1 Oktyabr 2020 12:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatda ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altına qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidentinin son bəyanatını və Qərb mediasının qərəzli mövqeyini şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, eyni zamanda son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, “Reuters”, “The Guardian” tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gəlməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır:

“Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi yüz ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır.

İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır”.

Fərid Şəfiyevin sözlərinə görə, digər bir məsələ ondan ibarətdir ki, bəzi beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir:

“Bu məqamda sual olunur: hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. On ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bugünkü gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür”.


Müəllif: Səxavət

Oxşar xəbərlər