22 Sentyabr 2020 09:05
15 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, yazıçı Aqil Abbasla cəbhədə müşahidə olunan gərginliyi müzakirə edib.

Həmin müsahibəni təqdim edirik:

- Aqil bəy, ötən gün axşam saatlarından Ermənistanın yenidən Azərbaycanla dövlət sərhədində təxribatlara cəhd etməsini necə qiymətləndirirsiniz?

- Son müsahibəsi zamanı cənab Prezident bu məsələlərə əslində toxunub. Çox ciddi şəkildə ortaya mövqe qoyub. Tovuz təxribatı və digər məsələlərə dair fikrini bildirib. Açıq deyib ki, Ermənistan tərəfi danışıqları pozur.

İndi baş verənlərə gəldikdə hesab edirəm ki, bu, Ermənistan tərəfinin açıq təxribatıdır. Bizi təxribata çəkmək istəyirlər ki, onları vuraq, sərhədi keçək və s. Bəli, onlar müharibəyə hazırlaşırlar. Həm də çalışırlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu müharibəyə qoşsunlar. Yəni rusların onlara açıq dəstək verməsinə nail olsunlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, üzv ölkələrdən biri hücuma məruz qalarsa, onun ərazisinə daxil olunarsa, həmin müttəfiq dövlətə dəstək verilir. Ancaq cənab Prezident açıq qeyd etdi ki, Azərbaycanın başqa ölkələrin torpaqlarında gözü yoxdur, biz yalnız Qarabağı azad edəcəyik. Mənim fikrimcə, bu təxribatların qarşısı elə alınmalıdır ki, Ermənistan tərəfi bir daha belə addımlara getməsin. Bir məqamı qeyd etmək istəyirəm. Axşam hadisə olub, bundan 20 dəqiqə sonra sosial şəbəkələr az qala partlayırdı. Belə şeylər olmaz. Müdafiə Nazirliyi dəfələrlə xahiş edib ki, ondan əvvəl qeyri məlumatlar yayılmasın. Amma baş verənləri çəkib qoyublar sosial şəbəkəyə. Bunun bizim üçün mənfi cəhətləri də ola bilər. Hesab edirəm ki, insanlar bu məsələni nəzərə almalıdırlar.

Erməni təxribatlarının qarşısı birdəfəlik alınmalıdır, torpağımızı azad etməliyik, erməni də çəkilib oturmalıdır öz xarabasında.

- Düşmən qoşunların təmas xətindən deyil, dövlət sərhədindən təxribatlara cəhd edir. Bu məntiqlə sabah Naxçıvan, başqa gün Gədəbəy istiqamətində belə təxribatçı hücumların şahidi ola bilərik. Ermənistanın məhz Qarabağ cəbhəsindən deyil, dövlət sərhədindən təxribatlar etməsində məqsədi nədən ibarətdir?

- Bildiyiniz kimi onların müdafiə naziri bir qədər irəli gedərək bildirib ki, Gəncəni də “alacaqlar”. Onlar müharibə başlatmaq, bizi qorxutmaq, habelə böyük neft-qaz kəmərlərinin, beynəlxalq yolların keçdiyi əraziləri ələ keçirmək istəyirlər. Məqsəd budur. Başqa əraziləri işğal etmək. Bunu aydın deyirlər. Erməni mətbuatında Paşinyan da, Tonayan da, digərləri də buna işarə edirlər.

- Bütün bunlar Ermənistanın öz oyunu, planıdır?

- Ermənistan bir dövlət olaraq heç zaman öz oyununu oynamayıb. Ermənistan kimlərinsə oyununa gedir. Və bu da sonda onların öz başında partlayacaq.

- Ermənistanın məqsəd və istəkləri dediniz, bəs buna qarşı dayanan Azərbaycanın imkan və resursları nədən ibarətdir, hansı şəkildədir?

- Azərbaycanın resursları Ermənistandan qat-qat artıqdır: həm hərbi texnika, həm ən müasir hərbi silah-sursat, həm də insan resursu baxımından. Azərbaycan ordusu apreldə onlara dərs verib. Elə Tovuzda da onlara dərs vemişik. O cümlədən də Naxçıvan istiqamətində də. Yəni son qarşıdurmalar zamanı biz onlara yerlərini göstərmişik. Biz onlardan qat-qat güclüyük. Eyni zamanda Azərbaycan ədalətli müharibə aparan tərəfdir. Ədalətli müharibə aparanlar isə ədalətsizlərə hər zaman qalib gəliblər.

- Yaxın dövrdə cəbhə istiqamətində nələr baş verə bilər, bununla bağlı müşahidələriniz nədən ibarətdir?

- Yaxın dövdə Qarabağda azadlıq hərəkatı başlayacaq, Qarabağın azadlığı üçün. Mən belə düşünürəm və belə də olacaq.

- Beynəlxalq siyasi-diplomatik atmosfer Cənubi Qafqazda müharibənin başlamasına hazırdırmı?

- Son çıxışında möhtərəm Prezident bu məsələyə də münasibət açıqlayıb. Bildirib ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Yox, əgər ermənilər beynəlxalq hüquqa əməl etmirsə, onu pozursa məncə, biz sonsuza qədər belə mövqedə qala bilmərik. Cənab Prezident də açıq dedi ki, əgər erməni tərəfi bu illər ərzində beynəlxalq hüququ pozubsa, ona əməl etməyibsə, Azərbaycan tərəfi niyə əməl etməlidir... Bir sözlə, artıq beynəlxalq ictimaiyyət məsələsi bitib. Bir az güc də nümayiş etdirmək lazımdır. Çünki indiki dünyada hər kəs güclə barışır, onun yanında olmağa çalışır.

- Bölgədə Türkiyə faktorunu necə qiymətləndirirsiniz, xüsusilə cəbhədə baş verən hadisələrlə konteksində?

- Türkiyə ilə birgə hərbi təlimlər keçirik, müəyyən şeyləri öyrənirik. Türkiyə sözsüz ki, min ilin dövlətidir, onun böyük dövlətçilik tarixi və təcrübəsi var. Türkiyə bizə qardaş ölkədir və dəstək verir, bundan sonra da köməklik edəcək. Sözsüz ki, hər bir dövlətə hansısa dövlətlərin qanunlar çərçivəsində dəstək verməsi mümkündür. Bəli, bizə belə dəstəyi Türkiyə, Pakistan, eləcə də İsrail verə bilər. Ancaq öz hərbi gücümüz çatır ki, torpaqlarımızı separatçılardan azad edək.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər