Hüquq müdafiəçisi Əvəz Həsənov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Əvəz bəy, sosial şəbəkədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun uzun illər mətbuat və vətəndaş cəmiyyətinə süni maneələr yaratdığını qeyd etmisiniz. Konkret nəyi nəzərdə tutursunuz?
- Uzun illər vətəndaş cəmiyyəti və mətbuat Əli Həsənovun kurasiyasında olub. O, müəyyən vaxt bu sahəni öyrəndi, təcrübə qazandı. Məsələn, 2010-cu illərə qədər QHT və medianın vəziyyəti bir qədər normal idi. Demək olar ki, QHT-lər işlərini koordinasiya edə bilirdilər. Əli Həsənov mövqeyini bərkidəndən sonra məhdudiyyətləri artırmağa başladı. Məhdudiyyətlər birbaşa Prezident Administrasiyasından gəlirdi və orada da bu sahəyə Əli Həsənov rəhbərlik edirdi. Məsələn, Elnur Aslanovun, Novruz Məmmədovun zamanında mən xaricilərlə birlikdə onlarla görüşmüşdüm. Görünürdü ki, vətəndaş cəmiyyətinin sıxışdırılması Əli Həsənovun şöbəsindən gəlir. Aparatdakı digər şəxslər vətəndaş cəmiyyətinin sıxışdırılmasına təəccüblə yanaşırdılar. Xaricilər onlara “rayonlarda tədbir keçirilməsinə icazə verilmir, biz rayonlara gedə bilmirik” tipli məsələ qaldıranda onlar bu məsələnin İctimai-siyasi şöbə ilə bağlı olduğunu deyir, bildirirdilər ki, bizim tərəfimizdən hər hansı problem yoxdur. Bir sözlə, Əli Həsənovun hakimiyyətdə möhkəmləndiyi dövrdə müxtəlif baryerlər düşünülürdü. Söhbət süni formada yaradılan məhudiyyətlərdən gedir. Bu baryerləri əslində aparatın digər sektorlar və şöbələri başa düşmürdülər. Sanki bu məhdudiyyətlər ictimai-siyasi şöbənin tövsiyəsi kimi qəbul olunurdu. Nəticədə vətəndaş cəmiyyəti sıxışdırılırdı.
- Başqa bir məqama toxunaq. Doğurdanmı Əli Həsənovun dövründə otellər və digər yerlərdə tədbirlərin keçirilməsinə icazə verilmirdi və beləcə bütün qurumları özünün qurduğu Beynəlxalq Mətbuat Mərkəzinə (BMM) yönləndirirdi?
- Heç kimə sirr deyil ki, 2012-ci ildən sonra konfrans zalı olan bütün otel və özəl qurumlara göstəriş verilmişdi ki, tədbirlərə icazə verərkən hökmən Prezident Administrasiyası ilə razılaşdırın. Biz də bu icazəni İctimai-siyasi şöbədən alırdıq. Qəribədir ki, BMM-də tədbir keçirmək istəyirdin, gəlib vaxtı müəyyən edirdin, bununla da məsələ bitirdi. Başqa sözlə, otellərə Prezident Administrasiyasından gələn tapşırıqlarla paralel olaraq BMM-də tədbirlərə icazə verilirdi. Deməli, burada maraq məsələsi də var idi.
- Maliyyə marağı?
- Sözsüz ki, maliyyə marağı da var idi.
- Bəs niyə bununla bağlı zamanında Əli Həsənova etiraz etmirdiniz?
- Biz BMM-də tədbir keçirən zaman İctimai-siyasi şöbənin vətəndaş cəmiyyəti ilə bağlı strategiyasını ciddi tənqid edirdik. Bilirdik ki, bütün bunlar yazılır, Əli Həsənova gedir və özü də buna qulaq asır. Ancaq mənim onunla görüşmək şansım olmayıb. Gəlib tədbirlərdə iştirak edən zaman da bir-birimizə ötəri salam vermişik. Biz hüquq müdafiəçiləri kimi Prezident Administrasiyasının başqa sektor rəhbərləri ilə görüşür, fikir və iradlarımızı deyirdik. Əli Həsənovla heç vaxt görüşməmişik.
