11 Oktyabr 2020 15:50
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri RBK telekanalına müsahibəsində münaqişənin həllində Rusiyanın rolunu şərh edərkən səsləndirib.

Bu və digər obyektiv səbəblərə görə Rusiyanın nünaqişənin nizamlanmasına təsir göstərmək imkanlarının hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çox olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: "Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı".

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur.

"Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində Yerevanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər