“50 milyon azərbaycanlının bir terror təşkilatı yoxdur, amma dünyada sayları cəmi 10 milyona yaxın olan ermənilərin 13 terror təşkilatı var”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədov deyib.
“Ermənilər Azərbaycanı terrorizmlə ittiham edirlər? Dünyada cəmi 10 milyona yaxın və 13 terror təşkilatı olan bir millət bizi bununla günahlandırır? 50 milyon azərbaycanlının, yəni 5 qat çoxunun, tək bir terror təşkilatı yoxdur və kiçik Ermənistanda bir deyil, hətta iki deyil, 13 terror təşkilatı var. Nə üçün 1,5 milyard əhalisi olan Çinin terror təşkilatları yoxdur? Ermənilər XIX-cu əsrin sonlarından bəri bu işlə məşğuldurlar. “Ən qədim millət” haqqında heç nə bilmirəm, amma terror milləti haqqında çox şey danışa bilərik”, - iş adamı bildirib.
Fərhad Əhmədov erməni terror təşkilatlarının bəziləri haqda məlumatları da təqdim edib:
1. “Armenakan” Partiyası. 1885-ci ildə yaradılan, Türkiyənin müxtəlif şəhərlərində və bölgələrində - Van, Muş, Bitlis, Trabzon, İstanbulda terror aktlarının və silahlı toqquşmaların təşkilatçısı olub. İran və Rusiyada yaşayan ermənilərlə işbirliyi qurub.
2. “Xnçak” Partiyası. 1887-ci ildə Cenevrədə yaradılıb. Əsas məqsədi “Böyük Ermənistan” dövlətinin yaradılması, “Rus” və “İran” erməniləri adlanan ərazilərin Türkiyənin Anadolu bölgəsi ilə birləşdirilməsi idi. Partiyanın proqramının 4-cü bəndində deyilir: “Qarşıya qoyulmuş hədəfə çatmaq üçün təşviqat, terror və dağıdıcı təşkilatlar yaratmaq üsulları seçilməlidir”.
3. “Daşnaksütyun” Partiyası. 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas məqsədi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağ, Naxçıvanda, habelə Türkiyənin Anadolu bölgəsində “Böyük Ermənistan” yaratmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsd təşkil etmək qərarına gəlir. Bu qurultaydan sonra “Daşnaksütyun” bir əmr verir: “Hər yerdə, heç bir şəraitdə ermənilərin sözünə əməl etməyən türkləri öldürün”. “Daşnaksütyun” tərəfindən yaradılan bir sıra terror qrupları var: 1973-cü ildə fəaliyyətə başlayan, 1980-80-ci illərdə Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarına sui-qəsdlər həyata keçirən “Erməni Soyqırımının qisasçıları”, gizli terror qrupu “DRO” və bölmələri: “DRO-8”, “DRO-88”, “DRO-888”, “DRO-8888”. Daşnakların bu istiqamətdəki fəaliyyəti bu günə qədər davam edir.
4. “Erməni Gizli Qurtuluş Ordusu” (ASOA) - 1975-ci ildə Beyrutda qurulub. Baş qərargah Dəməşqdə yerləşir. Fələstin bazalarında təlim keçmiş mindən çox üzvü var. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.
5. “Ermənistanın Qurtuluşu üçün Erməni Gizli Ordusu” (ASALA). 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, Suriyada isə təlim bazaları yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran, Naxçıvan və Azərbaycanın Dağlıq Qarabağ ərazilərində “Böyük Ermənistan”ın yaradılmasıdır. ASALA əsasən Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
ASALA və PKK 1980-ci ilin aprelində Livanda ortaq terror aktları həyata keçirmək üçün razılığa gəlib. ASALA-nın 28.08.1993-cü il tarixində Beyrut şəhərində yayımladığı bəyanatda Bakı-Tiflis-Ceyhan neft kəmərinin hədəf alınacağı bildirilib.
6. “Geqaron”. ASALA tərəfindən 2001-ci ilin fevralında yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya bölgələrində türk mənşəli siyasi liderlərə, diplomatlara və iş adamlarına qarşı terror aktları həyata keçirməkdir.
7. “Erməni Qurtuluş Hərəkatı” (ANM). 1991-ci ildə Fransada yaradılıb. ASALA ilə sıx əlaqədə terror fəaliyyəti həyata keçirir
8. “Erməni Qurtuluş Cəbhəsi”. 1979-cu ildə yaradılıb. ASALA təşkilatının ayrılmaz hissəsi hesab olunur. Türkiyə və Azərbaycana qarşı terrorçular hazırlayır.
9. “Orli” qrupu. 1981-ci ildə Fransada yaşayan erməni gənclər tərəfindən qurulub. Təşkilat 1987-ci ilə qədər dünyanın müxtəlif hava limanlarında 10-dan çox terror aktı həyata keçirib.
10. “Erməni Soyqırımı Ədalət Komandoları”. Daşnaksütyun Partiyasının 1972-ci ildə Vyanada keçirilmiş qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi Ermənistan mənşəli gənc Livan vətəndaşlarını hərbi birliklərdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror hücumları təşkil etməkdir.
11. “Erməni Birliyi”. 1988-ci ildə Moskvada yaradılıb. ASALA təşkilatı ilə sıx əlaqələri var, postsovet məkanında terror fəaliyyətinə görə terrorçulara saxta sənədlər təqdim edir. Silahların və muzdluların Dağlıq Qarabağa aparılmasında iştirak edir.
12. “Demokratik Cəbhə”. ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Əsas məqsəd Türkiyə dövlətini parçalamaqdır.
13. “Həvari”. 29 aprel 2001-ci il tarixində Ermənistan, Suriya və Livan vətəndaşları tərəfindən yaradılıb. Məqsəd Türkiyə və Azərbaycan ərazisində terror aktları həyata keçirməkdir”.