16 Sentyabr 2020 18:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri bu gün həm regional, həm də qlobal baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bu münasibətlər bütün sahələrdə dərin və sıx əməkdaşlıq, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. İki ölkənin əməkdaşlığı regional proseslərdə əhəmiyyətli rol oynamaqla müsbət nəticələr verməkdədir.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışı zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, iki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir:

"Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının siyasi-mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət edən tarixi nailiyyətimizdir. Siyasi, iqtisadi, mədəni, hərbi sahələri əhatə edən qarşılıqlı fəaliyyətlərimiz regionun sabitliyinə və rifaha öz təsirini göstərməkdə və töhfəsini verməkdədir. Bu baxımdan həyata keçirdiyimiz neft-qaz kəmərləri, dəmiryol xətti layihəsi beynəlxalq səviyyədə inkişaf proseslərinə öz töhfəsini verib. Bu layihələr ölkələrimizi əhatə edən Şərq-Qərb dəhlizinin formalaşmasında və inkişafında aparıcı rol oynayıb”.

Xələf Xələfov bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artıb:

“Koronavirus pandemiyasına baxmayaraq son aylarda da artım müşahidə olunmaqdadır. 2023-cü ilədək ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması qarşıya hədəf qoyulub”.

Diplomat hərbi sahədə də əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib:

“İkitərəfli müstəvidə nümunəvi əməkdaşlıqla yanaşı ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir. Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı nəzərdə tutulmayıb”.

Xələf Xələfov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə indiyə qədərki kimi yüksək səviyyədə olmayıb:

“Bunun təməlində heç şübhəsiz ki, Azərbaycan və Türkiyə milləti dayanır. Azərbaycan-Türkiyə həmrəyliyi və müttəfiqliyi ölkələrimizin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın titanik səyləri, yenilməz iradələri sayəsində əbədi və dönməz xarakter alıb”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər