9 Sentyabr 2020 23:00
5 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb. Müsahibəni təqdim edirik.

(Əvvəli burada)

– Yəqin Milli Məclisdə hansı deputatın harada əyləşməsində müəyyən nüanslar nəzərə alınır. Bəlkə sizdən də soruşulub...

– Qətiyyən! Harada oturmaqla bağlı məndən fikir soruşulmayıb. Kimlə əyləşəcəyimlə bağlı mənimlə məsləhətləşmə aparılmayıb. Parlamentə gəlmişəm və mənə göstəriblər ki, buyurun, sizin yeriniz buradır. Görmüşəm ki, adım yazılıb, oturmuşam. Amma doğrusunu deyim ki, ilk vaxtlar gözləntim qabaqda oturmaqdan ibarət idi. Bilmirdim, parlament təcrübəm yoxdur, amma bu gün arxada əyləşməyimdən şadam. Arxa sırada əyləşməklə bütün deputatları görə, kim danışırsa, onları izləyə bilirəm. Amma qabaqda oturanda arxaya baxmalısan ki, kim danışır, necə danışır. Oturduğum yerdən məmnunam.

O ki qaldı hansı deputatın harada əyləşməsi ilə bağlı müəyyən nüansların nəzərə alınmasına, mən bunu istisna etmirəm.

– Qabaqda əyləşəndə də monitordan çıxışlara baxmaq olur axı...

– Monitorda jestləri görmək olmur. Hər bir halda arxa sırada əyləşmək daha münasibdir.

– İlk iclas günü bildiniz ki, kiminlə, harda əyləşəcəksiniz?

– Təbii ki.

– Bu da maraqlıdır ki, yanaşı əyləşən iki deputatın təmsil olunduqları siyasi partiyalar eyni gündə dövlət qeydiyyatına alınıb. Bu təsadüfdür, yoxsa zərurət?

– Bu necə zərurət olsun ki?! Onlar da, mən də siyasi partiya təmsilçisiyik. Neçə illərdir ki, qeydiyyat üçün mübarizə aparmışıq və indi qeydiyyata alınmışıq. Mənə belə gəlir ki, burada xüsusi bir qanunauyğunluq, zərurət, hesablama və sair yoxdur. Sadəcə olaraq partiyalar dövlət qeydiyyatına alındı. Onların qeydiyyata alınması da ümumiyyətlə, bir zərurət idi. Sonda onsuz da qeydiyyata alınacaqdılar. Daha burada başqa məqamlar axtarmağın nə dərəcədə doğru olduğunu bilmirəm.

– Bilirsiniz ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar deputatlarının sayına müvafiq olaraq dövlətdən maliyyə vəsaiti alır. Milli Cəbhə Partiyası da parlamentdə təmsil olunan siyasi partiya kimi dövlətdən maliyyə vəsaiti alacaqmı? Ümumiyyətlə, partiyanızın dövlət qeydiyyatına alınması sizin Milli Məclisin deputatı kimi statusunuza hansısa formada təsir edəcəkmi?

– Hər bir siyasi partiyanın arzusudur ki, parlament partiyası olsun. Bizim bu şansımız yarandı və mən buna görə çox şadam. Partiya üzvləri də şaddır. Parlament partiyası olandan sonra rəsmi dövlət qeydiyyatından keçən siyasi partiya rəhbəri olaraq mənim məsuliyyətim də, öhdəliklərim də artır. Bu məsuliyyət həm partiya və onun üzvləri, həm Azərbaycan vətəndaşları, həm də dövlətçilik qarşısındadır. Bunu dərk edirəm və bu məsuliyyətə uyğun da fəaliyyət göstərməyi qarşıma məqsəd qoymuşam. İkincisi, partiyanın dövlət qeydiyyatına alınması, parlament partiyasına çevrilməsi Milli Cəbhə Partiyasına da dövlət tərəfindən siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə vəsaitinin ayrılmasını mümkün edə bilər. Hələlik bununla bağlı necə qərar veriləcəyini dəqiq deyə bilmərəm. Amma təbii ki, bu məbləğ də hər zaman partiyanın inkişafına, strukturlarının möhkəmləndirilməsinə sərf olunacaq. Mənə belə gəlir ki, üzərimizdən maliyyə yükünü kifayət qədər azaltmış olacaq. Üçüncüsü, ən vacib məqam budur ki, partiyanın idarə olunması, vəsaitlərin xərclənməsi şəffaf şəkildə həyata keçirilir. Partiya tam şəffaf, qanunlarla fəaliyyət göstərən, qanunlara uyan və hər bir qəpiyinin hesabatını verən hüquqi şəxsə çevrilir. Bu da sevindiricidir.

