BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə axşamı Baş Assambleyanın 75-ci yubiley sessiyasının ən əhəmiyyətli seqmenti olan ümumi siyasi diskussiyasını açaraq deyib: “Baş Assambleyanın zalı qəribə mənzərəni ifadə edir, amma pandemiya ilə əlaqədar bu gün bizim görüşümüzün rolu həmişəkindən daha vacibdir”.
Teleqraf.com xəbər verir ki, təşkilatın rəhbəri beynəlxalq ictimaiyyəti ilin sonuna qədər bütün münaqişələri dayandırmağa və qlobal problemlərə birgə müqavimət göstərmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çağırıb.
Bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq dövlət başçıları ümumi siyasi diskussiyada iştirak etmək üçün Nyu-Yorka gəlməyib, əvvəlcədən yazılmış videomüraciətləri göndəriblər.
BMT rəhbəri xatırladıb ki, yanvar ayında həmin tribunadan çıxış edərkən bəşəriyyətin gələcəyini təhlükə altına alan “dörd atlı”: qlobal geostrateji gərginliyin artması, iqlim dəyişikliyi, beynəlxalq aləmdə etimad böhranı və rəqəmsal texnologiyaların tətbiqinin mənfi nəticələri haqqında danışırdı. Amma məlum oldu ki, “kölgədə beşinci atlı” - COVID-19 pandemiyası gizlənirdi.
“Biz, eyni zamanda, səhiyyə sahəsində uzunmüddətli böhran, ən böyük iqtisadi böhran, Böyük depressiya dövründən iş yerlərinin ən miqyaslı itirilməsi və insan hüquqları üçün yeni təhlükəli təhdidlərlə üzləşirik”, - deyə BMT rəhbəri xatırladıb. Onun sözlərinə görə, pandemiya dünyamızın həssaslığını üzə çıxarıb, getdikcə artan bərabərsizliyi, iqlim fəlakəti təhlükəsini, sosial dağınıqlığı və geniş yayılmış korrupsiyanı üzə çıxarıb. Bu problemlər nəticəsində 30 il ərzində ilk dəfə olaraq yoxsulluq şəraitində yaşayanların sayı artır və insan potensialının inkişaf göstəriciləri aşağı düşür.
Bununla belə, nüvə silahının yayılmaması üzrə səylərə xələl gətirilir və beynəlxalq cəmiyyət xüsusən kiberməkanda ortaya çıxan təhdidlərə təsirli cavab verə bilmir.
A.Quterreş, qərar qəbuletmə prosesində elmi dəlillərə əsaslanaraq, millətçilik və populizmdən imtina edərək daha fəal həmrəyliyə çağırıb.
BMT-nin rəhbəri hesab edir ki, son aylar ərzində dünyada həqiqi liderlik nümunələri nümayiş etdirilib, lakin söhbət heç də iqtidarda olanlar barədə getmir. Bəşəriyyətə qarşı təhdidləri aradan qaldırmaq üçün ilk növbədə ilin sonunadək dünyadakı qarşıdurmaları dayandırmaq lazımdır. “Pandemiya zamanı qarşıdurmada yalnız bir qalib var: virusun özü”, - deyə Baş katib vurğulayıb.
BMT pandemiya təhlükəsinə qarşı hərtərəfli tədbirlər görüb. Təşkilatın qurumları hökumətlərə virusun yayılmasının qarşısını almağa və yoluxanlara yardımı təmin etməyə kömək edir. Fərdi qoruyucu vasitələr və digər tibbi ləvazimatlar 130-dan çox ölkəyə göndərilib, ən həssas ölkələrə və əhalinin təbəqələrinə hərtərəfli dəstək göstərilir.
“Yoxlanılıb” kampaniyası çərçivəsində internet şəbəkəsində dezinformasiya ilə mübarizə aparılır.
Beynəlxalq təşkilat COVID-19-dan dərman vasitələrinin və bu infeksiyaya qarşı peyvəndin planetin hər bir sakini üçün əlçatan olmasına çalışır. BMT-nin Baş katibi xəbərdarlıq edib ki, “vaksin millətçiliyi” ölkələr təkbaşına fəaliyyət göstərəndə və yalnız öz əhalisini peyvənd etdirmək haqda düşünəndə “təkcə ədalətsiz deyil, həm də uğursuzluğa məhkumdur”.
“Hamımız təhlükəsizlikdə olmayana qədər heç birimiz təhlükəsizlikdə olmayacağıq", - deyə Quterres vurğulayıb.
“Gəlin danışdığım o beş atlıya qalib gələk və ehtiyacımız olan dinc, əhatəli və davamlı dünyanı quraq. Pandemiya bizə çox şeyin seçimimizdən asılı olduğunu öyrətdi”, - deyə BMT katibi qeyd edib.