"Ermənistanın Fransada nüfuzu Gəncəyə raket hücumlarından sonra düşüb".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev fransalı jurnalistlərlər üçün keçirilən brifinqdə bildirib.
O, media nümayəndələrini Azərbaycanın işğal olunmuş torpaqlarında gedən hərbi əməliyyatların son gedişatı ilə bağlı məlumatlandırıb və xüsusilə Ermənistanın atəşkəsə dair iki dəfə əldə olunmuş razılığın heç birinə riayət etmədiyini onların diqqətinə çatdırıb: "Tərəflərin iki dəfə atəşkəs haqqında razılıq əldə etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğaldan azad etdiyi torpaqları yenidən zəbt etməyə cəhd göstərib. Bundan əlavə, münaqişə zonasından uzaqda yerləşən şəhərləri, habelə Azərbaycanın ikinci böyük tarixi şəhəri olan Gəncəni hədəfə alıb və nəticədə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla mülki vətəndaşlar həlak olublar. Azərbaycan mulki vətəndaşlara qarşı müharibə aparmır. Hərbi əməliyyatların başlanmasından bu günə kimi Ermənistanın 4, Azərbaycanın isə 62 mülki vətəndaşı öldürülüb".
R.Mustafayev Azərbaycanın bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, lakin müəyyənləşdirilmiş əsas prinsiplərə riayət etməklə həllinin tərəfdarı olduğunu deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən edilən əsas prinsiplər Azərbaycan üçün dəyişməz qalıb. Bu əsas prinsiplər BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin şərtlərinə tam surətdə cavab verir. Avropa İttifaqı Azərbaycanın hər zaman olduğu kimi bu gün də ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib. BMT isə, öz növbəsində, Ermənistanın mülki şəxslərinə yönələn hücumlarını qətiyyətlə pisləyir".
Səfir vurğulayıb ki, Ermənistan son atəşkəs haqqında razılığa əməl etmədiyi kimi, bundan əvvə də heç bir zaman sülh yolu ilə danışıqlar formatına riayət etməyib: "Azərbaycanın işğal olunmuş torpaqlarında quru yolların çəkilməsi danışıqlar aparılan müddətdə qadağan idi. Azad olunan Azərbaycan torpaqlarında aşkar olunan yeni infrastruktur, nəqliyyat yolları və s. Ermənistanın bu əraziləri Azərbaycana qaytarmaq fikrində olmadığını göstərir".
R.Mustafayev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bundan sonra da əvvəlki formatda davam etdiriləcəyini söyləyib: "Biz danışıqlar aparan tərəflərdə dəyişikliklər etmirik. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları davam etdirir. Fransa bu münaqişədə neytral mövqe tutduğunu bir daha bəyan edib".
Sonda jurnalistlərin Azərbaycanın azad olunmuş əraziləri, bu torpaqlara məcburi köçkünlərin nə zaman qaytarılacağı ilə bağlı sualları cavablandırılıb.