- Doğurdanmı siz su anbarı ilə bağlı məsələni araşdırmaq istəyən zaman Əli Həsənov buna imkan verməyib?
- Bu faktdır və mən yazmışam. O vaxt mənə deyildi ki, bunun üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehiyevə məktub yazmaq lazımdır. Əslində hansısa QHT-nin gedib rayonda sorğu keçirməsi üçün Prezident Administrasiyasının rəhbərinə məktub yazması gülünc haldır. Ancaq biz məcbur idik. Mən sorğu keçirmək istəyirəm və İctimai-siyasi şöbəyə məktub yazıram ki, bizə icazə verin. Əslində bunun özü qanunsuz haldır. Biz məktub yazdıq, gözlədik. Sonra zəng edib soruşdum ki, icazə məktubunun nəticəsi nə oldu? Dedilər siz birbaşa Prezident Administrasiyasının rəhbərinə yazın. Mən bunun gülünc olduğunu görürdüm. Ölkəmizdə 3-4 min QHT var. Rayonda 1 saatlıq tədbir keçirməsi üçün Prezident Administrasiyasının rəhbərinə məktub yazmaq əslində absurd haldır. Qəribədir ki, biz icazə üçün rəsmi məktub yazırdıq, amma onlar şifahi cavab verirdilər ki, sizinlə bağlı rayon rəhbərliyinə deyilib, gedib tədbirinizi keçirə bilərsiniz.
Su anbarı ilə bağlı tədbirimizə icazəni uzatdılar. Sonra rayona getdik ki, bizə Prezident Administrasiyasından icazə veriblər. Rayonda da dedilər ki, sizə icazə verməyiblər, imtina ediblər. Beləcə bizi futbol topu kimi fırladırdılar. Qəribə bir şeydir.
- Bəs sizə layihələrinizi onlara yaxın qurumlarla keçirmək təklifi edilirdimi?
- Birbaşa Əli Həsənov etməyib. Amma kimsə su anbarı məsələsində bizə təklif etdi ki, gedin rayonda filan QHT ilə birlikdə bu məsələni araşdırın. Əlbəttə, biz buna razı olmadıq.
- Niyə Əli Həsənov qanunsuz icazə məhdudiyyəti tətbiq edirdi?
- Əslində bir QHT-nin Bakıda tədbir keçirməsi üçün icazə alması gülünc vəziyyətdir. Yəni dövlət məmurunun icazə verməsindən sonra QHT-nin gedib tədbir keçirməsi yaxşı hal deyil. Tutaq ki, QHT hansısa yerli və ya xarici fondla müqavilə bağlayır. Bu müqavilə əsasında onun hesabına pul gəlir. Bu pulun da vergisi ödənilir. Başqa sözlə, hansısa bir dövlət strukturu ilə bu vəsaitin xərclənməsi istiqamətində münasibətlər yaranır. Vergilər Nazirliyi də dövlət sturukturudur. Əgər Vergilər Nazirliyinin hansısa QHT-yə etibarı yoxdursa, həmin QHT-nin pul almasını dayandıra bilər. İstənilən halda dövlət özü bank, vergi, ədliyyə strukturları vasitəsilə QHT-lərin maliyyə almasına nəzarəti həyata keçirə bilir. Bu halda QHT-nin tədbir və ya sorğu keçirməsi üçün başqa dövlət strukturundan icazə alması bir qədər gülməli görünür. Tam səmimi deyim ki, Gürcüstanda buna görə bizə gülürdülər. Yəni PA İctimai-siyasi şöbəsi belə maneələr yaradırdı. Halbuki QHT layihə alanda onsuz da bunu Ədliyyə Nazirliyində təsdiq etdirirdi.
- Əli Həsənov niyə onunla görüşən xariciləri Qarabağ Araşdırmalar Mərkəzində olmağı məsləhət görürmüş?