– Sonuncu parlament seçkisində bitərəf namizəd kimi iştirak etmisiniz. Sonradan partiyanızın adı dəyişilib və dövlət qeydiyyatına alınıb. İndi bu məsələləri hüquqi cəhətdən tənzimləmək mümkün olacaqmı?

– “Siyasi partiyalar haqqında” qanunda xüsusi olaraq qeyd olunmayıb ki, qeydiyyata alınmamış siyasi partiyanın üzvləri seçkidə iştirak edərsə və qalib gələrsə, onlar parlamentdə təmsil olunduğu müddətdə üzv olduqları partiya dövlət qeydiyyatına alınarsa, o partiya parlament partiyası sayıla və dövlət büdcəsindən maliyyələşdirilə bilməz. Yəni qanunda belə bir müddəa yoxdur. Ona görə də düşünürəm ki, yəqin bunun hüquqi mexanizmləri var və həll olunacaq.

“İstərdim ki, bu fikrimi qara şriftlə verəsiniz”

– Bir sıra yüksək və orta çinli məmurların istefaya göndərilməsindən sonra məlum olur ki, xaricdə fəaliyyət göstərən “söyüş müxalifəti”nə himayədarlıq edənlər elə həmin məmurlar imiş. Konkret olaraq Qurban Məmmədovla bağlı açıqlanan faktların timsalında bunu aydın şəkildə görmək mümkündür...

– Bununla bağlı müəyyən açıqlamalar olur. Qoy, faktlar ortaya qoyulsun. Amma mən həmişə düşünmüşəm və bu gün də düşünürəm ki, xaricdə olan “söyüş müxalifəti”nin üzvlərinin maliyyə təminatının xeyli hissəsi Azərbaycandan gedirdi. Üç-dörd ildən çoxdur ki, bu məsələ müzakirə olunur, müxtəlif fikirlər səsləndirilirdi. Artıq bununla bağlı faktlar ortaya qoyulmalı, həbslər həyata keçirilməlidir. Sübutlar olmalıdır ki, biz də bu barədə açıq-aydın danışa bilək.

“Söyüş müxalifəti” Azərbaycanda qanunlarla fəaliyyət göstərən siyasi partiyaların, ümumiyyətlə, müxalifətin nüfuzuna ciddi zərbə vurur. Eyni zamanda dəyişikliklər həyata keçirmək istiqamətində hakimiyyətə maneçilik törətməkdədir. Bu baxımdan mən onların fəaliyyətini pisləyirəm. Əvvəllər bir neçə dəfə onları dinləyirdim. Bu gün isə artıq onları dinləmirəm. Çünki dinlədikcə adamda onlara qarşı nifrət və ikrah hissi oyanır.

Elə adını çəkdiyiniz Qurban Məmmədovun leksikonu, ritorikası o qədər bərbaddır, o qədər haqsız danışır, fikirlərini elə lənətlə yoğrulmuş bir şəkildə ifadə edir ki, insanda qeyd etdiyim kimi nifrət və ikrah hissi doğurur. Mənə belə gəlir ki, onların fəaliyyəti qisasçılıq üzərində qurulub. Onlar qisasa, qan-qadaya səsləyir. Azərbaycan xalqının onları dinləməsini istəmirəm. Onlar çox yaramaz bir fəaliyyətlə – söyüşlə məşğuldurlar. Amma onlar bəzən o ritorikalarının içərisində xalqın qəlbindən keçən ifadələri də səsləndirirlər. Özü də bunu çox şişirdilmiş, populist formada edirlər. Qoy o müzakirələr Azərbaycanın daxilində getsin. Sizin redaksiyanızda, başqa KİV-lərdə bu suallar qoyulsun, biz bu istiqamətdə müzakirələr aparaq. Qoy Azərbaycanın Milli Məclisində bu müzakirələr getsin. Çox kəskin, ağır tənqidlə dolu müzakirələr Azərbaycan parlamentində olsun. Parlamentin üzvləri nə qədər tənqid etsələr də, onlar dövləti qan-qadaya sürükləmək istəməz. Onlar dövlətçiliyimizə xəyanət etməz, suverenliyimizə təhdid yaratmaz.

Onlar sadəcə olaraq Azərbaycan xalqının daha ləyaqətlə və yaxşı yaşaması üçün fikirlər səsləndirəcəklər. Təhqirə yol verməyəcəklər, etikadan kənar ifadə işlətməyəcəklər. Azərbaycanda internet televiziyaları var, qoy həmin müzakirələr internet televiziyalarında aparılsın. Azərbaycan xalqı söyüşə yox, ağıllı fikirlərə qulaq assın, çünki o ağıllı fikirlər həm də ona yol göstərir. Həmçinin, Azərbaycan iqtidarına müdrik şəkildə yol göstərir ki, xalqı hansı şəkildə idarə etmək lazımdır. O, daha çox müsbət nəticələr gətirər, nəinki onların söyüşü. Onun üçün “söyüş müxalifəti”ni xalq birdəfəlik öz yaddaşından silməli, onları boykot etməli, onlara qulaq asmamalıdır.

Çünki bu gün dövlət başçısını, dövlətin rəmzlərini təhqir edən, ermənilərə haqq qazandıran, öz maraqlarına cavab vermədiyi üçün heç vaxt erməniləri tənqid etməyən, yaxud onlar haqqında kəskin fikir bildirməyən şəxslər, hətta Tofiq Yaqublu haqqında ingilis dilində hazırlanan məlumata Dağlıq Qarabağla bağlı məqamları salmayan, onun Qarabağda vuruşduğunu deməyən bax o cür qüvvələr Azərbaycan xalqı ilə düşmənçilik edir. Demək, onlar ancaq öz maraqlarını düşünür. Bu, təbii ki, “söyüş müxalifəti”ni həm də Azərbaycan xalqının düşməninə çevirir. Azərbaycan xalqı onlardan nə öyrənəcək? Onlardan nə dərs alacaq, nəyi nümunə gətirəcək? Bu baxımdan onları dayandırmağın, susdurmağın bir yolu var: istərdim ki, siz bunu yarımbaşlıq çıxarasınız, yaxud yazının içərisində qara şriftlə verəsiniz. “Söyüş müxalifəti”ni dayandırmağın yolu Azərbaycanda həqiqi, düzünü deyən, şəffaf şəkildə fəaliyyət göstərən media orqanlarının yaradılmasından keçir. Bütün o ağır müzakirələrin, hətta iqtidar nümayəndələri üçün həzm edilməsi çətin olsa da, göz yumaraq onlara bu imkanların yaradılmasıdır.

Müzakirələr burada getməli və xalq qəlbinin arzusu olan, ürəyindən hay verən, eşitmək istədiyi fikirləri onlardan yox, Azərbaycanın daxilində deyilən tənqidlərdən eşitməlidir. O siyasətçilərdən, ekspertlərdən, parlament üzvlərindən, dövlət təmsilçilərindən eşitməlidir, nəinki çıxışını söyüş ritorikası üzərində qurub, içərisinə də bir-iki qram həqiqət qatan “söyüş müxalifətindən”.

– “Söyüş müxalifəti”nin hədəfə aldığı şəxslərdən biri də siz özünüzsüz. Sevinc Osmanqızı sizin haqqınızda “səliqəli müxalifət” ifadəsi işlədib...

– Bilirsiniz, bizim haqqımızda deyilən fikirlərin hamısına münasibət bildirməyimiz üçün çox zaman tələb olunar. Biz onlar haqqında fikir bildiririk, onlar da bizim haqqımızda fikir bildirirlər. Bu onların öz fikridir. Təbii ki, mən “səliqəli müxalifət” deyiləm. Amma həm də “səliqəli müxalifətəm”, yəni qanun-qaydalarla işləyən müxalifətəm, parlament üzvüyəm. Mən yaxşı müxalifət olmaq üçün söyüş söyməliyəm? İkincisi, müxalifətin necə olması ilə bağlı məgər Sevinc Osmanqızı lisenziya verir? Yaxud qaydaları xaricdə olanlar müəyyənləşdirir? Sadəcə bunları boş vermək lazımdır.

– Bu yaxınlarda Binəqədi rayon prokuroru ilə bağlı şikayətiniz olmuşdu. Həmin məsələ ilə bağlı təhqiqat yekunlaşdımı?

– Mən bu məsələ ilə bağlı cavab gözləyirəm. Açığı, mənim gözləntim budur. O prokuror cəzalandırılmalı, ola bilsin ki, işdən çıxarılmalıdır. Çünki bir millət vəkilinə edilmiş hörmətsizlik Milli Məclisin üzvü olan bütün deputatlara edilmiş hörmətsizlikdir. Əgər bütün deputatlara edilmiş hörmətsizliyin cəzası olmursa və bu mətbuata açıqlanmayacaqsa, o prokurora cəza verilməyəcəksə, mən bu məsələ ilə bağlı yenidən yeni gündəm yaradacam. Bunu buradan açıq şəkildə bəyan edirəm və deyirəm ki, mütləq şəkildə o prokurorla bağlı cəza mexanizmi həyata keçirilməlidir. Həyata keçirilməyəcksə, Razi Nurullayev onunla bağlı çox kəskin çıxışlar edəcək. Bildiyim bir çox faktları da açıq şəkildə mediaya söyləyəcəm və bundan da kəskin və radikal olacam. Bu, birmənalıdır. Çünki bu, təkcə mənə qarşı yox, bütün deputatlara edilən hörmətsizlikdir.

– Bu günlərdə yol polisi ilə də insident yaşamısınız...

– Yol polisi məni saxlayıb, mən ona deputat vəsiqəsi təqdim etmədim. Parlamentin üzvü olduğumu demədim. Beş dəqiqə gözlədim. Gördüm ki, o, qanunsuzluq edir. Bundan sonra dedim ki, mən deputatam. Hələ deputat olduğumu dedikdən sonra da hörmətsizliyini davam etdirməyə başladı. Bununla bağlı bir açıqlama vermişəm. Azərbaycanın az qala yarısı onu paylaşır, saytların demək olar ki, hamısı yerləşdirib. Mən bununla bağlı açıqlama gözləyirəm. Özünü Nurlan Kərimov kimi təqdim edən o yol polisi əməkdaşının və məsləhətləşdiyi komandirinin ən yüngül cəzası işdən qovulmasıdır. Bu, yenə də mənə edilən hörmətsilik deyil, Azərbaycanın Milli Məclisinə edilən hörmətsizlikdir və onlar cəzalandırılmalıdır.

“Düşünürlər ki, bu işlər ancaq Razinin başına gəlir”

– Maraqlıdır, prokurorluq və polislə bağlı xoşagəlməz işlər niyə ancaq sizin başınıza gəlir?

