Hesab edirəm ki, hətta Qarabağ konflikti həll edildikdən sonra ermənilərlə xüsusi siyasət hazırlanmalıdır. Yəni onlarla məsafəli əlaqəyə ehtiyac var. Əgər nəsə satmaq istəyirsən, danışaq görək, ala bilərik, ya yox. Amma yaxın münasibətlər olmamalıdır. Hətta ermənilər Dağlıq Qarabağda qalsa və muxtariyyət əldə etsələr belə, onunla bağlı xüsusi strategiya hazırlanmalıdır. Həm də problemi həll edə bilsək, Dağlıq Qarabağdakı muxtariyyəti aradan qaldırmaq lazımdır.
Bunu keçmiş diplomat, politoloq Rasim Ağayev Teleqraf.com-a ermənilər və onların məqsədləri haqqında danışarkən deyib.
Rasim Ağayevin fikrincə, muxtariyyət onun üçündür ki, Qarabağda yaşayan ermənilərin hansısa statusu olsun, özlərini idarə etsinlər: "Ancaq onlar deyirlər ki, bu azdır, biz “müstəqil” olmaq istəyirik. Əslində isə onlar “müstəqil” adı altında Ermənistanla birləşmək istəyirlər. Odur ki, biz gələcəkdə muxtariyyət məsələsini rədd etməliyik, onlara belə status verməməliyik. Bunun üçün bizim ixtiyarımız da var. Axı sizinlə nə qədər vuruşmaq olar? 1905-ci ildə, 1918-ci ildə, 1930-cu illərdə nəsə danışdılar, 1940-cı ildə müharibə başladığı üçün susdular, amma müharibədən sonra 1948-ci ildə yenə baş qaldırdılar. Bunlar hər 10 ildən bir qalxırlar. Bunlar revanşist xalq və millətdir. Tarix göstərdi ki, onlarla məsafəli davranmaq, üz vermək lazım deyil".
Siyasi şərhçi hesab edir ki, Türkiyə erməni məsələsində daha fəal olmalıdır:
“Mənim qənaətimcə, bu məsələdə Rusiya özünü necə aparırsa, Türkiyə də ona uyğun aparmalıdır. Rusiya Ermənistana kömək edirsə, Türkiyə də Azərbaycana kömək etməlidir. Açıq söhbət olmalıdır. Biz qardaş ölkələrik. Hazırda Türkiyədə 200 minə qədər erməni yaşayır. Onlar türklərin çörəyini yediyi üçün indi sakit durublar. Hesab edirəm ki, bu məqamlara diqqət etmək lazımdır”.
Rasim Ağayev daha sonra qeyd edib ki, indi Rusiyanın durumu Ermənistana əvvəlki qədər kömək etməyə imkan vermir:
“Günün birində acından ölən ruslar durub deyəcək ki, bizə çatan pullar Ermənistana gedir. Niyə getməlidir? Xatırlayıram 1990-cı ildə Petoqorsk və Həştarxanda ruslarla ermənilər arasında qarşıdurma oldu. Ermənilər o zaman özlərini elə aparırdı ki, sanki oralar da bunlarındır. Lakin onları yerində oturtdular. Hesab edirəm ki, rus-erməni qarşıdurması yenə də baş verəcək. Bir azdan ermənilər ruslardan incidiyini açıq göstərəcəklər. Deyəcəklər ki, bizə kömək etməmisiniz, arxamızda durmamısınız.
Düzdür, Rusiyadan Ermənistana silah-sursat daşınır. Amma erməni elə bir millətdir ki, ona nə qədər yaxşılıq etsən də, sonda deyəcək bizə yaxşılıq etmədin. Odur ki, rus-erməni qarşıdurması olacaq. Amma onu da bilməliyik ki, Rusiyada ermənilərin yaşayışı və mövqeyi çox güclüdür. Amma ruslarda da millətçilik oyanıb, narazılıqlar var. Onlar da bir gün erməniyə deyəcək ki, özünü yaxşı apar, bizi niyə çətinə salırsan. Narazılıq hökmən olacaq. Amma Azərbaycan da bu məsələdə fəal olmalı, işləməlidir. Açıq demək lazımdır ki, siz bizim düşmənimizi saxlayırsınız. Bizim deyiləcək sözümüz var. Hələ o zaman məsələ təzə qalxanda belə fikirlər səslənirdi ki, yox, dostluq etmək, problemləri dərhal yoluna qoymaq lazımdır. O zaman SSRİ atmosferi bunu tələb edirdi. Artıq bu məsələ bitdi, bizim onlarla əlaqəmiz məsafəli olmalıdır”.
Rasim Ağayev əlavə edib ki, son döyüşlər zamanı Azərbaycan nə əldə edibsə, onu saxlayacaq: “Sabah yenə də başlarını qaldırsalar, əllərində olan torpaqlarımızı da geri qaytaracağıq. Onlar ayrı cür başa düşmürlər".