Bir həftədən çoxdur ki, cəbhədə şiddətli döyüşlər gedir. Qüdrətli Ordumuz işğaldakı torpaqlarımızın geri qaytarılması missiyasını uğurla icra edir. Cəanb Prezident İlham Əliyev oktyabrın 4-ü xalqa müraciətində bildirdi ki, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Ali Baş Komandan bir sıra xarici KİV-lərə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva deyib.
O bildirib ki, dövlət başçısının vurğuladığı kimi, biz yalnız tarixən özümüzə məxsus olan, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını istəyirik. 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu formatında danışıqlar aparılır. Azərbaycanın danışıqlar prosesində iştirakı, daim konstruktiv mövqe sərgiləməsi ölkəmizin sülhə sadiqliyinin ifadəsidir.
Deputatın sözlərinə görə. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır:
“Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub”.
Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycan torpaqlarının geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var:
“Ermənistan işğalçı dövlətdir və müharibəni də o başlayıb. Bunu beynəlxalq birlik də yaxşı bilir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıblar, eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar. Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələblərini qulaqardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur”.