– İnanın ki, bu cür işlər təkcə mənim başıma gəlmir. Bu cür işlər bir çox deputatların, məmurların, sadə vətəndaşların başına gəlir. Sadəcə olaraq mən onu ictimailəşdirirəm. Çünki Allaha şükürlər olsun, mən onların heç biri qarşısında gözükölgəli deyiləm. Gözükölgəli olmadığım üçün ictimailəşdirirəm, amma başına belə hadisələr gələn bir çoxları hansısa dostunun xahişinə, özünün hansısa mədəniyyətinə, etikasına, mənəvi xüsusiyyətinə görə ictimailəşdirmir, başını ağrıtmaq istəmir, yorulub. Amma vətəndaşlarımız bununla bağlı hər gün yüzlərlə paylaşım edir. Hər gün yüzlərlə problemini qaldırır. Sadəcə mən Milli Məclisin deputatı, siyasi partiya sədri və tanınmış şəxs olduğum üçün mənim söylədiklərimin təsiri yüz dəfə, min dəfə daha çox olur, ictimailəşir. Düşünürlər ki, bu işlər ancaq Razinin başına gəlir.

– Milli Məclisdə İmişli rayonunu təmsil edirsiniz. Necə oldu ki, Binəqədi rayon prokuroru ilə ünsiyyətə girmək zərurəti yarandı?

– Mən yaxından tanıdığım bir şəxslə bağlı məlumat almaq istəyirdim. O insanla bağlı bir-iki sualıma cavab istəyirdim. Onun üçün zəng etmişdim. Heç nə xahiş etmək istəmirdim. Sadəcə məlumat almaq istəyirdim. Çünki onunla bağlı mənə yalan məlumatlar verilmişdi. Mən bunu prokurordan eşitmək istəyirdim. Bilmək istəyirdim ki, bunun hansı həqiqətdir, hansı həqiqət deyil. Mən Baş Prokurorluqda qəbul olunan zaman bunların hamısını açıq şəkildə demişəm. Onlar da əmin oldular ki, mən bunu tam səmimi deyirəm. Özləri də gördülər ki, mən dediklərimdə nə qədər səmimiyəm. Amma prokuror səmimi deyildi.

Digər tərəfdən mənim haradan deputat seçilməyimin bura dəxli yoxdur. Mən Milli Məclisin deputatıyam və Azərbaycanın hər yerindən mənə yüzlərlə şikayət məktubu gəlir. O şikayətləri mən aidiyyatı üzrə həmin deputatlara göndərirəm. Bir çox vətəndaşlar var ki, onlar üzləşdikləri hansısa çətinliklə məhz mənim maraqlanmağımı istəyirlər, təkid edirlər. Mən yenə də bir çox hallarda bu haqda həmin deputatlara məlumat verirəm. Amma bir çoxları mənə siyasi partiya sədri kimi müraciət edir. Yəni onlar yazdıqları müraciətdə Milli Cəbhə Partiyasının sədrinə, yaxud sadəcə Razi Nurullayevə müraciət etdiklərini qeyd edirlər. Amma əgər bu məsələ xüsusi olaraq həmin deputatın səlahiyyətinə aid məsələdirsə, mən mütləq şəkildə onu həmin deputata yönləndirirəm, yaxud onlara məsləhət görürəm ki, həmin deputata müraciət etsinlər. Eyni qaydada digər deputatlar mənim səlahiyyətimə dair onlara daxil olan məktubları mənə yönləndirirlər. Yəni burada heç bir halda anlaşılmazlıq yoxdur.

“Hamı vətəndaşı başından edir...”

– Qeyd etdiniz ki, Azərbaycanın hər yerindən yüzlərlə şikayət məktubu alırsınız. Bu, neçə gün ərzində alınan məktubların sayıdır?

– Bir gün ərzində. Məsələn, bu müsahibəm sizin saytda yayımlanacaq. Bu müsahibədən sonra mənə ən azı 200 məktub gələcək. Məsələ ondadır ki, mən danışıram, problemləri deyirəm. İnsanlar düşünür ki, Razi Nurullayev bu məsələləri deyir və ürəyimizdən tikan çıxarır. Demək, o, bu problemi bilir. Gəl, ona müraciət edək, problemimizi həll etsin. İndi biz vətəndaşlara deyə bilmərik ki, ay vətəndaş sən niyə qanunları bilmirsən? Niyə bilmirsən ki, sənin öz deputatın var, niyə Razi Nurullayevə müraciət edirsən? Mən vətəndaşa deyə bilmərəm ki, mənə müraciət etmə. Mən vətəndaşa deyə bilmərəm ki, bir də mənə zəng etmə. Mən vətəndaşa deyə bilmərəm ki, sən niyə öz hüququnu bilmirsən və sair. Deyər ki, gəl öyrət. Deyər ki, niyə sənin dövlətin o hüquqları mənə öyrətmir?! Niyə mənə yaxşı təhsil verməyib ki, mən belə savadsız qalmışam?! Niyə mənim dünyagörüşüm yerində deyil?! Bu vətəndaşın günahıdırmı? Vətəndaşın günahı deyil! Biz vətəndaşa deyə bilmərik ki, sən niyə gedib qanunsuz ev tikmisən? O vətəndaşa qanunsuz ev tikməyə niyə icazə veriblər? O vətəndaşa deyə bilmərik ki, sən niyə gedib ordan torpaq almısan, o torpaq səndən qabaq artıq iki-üç nəfərə satılıb. Kimsə pulu mənimsəyib, cibinə qoyub. Haram pulları övladına, ailəsinə yedirdib. Mən bunu vətəndaşa deyə bilmərəm. Mən gözüyaşlı gələn vətəndaşa deyə bilmərəm ki, sənin deputatın var, get onun yanına. Mən onun göz yaşını, problemini görürəm, başqa deputata da yönəldirəm, özüm də çalışıram ki, ona kömək edim.

Digər tərəfdən mən 2018-ci ildə prezidentliyə namizəd olmuşam. İnsanlar məni tanıyır, mənim çıxışlarımı dinləyiblər. Onlar mənə bir vətəndaş kimi də müraciət edirlər. Mən bu insanları niyə geri çevirim? Mənə müraciət edən vətəndaşların heç olmazsa, 50 faizini aidiyyatı üzrə öz deputatlarına, başqa idarələrə yönləndirirəm. Çünki baxıram ki, bu mənə aid deyil. Qalanları ilə bağlı həmin deputatlarla birlikdə söhbət edirik, problemin həllinə çalışırıq. Mən o qədər deputatla söhbət etmişəm ki, bax, bu problem var. Biz bunu necə həll edə bilərik? Yəni biz məsələyə belə yanaşmalıyıq ki, bu vətəndaşa kömək edək. Başımızdan etməyək. Vətəndaş sənin yanına hər hansı şikayətlə gəlirsə, sən onu başından etməli deyilsən. Sən ona yol göstərməlisən ki, səhv gəlmisən, aidiyyatı üzrə get, bu yox, bax bu sənin problemini həll edər. Mən götürüb zəng edirəm ki, “alo, filankəs, sənin yanına bir nəfər gəlir, səhvən mənim yanıma gəlmişdi, xahiş edirəm onu qəbul edin, köməklik edin”. Bəs biz vətəndaşa bunu etməsək, vətəndaş ölkəsindən, dövlətindən razı qalacaq? Qalmayacaq! Sən vətəndaşın problemi ilə yaşamırsansa, necə məmur, necə vətəndaş ola bilərsən?! Mən bu gün siyasi partiya rəhbəriyəm, xalqın sözünü deməsəm, onun qayğıları il yaşamasam necə deyə bilərəm ki, xalq məni vəkil seçsin?! Hamı başından etdiyi, “mənlik deyil” dediyi üçün bu qədər problem yaranıb, Razi Nurullayev də gündə 500 məktub alır. Çünki hamı başından edir. Başdan etmək lazım deyil, vətəndaşın yanında dayanmaq, vətəndaşın dərdinə şərik çıxmaq lazımdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər