq-ədalət öz yerini tutmalıdır. Bir çox hallarda dünya gücə arxalanan yanaşmalara üstünlük verir. Zaman çatıb ki, problemləri beynəlxalq hüquq normaları çəçivəsində həll etmək lazımdır. Yoxsa Fransa hərbi gəmiləri və qırıcılarının gəlib bölgədə vəziyyəti gərginləşdirməsi ilə məsələ həllini tapmayacaq. Əksinə, bu, imperiya təfəkkürünün göstəricisidir”.

Asim Mollazadə hesab edir ki, indiki halda Şərqi Aralıq dənizində yaranan gərgin durumla bağlı NATO-nun yanaşması daha ədalətli və realdır: “İki müttəfiq ölkə öz problemlərini NATO çərçivəsində həll edə bilər. Yəni vəziyyət yalnız beynəlxalq təşkilatlar çərçivəsində sahmana düşə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər