BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas və BMT Baş Assambleyasının 75-ci sessiyası pandemiya dövrünə təsadüf etsə də, müzakirə olunan problemlər və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülən təkliflər baxımından o, müstəsna önəm daşıyan bir toplantı kimi tarixdə qalacaq. Bu səbəbdən, qənaətimə görə Baş Assambleyanın son toplantısı ötən 20 ildə keçirilən sessiyaların ən konseptualı və ən mütərəqqisidir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Baş Assambleyanın sessiyasında diqqət çəkən məqamlardan biri və bəlkə də birincisi BMT-də islahatların aparılmasının labüdlüyü barədə səsləndirilən fikirlərin üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən dəstəklənməsi və təşkilatın indiki struktur və fəaliyyət mexanizmləri çərçivəsində yola davam edə bilməyəcəyinin önə çəkilməsidir:
“Baş Assambleyanın toplantılarında BMT-də islahatların vazkeçilməzliyi barədə fikirlərin aparıcı mövqeyə çıxmasının əsas səbəblərindən biri kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycan dövlətinin başçısı kimi Yüksək Səviyyəli İclasdakı çıxışlarında yer alan məqamların olduğunu qeyd etsəm, düşünürəm ki, yanılmaram. Yüksək Səviyyəli İclasdan başlayan bu yanaşma 75-ci sessiya çərçivəsində keçirilən debatların da ana mövzusuna, leytmotivinə çevrildi.
Sessiyadakı çıxışına dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan amillərə diqqət çəkməklə başlayan Azərbaycan Prezidenti Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyini əsas gətirərək, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” prinsipini xatırlatdı və qeyd etdi ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
Şübhəsiz ki, cənab prezidentin əsas məqsədi diqqətin bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, Ermənistanın işğalçılıq siyasətinə, beynəlxalq öhdəliklərinə əməl etməyən təcavüzkar dövlətə qarşı analoji hallarda tətbiq edilən silhə məcburetmə mexanizmlərinin işə salınmamasına yönləndirmək xarakteri daşıyırdı”.
Elçin Mirzəbəyli qeyd edib ki, beynəlxalq təcrübədə işğalçı, insan haqlarını pozan, anti-demokratik rejimlərə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çoxsaylı nümunələr var:
“Soyuq müharibə dövründə BMT-nin bayrağı altında legitim sülhə məcburetmə əməliyyatı yalnız 1950-ci ildə Koreya yarımadasında keçirilsə də, 1990-cı illərin əvvəllərindən başlayaraq, bu presedentin Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun gəldiyi təqdirdə daha intensiv xarakter aldığını söyləyə bilərik.
1990-cı il avqustun 2-də İraqın Küveytə hərbi müdaxiləsindən dərhal sonra bu ölkəyə qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ticarət-maliyyə sanksiyaları tətbiq edildi, cəmi 4 gün ərzində icrasına başlandı və 2003-cü ilədək qüvvədə qaldı.
Ticarət-maliyyə sanksiyalarının ağır şərtləri altında geriyə çəkilməyən Səddam Hüseyn rejiminə qarşı işğal faktından təxminən bir neçə ay sonra Küveytə qarşı təcavüzə son qoyulması üçün “Səhrada tufan” hərbi əməliyyatı başlanıldı. Hərbi hava qüvvələri İraq ərazisini 5 həftə boyunca fasiləsiz olaraq bombaladılar və İraqın müqaviməti zəiflədikdən sonra quru qoşunları hərəkətə keçərək 100 saat ərzində Səddam Hüseyn rejimini məğlubiyyətə düçar etdilər. Sanksiyaların davam etməsi nəticəsində İraq hakimiyyəti Küveytlə mübahisəli ərazilər məsələsində də geriyə addım atmağa məcbur oldu.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi və sülhə məcburetmə mexanizmlərinin təxirə salınmadan işə salınması ilə bağlı Kamboca, Şərqi Timor, Ruanda, Somali, Yuqoslaviya, Bosniya və Hersoqovina kimi presedentlərini də nümunə gətirə bilərik. Xatırladım ki, yuxarıda sadaladığım sülhə məcburetmə aktlarının həyata keçirilməsində əsasən ABŞ və onun NATO üzrə müttəfiqləri iştirak ediblər.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan digər 2 dövlətin ticarət-maliyyə sanksiyalarının həyata keçirilməsində iştirakdan başqa, hər hansı ciddi xidmətləri olmayıb. Amma BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, prosesdə bütün üzv dövlətlərin, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı zəruri xarakter daşıyır və bunun üçün müvafiq hüquqi mexanizmlər də nəzərdə tutulub. Məsələn, BMT Təhlükəsizlik Şurasının tabeliyində mövcudluğunu kağız üzərində davam etdirən Hərbi Qərargah Komitəsi 1947-ci ildən etibarən heç bir fəaliyyətə malik deyil. Halbuki komitənin səlahiyyətlərinə beynəlxalq sülhə və təhlükəsizliyə real təhdidlərin yarandığı zamanlarda üzv dövlətlərin silahlı qüvvələrinin qərargahlarının bir araya gətirilməsi və vahid komandanlıq altında hərəkət etməsi daxildir. Lakin beynəlxalq hüququn bütün subyektlərinin real təhlükəyə qarşı vahid mövqedən çıxış etməsinə imkan verən, birləşdirici xarakter daşıyan bu səlahiyyətdən son 73 il ərzində bircə dəfə də olsun istifadə edilməyib”.
Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin son çıxışlarında yer alan fikirlərin əsasında da məhz bu məqamlar dayanır:
“Yəni BMT-nin problemləri, sadəcə bu təşkilatın müasir çağırışlara cavab verə bilməməsi ilə yekunlaşmır, mövcud mexanizmlərin özü belə işlək deyil və onların hərəkətə gətirilməsi dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Məhz bu mexanizmlərin hərəkətə gətirilməməsi, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır, dünyada işğalçılığın, separatizm, terrorizm, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasının vüsət almasına əlverişli zəmin yaradır.
Beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atan Ermənistan kimi dövlətlər qlobal cəzasızlıq və hüquqi nihilizm şəraitində sülhə, təhlükəsizliyə təhdid yaradan neqativ halların stimullaşdırıcısı rolunda çıxış edir, təcavüzə, separatizmə, terrorizmə meylli olan qüvvələri ruhlandırırlar.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmasının labüdlüyü barədə fikirləri, düşünürəm ki, bütövlükdə dünyanın bu ən böyük və ən ali təşkilatının müasir çağırışlara çevik reaksiya verməsi baxımından müstəsna önəm kəsb edir. Çünki COVID-19 pandemiyası dövründə BMT-nin və digər beynəlxalq qurumların yeni çağırışlara cavab vermək imkanında olmadığı reallığını görməmək mümkün deyil.
Yaranmış vəziyyətdən yeganə çıxış yolu isə Azərbaycan Prezidentinin vurğuladığı kimi, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində zamanın tələbindən irəli gələn islahatların aparılmasıdır. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir”.