23 Sentyabr 2020 14:27
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan BMT müstəvisində fəal diplomatiya həyata keçirir. BMT tibunasından ölkəmizin inkişafı və tərəqqisi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan cənab Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı mühüm əhəmiyyət daşıyır. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Milllət vəkili bildirib ki, Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir:

"Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təşkilatlara ehtiyac var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Cənab Prezident də BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır. Dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir”

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin belə bir mötəbər toplantıda Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir:

"Dövlət başçısı BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqindən çəkinmək öhdəliyini xatırladıb. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi mövcuddur. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Dövlətimizin başçısı Ermənistan hakimiyyətinin təxribatçı bəyanatlarını, gərginliyi artırdığını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini faktlarla sadalayıb".

S. Fətəliyeva əlavə edib ki, Ermənistan bu davranışı ilə münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir:

“Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pisləyir. Buna baxmayaraq indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunsun. Ərazi bütövlüyümüz bərpa edilsin və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər