Bu, əvvəldən hazırlanmamış bir görüşdür. Belə görüşlərə adətən ekspromt görüşlər deyirlər. Çünki müharibə gedir. Erməni tərəfini konstruktivliyə yönəltmək mümkün olmur. İndiyədək Rusiyanın bu istiqamətdə cəhdləri olub, ancaq Ermənistanın qeyri-konstruktivliyi üzündən bu cəhdlər nəticəsiz qalıb. Ona görə də indi ABŞ təşəbbüs göstərməyə başlayıb.
Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər naziri Ceyhhun Bayramovun oktyabrın 23-də ABŞ-a gözlənilən səfərini şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, görüş sırf atəşkəs məsələlərinin həll edilməsinə yönələcək:
“Yəni burada Dağlıq Qarabağ probleminin nizamlanması, bununla bağlı həmsədrlərin təklifləri, yaxud tərəflərin mövqelərində kompromislər axtarılması kimi məsələlərə diqqət yetirilməyəcək. Ola bilsin ki, səthi olaraq rəylər soruşulsun. Amma bu görüş sırf bölgədə atəşkəsin əldə edilməsinə yönəlib. Bu məsələnin özü ilə də bağlı kompromisə gəlmək çətin olacaq. Çünki birincisi, atəşkəsin elan edilməsinə razılıq verilməsi hələ atəşkəs demək deyil. Atəşkəsə riayət edilməsinə dair mexanizm hazırlanmalıdır. Vəziyyətin qaynar fazada olduğu indiki dövrdə belə mexanizmin yaradılması, özü də qısa müddətdə yaradılması real görünmür. Azərbaycanın şərtləri bəllidir. Rəsmi Bakı işğal olunmuş bütün torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Yəni əsas tələb Azərbaycanındır. Ermənistanın bu tələbə razılıq verib-verməyəcəyi demək çətindir. Çünki ermənilər bütün görüşlərdə manevr edərək hər şeyi öz xeyirlərinə fırlatmağı, vaxt qazanmağı və yenidən toparlanaraq müzəffər Azərbaycan ordusunu dayandırmaq məqsədi güdürlər. Bu səbəbdən danışıqların gərgin keçəcəyi qənaətindəyəm”.
Qabil Hüseynli qeyd edib ki, həmsədrlər də üzüağ deyillər:
“Onlar müharibənin davam etdiyi müddətdə Gəncənin və ətraf bölgələrin mülki əhalisinin raket atəşinə tutulmasını pisləyən bir bəyanatla çıxış etmədilər. Onlar əvvəldən “dişsiz” adamlar idilər. Hərbi əməliyyatların davam etdiyi dövrdə isə tamamilə "dişsiz", prinsipsiz mövqe tutdular. Ona görə də həmsədrlərin Amerikada keçiriləcək görüşdə iştirak edib-etməməsindən asılı olmayaraq hadisələrə təsir imkanları böyük deyil. Hətta mən deyərdim heç bir təsirləri yoxdur”.
Politoloq güman edir ki, Azərbaycan tərəfi öz tələblərini irəli sürəcək:
“Ermənistan tərəfi əlbəttə, müxtəlif manipulyasiyalardan istifadə edərək vəziyyəti mürəkkəbləşdirməyə çalışacaq, amma onların bu fəndinin həyata keçəcəyini güman etmirəm”.
Qabil Hüseynli ABŞ-n tutduğu mövqe ilə bağlı deyib:
“ABŞ-ın 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktının prinsiplərinə nə dərəcədə riayət edib-etməməsinin özü də danışıqlar prosesinə təsir edə bilər. Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Vaşinqton Ermənistanı işğalçı kimi tanıdığını bəyan etsə və işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb etsə, sözsüz ki, biz də Dağlıq Qarabağa unitar dövlət daxilində hansısa statusun verilməsinə razılıq verə bilərik”.
Qeyd edək ki, oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.