Ermənistan oktyabrın 17-də Gəncəyə ikinci terror hücumu ilə faşizm siyasəti apardığını göstərdi. Artıq dünya ictimaiyyəti indiyə qədər ermənilərin “əzilən xalq” obrazına inanmır, Gəncə terroruna qarşı etirazlarını bildirirlər. Avropa İttifaqının Gəncə terroru pisləyən bəyanatı göstərdi ki, hətta Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra rəsmi İrəvanın üz tutduğu Qərb də erməni vandalizminə susmur.
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stanonun adından yayılan bəyanatda deyilir:
“Avropa İttifaqı oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələr nəticəsində mülki insan tələfatı və insanların ağır yaralanmasından təəssüf hissi keçirir. Tərəflər mülki insanları və mülki obyektləri hədəf almağı dayandırılmalıdır. Oktyabrın 10-da razılaşdırılan atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir”.
Beynəlxalq ictimaiyyətin 13 nəfərin həlak olduğu, 52 nəfərin yaralandığı Gəncə terrorunu pisləyən bəynatları Ermənistanda ciddi narahatlıq yaratdı, çünki artıq dünya onların terrorçu mahiyyətini dilə gətirir.
Ermənistan Xarici İşlər Nazirliyinin Aİ-nin Gəncə bəyanatına isterik cavabı da İrəvanın çətin vəziyyətə düşdüyünü göstərir. İşğalçı ölkə Aİ-ni “Gəncəyə raket hücumu” ifadəsini işlətməkdə ittiham edir, Azərbaycan Ordusunun hərbi obyektlərə zərbəsini “mülki əhaliyə hücum” yalanlarının arqumenti kimi təqdim etməyə çalışır. Bu isteriyanın səbəbləri var.
Birincisi, indiyə qədər aldatdığı dünya ictimaiyyəti erməni terrorunun mahiyyətini aydın şəkildə görür;
İkincisi, Paşinyan hakimiyyətinin “bel bağladığı” Avropa da vandalizm qarşısında susmur.
Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanı Qərbə “satdı” və hesab edirdi ki, Avropa onun terror şıltaqlığına susacaq. İşğalçı ölkənin Gəncəyə terror hücumlarının arxasındakı səbəblərdən biri də özünü toxunulmaz hesab etməsi idi. Lakin Aİ Gəncə bəyanatı ilə Ermənistana ciddi zərbə vurdu.
Burada rəsmi Bakının işğalçını ifşa edən siyasəti və Aİ ilə Azərbaycanın strateji tərəfdaşlığı da həlledici amillərdəndir.
Artıq dünya Paşinyanın yalanlarına inanmır, işğalçı ölkənin faşist siyasətini qəbul etmir. Ermənistanın kükrəyən isteriyasının kökündə də bu dayanır.