- Söhbət məndən deyil, əcnəbilərdən gedir. Bakıya əcnəbilər gəlmişdi, Əli Həsənovla görüşdükdən sonra bizimlə də görüş oldu Onlar mənə sual etdilər ki, Qarabağ Araşdırmalar Mərkəzi hansı qurumdur, sizinlə işləyirlərmi? Mən də deyirdim ki, nə onların tədbirlərinə gedirəm, nə də məni dəvət edirlər. Bu, bir dəfə olmayıb, dəfələrlə belə hallarla rastlaşmışam.
- Qarabağ Araşdırmalar Mərkəzi haqqında nə bilirsiniz, onu araşdıra bildinizmi?
- Bu mərkəzdə çalışan Əli Həsənovun kafedrasında işləyən şəxs idi. Yəni Həsənovun özünün kadrıydı. Əcnəbilər dedilər ki, Əli Həsənovun qızı həmin mərkəzdə çalışır. Ümumən Qarabağ Araşdırmalar Mərkəzi bilavasitə Əli Həsənovun nəzarətində olan qurum idi. Təsəvvür edin ki, Əli müəllim Qarabağ Araşdırmalar Mərkəzi qurur, ona hər cür şərait yaradır, kitablar buraxırlar və s. Ancaq bunlar Qarabağla bağlı işləyən adamları bir dəfə də olsun görmürdülər. Bu da bir həqiqətdir.
- Artıq Əli Həsənov vəzifədən çıxarılıb və bu sektora nəzarəti itirib. Hazırda vəziyyət necədir, bu istiqamətdə dəyişikliklər müşahidə olunurmu?
- Sözsüz ki, QHT hansısa dövlət qurumundan və fonddan layihə alırsa, bu, Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Yəni QHT-nin əlində qeydiyyatdan keçməklə bağlı bildiriş varsa, istədiyi rayonda tədbirlərini keçirməlidir. Bu halda ona administrativ maneə yaradan məmur da cəzalandırılmalıdır. Çünki QHT artıq ən yüksək dövlət qurumlarından birində özünün fəaliyyətini bəyan edib, qeydiyyatdan keçirib və vergisini də ödəyib.
İndiki zamana gəldikdə deyim ki, ölkədə böyük kadr dəyişiklikləri aparılıb. Ancaq bu mərhələdə bizim elə böyük fəaliyyətimiz yoxdur. Hamı evdə əyləşib və "Zoom"la işləyir. Belə baxanda layihə yoxdur ki, dəyişikliklər də müşahidə edə biləsən. Bu, pandemiyadan doğan məsələdir.
- Ancaq Prezidentin köməkçisi Hikmət Hacıyev bir qrup QHT nümayəndəsi ilə onlayn müzakirələr aparıb, onların təkliflərini öyrənib...
- Bəli. Biz özümüz Hikmət müəllimlə görüşüb QHT-lərlə bağlı problemi onun diqqətinə çatdırmışıq. Eyni zamanda təkliflərimizi səsləndirdik. Hikmət müəllim də bizi başa düşdü. Ümid edirəm ki, bundan sonra münasibətlər köklü surətdə dəyişəcək. Elə Hikmət müəllimin özü, sonra müxtəlif qurumların, deputatların QHT-lərlə görüşündən sonra bəlli olur ki, bu münasibət dəyişəcək. Prezident Administrasiyasının şöbə müdiri indiyə qədər "Zoom" vasitəsilə 500-600 QHT təmsilçisi ilə görüşüb və səsləndirilən təklifləri eşidib. Eyni zamanda öz fikirlərini də bildirib. Biz ümid edirik ki, baş verən kadr dəyişiklikləri vətəndaş cəmiyyətinin də yaxşılaşmasına səbəb olacaq. Əslində başqa variant da yoxdur. Yaradılan baryerlər də süni olub və bəlli kadrlar tərəfindən yaradılıb. Hər halda indi görünür ki, onlar bu maneələri yaradıblarmış. Ola bilsin ki, özlərinin fərdi maraqları da olub.