24 Sentyabr 2020 19:00
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin davamlı inkişaf və fəaliyyətlərinin reallaşdırılması üzrə Vyana Fəaliyyət Proqramı çərçivəsində illik görüşü keçirilib. Görüşə türkdilli ölkə sayılan Qazaxıstan sədrlik edib. Maraqlıdır ki, görüşdə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da çıxış edib. Daha doğrusu, Qazaxıstanın yaratdığı şəraitdən istifadə edərək həm türk dünyasına düşmən tezislərinə rəvac verib, həm də üzləşdiyi problemlərin əsl səbəbinin apardıqları təcavüzkar siyasətlə bağlı olduğunu gizlətməyə çalışıb.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, Mnatsakanyan deyib ki, Ermənistan iqtisadiyyatına mənfi təsir göstərən bir amil pandemiya, digər amil Türkiyənin Ermənistan üçün dənizlərə çıxış imkanını bağlamasıdır:

“Mnatsakanyan əslində bu iki faktoru önə çəkməklə öz dövlətinin təcavüzkar siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qalmasını diqqətdən yayındırır. Bunu isə türkdilli qardaşımız Qazaxıstanın ona yaratdığı şərait hesabına edir. Əvvəla, Ermənistan kimi açıq dənizə çıxışı olmayan ölkələr çoxdur. Belədə Ermənistana platforma vermək kimdən də olsa, Qazaxıstandan gözlənilən bir şey deyildi. İkincisi, əslində Azərbaycanın özünün də açıq dənizə çıxışı yoxdur və qonşularla rəvan münasibətlər hesabına Aralıq dənizinə, Qara dənizə və Fars körfəzinə çıxış imkanı əldə edib.

Konkret desək, Ermənistanın iqtisadi fəlakətlərinin kökü açıq dənizə çıxıb-çıxmamaqla yox, apardığı təcavüzkar, işğalçı siyasətlə bağlıdır. Bunu isə Qazaxıstanın sayəsində gizlətməyə çalışdı. Çox böyük təəssüf hissi ilə xatırladım ki, Nursultan Nazarbayevdən sonra Qazaxıstanın xarici siyasətində Ermənistanın mənafelərinə meyillənmək təzahürlərinə bundan öncə də bir neçə dəfə rast gəlmişik”.

Aydın Quliyev onu da deyib ki, Ermənistanın inkişaf etməkdə olan ölkə statusu da mübahisəlidir.

Qeyd edək ki, sentyabrın 23-də açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin video konfrans formatında illik görüşü keçirilib. Qrupa sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə “COVID-19 pandemiyası dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən görüşün açılış sessiyasında Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır və BMT Baş katibi Antonio Quterreş çıxış edib.

Tədbirin ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.

Qrupda Azərbaycan da daxil olmaqla 32 ölkə təmsil olunur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər