22 Oktyabr 2020 17:08
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ordu quruculuğu prosesinə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanıldı. O dövrə qədər pərakəndə hərbi dəstələr, ayrı-ayrı silahlı qruplar bir qədər də siyasiləşmiş dairələrin çevrəsinə tabe idi. Məhz vahid komandanlığın yaradılması ilə Ordu formalaşmağa başladı. Eyni zamanda modern silahlı qüvvələrin qurulması üçün böyük vəsait tələb olunur. Ona görə də 2004-2005-ci illərdə neft müqavilələrinin nəticəsində büdcəyə daxil olan vəsaitlərin mühüm bir hissəsi hərbi sektora yönəldildi. Cənab Prezident İlham Əliyevin bir strateq kimi liderliyi ondan ibarət oldu ki, ölkəmizin təhlükəsizliyi üçün çox düzgün hədəflər müəyyənləşdirdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.

Deputat bildirib ki, bu, ordunu ən güclü bir qüvvəyə çevirmək istəyindən qaynaqlanırdı:

“Digər tərəfdən Ali Baş Komandan məxfi məlumatlar əsasında regional və beynəlxalq təhlükəsizliyə yaranan təhdidlərin ildən-ilə artdığını görməkdə idi. Ona görə də Azərbaycan sadəcə sülhməramlı bir missiyanı yerinə yetirə bilməzdi. Biz, onun daha böyük ağrılarını yaşayardıq”.

Mərkəz sədrinin fikrincə, vaxtilə vurğulanırdı ki, səhiyyəyə, təhsilə, sosial sektora yönələn vəsaitlər daha faydalı olar, nəinki orduya:

"Çünki müasir dövrdə silah nəyisə həll etmir. Bu gün diplomatiyalar, yumşaq güc siyasəti ilə daha böyük nəticələr əldə edirlər. Digər baxışlar da ondan ibarət idi ki, hərbi sektorda güclü ictimai nəzarəti təmin etmək mümkün deyil. Burada vəsaitlər ünvansız ola bilər. Xüsusi qrif adı altında olan əməliyyatların özünə bəlli dairələrdən hücumlar edənlər bu informasiya propoqandasına düşənlərdir. Azərbaycanın legitim və millətin ən mühüm iradəsini, gücünü, böyük amallarını, bütünlüklə savaş ideyalarını özündə ifadə edən məhz Ordumuzdur. Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan sonra heç bir qüvvə və qurum, siyasi, institutsional təşkilat bu dərəcədə güclü nüfuzu, cəmiyyətin etibarını özündə ehtiva edə bilməzdi.

Azərbaycan Ordusu İraqda, Əfqanıstanda ilk dövr Kosovada müxtəlif əməliyyatlara qoşulub. Ordumuz həmçinin NATO təlimlərində də uzun bir yol keçib. Ən vacibi isə qardaş Türkiyənin modern ordu nümunələrini, təlimlərini, təcrübəsini, taktikasını əldə edərək indiki vəziyyətə çatıb. Paralel olaraq ordunun büdcə xərcləri 2004-cü ildən bu günə qədər artan bir dinamikada inkişaf edib. Bu, şübhəsiz ki, öz nəticəsini də verib. Eyni zamanda silah sənayemizin qurulması xaricdən silah asılılığımıza son qoyulmasına da səbəb olub”.

Zahid Oruc qeyd edib ki, müharibəni yeni versiyaya çıxarmaq və buna nail olmaq böyük hərbi güc və təcrübə tələb edirdi:

“Azərbaycanın isə ilk növbədə əsas prinsipi torpaq bütünlüyünü təmin etməkdən ibarətdir. Ordumuzun texnika və texnologiya üstünlüyü nəticədə mütləq hərbi qələbələrdə fərqləri yaradacaqdı. Çünki cənab Prezident İlham Əliyevin siyasi kursu hələ döyüş meydanlarına daxil olmamış qalib gəlmişdi. İndi sadəcə biz onun rəsmiləşdirilməsini görürük. Düşmən tərəf isə özünün keçmiş dövrdə əldə etmiş olduğu üstünlüyü köhnə silahlarla qoruyub saxlayacağına inanırdı.

İndi informasiya məkanında qarşı tərəfin müxtəlif yanaşmalarını izləyirik. "Müharibə vəziyyətidir, gəlin, hələ həqiqətləri ictimailəşdirməyək" - devizi altında nə qədər özlərini müxtəlif yalanlarla ovundursalar da, gerçəkliyi qapatmayan yenə də müxtəlif qüvvələr var. Ermənistanın keçmiş hərbi rəhbərliyi -1-ci Qarabağ savaşında yer alan adamlar milyardlar qazandılar. Bunu qarşı tərəfdə hər kəs bilir. İndi suallar yaranır nə üçün Sərkisyanın, Ovanesyanın, Ohanyanın, Köçəryanın balası bu gün Azərbaycanla savaşda iştirak etmir? Onlar növbəti müharibə üçün də bizi yemə çevirmək istəyirlər? Balalarımız məhv olur!” Həmçinin Azərbaycan bu illər ərazində güclənəndə bizlər hara baxırdıq? - kimi kəskin suallar qoyulur. Hazırda Ermənistanda minlərlə insanın mövqeyindən bunu açıq görmək olur. Samvel Babayan 2013-cü ildə Serj Sərkisyana yazdığı məktubunda bildirir ki, sən bu danışıqlarda gedib iştirak edirsən. Amma fərqində deyilsən ki, birdən, hadisələrin üzü səngərə dönsə, məsələ güc müstəvisində həll edilməli olsa, bizim durumuz acınacaqlı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı