17 Oktyabr 2020 22:14
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə yarısı Gəncəyə edilən növbəti xain hücum bütün Azərbaycan vətəndaşlarının dərin hiddətinə səbəb olub. Gecə səhərə kimi canlı yayımda böyük üzüntü ilə bu prosesi izlədim. İnsanların düşdüyü çətin, ağır durum dözülməzdir. Döyüş əməliyyatları gedən ərazidən uzaqda olan bir şəhərin hədəf seçilməsi insanlıq, bəşəriyyət əleyhinə törədilmiş bir cinayətdir. Bu, eyni zamanda təcavüzkarın cəbhədə düşmüş olduğu məğlub durumu ilə izah olunur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri vurğulayıb ki, müharibə zamanı mülki insanların hədəf seçilməsi beynəlxalq hüquqa ziddir: “Bu, hərbi cinayətdir. Ona görə də, Gəncədə insanlıq əleyhinə cinayət törədənlər mütləq şəkildə cəzalanmalıdır. Azərbaycan xalqı bu cinayəti törədənlərə qarşı mütləq şəkildə öz mübarizəsini aparacaq”.

Bahar Muradova qeyd edib ki, cəbhədəki qələbələrimizə və Gəncədə günahsız insanlara qarşı törədilən terror aktına görə sevinc və üzüntü hissini eyni anda yaşamalı oluruq: “Gözümüzün biri gülür, biri ağlayır. Ali Baş Komandan hər kəsin həyəcan içərisində olduğu bir məqamda Füzuli şəhərinin və bir neçə kəndinin azad edilməsi ilə bağlı xalqa müraciət etdi. Cənab Prezidentin verdiyi xəbər kədərimizi unutdurmasa da bu yolda canını qurban verənlərin qanının yerdə qalmadığını da göstərdi. Mənim valideynlərim, atam, babam Füzulidə yaşayıb. Özüm də Füzuli şəhərində dünyaya gəlmişəm. Valideynlərimin qəbirləri Füzuli rayonundadır. Bu illər ərzində torpaqlarımızın azadlığı uğrunda bizim də yaxınlarımız, əzizlərimiz şəhid olub. Mənə yaxın ailə üzvlərim, digər qohumlar, dostlar arasında çoxsaylı itkilərimiz var. Bu otuz ili hər kəs kimi biz də, Füzulinin azadlığını səbirsizliklə gözləyirdik. İnanın, elə bir anım, saniyəm, dəqiqəm olmayıb ki, Füzulini azad edəcəyimizə şübhəm olsun. Hər zaman sidq ürəkdən inanmışam ki, biz qayıdacağıq. Bu gün bizim arzularımız çin oldu. Təəssüf ki, erməni vandalları Füzulini tamamilə dağıdıb, tarimar edib”.

Komitə sədri bildirib ki, insanlığın üz qarası olan ermənilərin əsl mahiyyəti bundan artıq ola bilməzdi: “Füzulinin şəhərinin və bir neçə kəndinin azad edilməsi bundan sonrakı qələbələrimiz üçün nə qədər önəm daşıdığı qalibiyyətin hərb tarixinə aydın səhifə kimi daxil olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər