12 Oktyabr 2020 16:58
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə Azərbaycan Ordusunun uğurlu əməliyyatları olub. Buna baxmayaraq Gəncədə dinc əhalinin erməni terrorunun qurbanı olması hamımızı sarsıdıb.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, Ermənistan terrorçu dövlətdir:

“Bunu bütün dünyada bilirlər, amma dilə gətirmirlər. Ermənistanın apardığı və erməni xalqına təlqin olunan düşüncə tərzi heç faşizm sözünə də sığmayan bir anlayışdır. Bu, tamam ayrı yanaşmadır. Müharibənin də öz qanunları var. Müharibədə əsir düşənlər, yaralananlar, dinc əhali olur. Uşaqlara, qadınlara, yaşlılara qıymazlar və sair”.

Deputat qeyd edib ki, bizim işimizi mürəkkəbləşdirən cəhət düşmənə adekvat cavab verə bilməməyimizlə bağlıdır:

“Ərazilərimizə Ermənistan Respublikasından hücum edilir. Biz buna atəş açmaqla cavab verə bilmirik. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi önümüzü kəsir. Amma hər hansı müqavilə bir millətin tamamilə məhv olmasına, yaxud şəhərlərimizin dağılmasına gətirib çıxara bilməz ki...”

Sabir Rüstəmxanlının sözlərinə görə, Ermənistanın XIX əsrin sonlarından bəri tarixini izləyən hər bir adam görür ki, biz sadəcə yatmışıq və ya bizi yatırdıblar: “Əvvəl çar Rusiyası, sonra isə sovet hökuməti yatırdıb. Bizim əlimizdə İrəvanda, Naxçıvanda, Zəngəzurda, Gəncədə, Tiflisdə, Batumda, Bakıda, Şamaxıda, Qubada olmazın qırğınlar törədilməsinə dair çox ciddi sənəd-subutlar var.

Məmməd Səid Ordubadinin “Qanlı illər”ini Azərbaycanda gərək hamı oxusun. Görsün ki, orada hansı cinayətlər təsvir olunur. O cinayətlər hansı zəmində törədilib. Həmin hadisələr yavaş-yavaş böyüyərək bu günə gəlib çıxır. Biz bu hadisələri vaxtında dünyaya çatdırmamışıq, dünya dillərinə çevirib yaymamışıq, vaxtında beynəlxalq məhkəməyə verməmişik.

Erməni daşnaklarının azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaratmış olduğu Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ortadadır. Bunun əvəzində 1921-ci ildə Bakının ixtiyarını Kirova, başqa sözlə, erməni və bolşevik birliklərinə verdilər (1921-ci ildə Sergey Kirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunub – S.Həmid). Kirov da gəlib burada Moskvanın – Stalinin tapşırığı ilə heç zaman erməni torpağı sayılmayan Zəngəzuru ermənilərə verdi. Qarabağda isə ermənilər üçün yalançı, qondarma muxtariyyət yaradıldı (7 iyul 1923-26 noyabr 1991-ci illərdə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti nəzərdə tutulur – S.Həmid). Hətta oranın erməniləri belə İrəvana qarışmaq istəmirdilər. Deyirdilər ki, biz Bakıdan ayrılmaq istəmirik”.

Sabir Rüstəmxanlı qeyd edib ki, ermənilərin bu hərəkətləri 150 ildən artıqdır davam edir:

“Bu prosesi görən bir xalq, dövlət buna cavab vermə yollarını düşünməli idi. Bizim əleyhimizə kitablar yazılırdı, biz sovet dövründə ona cavab vermək istəyirdik, deyirdilər ki, "olmaz"”.

Milli Məclisin deputatı bildirib ki, humanizm sözü ilə erməni və Ermənistan sözü heç vaxt yanaşı işlədilə bilməz:

“Mən işğaldan azad edilən kəndlərdən çəkilən videolara baxdım. O kəndlər 30 ilə yaxındır ermənilərin əlindədir. Bu müddət ərzində orada bir ev tikilməyib. Nəinki orada tikilməyib, 1948-53-cü illərdə azərbaycanlılar Ermənistandan çıxarılanda boşalan kəndlərin bəziləri də hələ boşdur. Çünki erməni o torpağa bağlı deyil, o torpaq onun deyil. Ayağının altındakı torpağın onun olmadığını bilir.

Ona görə Azərbaycan qayıtmalıdır ki, o torpaqlara can gəlsin. Dünya bunu bilməlidir. Orada bir ev tikməyiblər, bir ağac əkməyiblər. Orada hər dağa bir mərmi, bir istehkam əkiblər. Bu baxımdan əslində orada yaşayan dinc ermənilər də bədbəxtdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər