23 Oktyabr 2020 14:33
3 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinin məlum bəyanatı o demək deyil ki, Rusiya öz siyasi və hərbi müttəfiqi, forpostu olan Ermənistanla münasibətləri qırır. Putin onu da bildirdi ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərinin inkişafında maraqlıdır. Hər iki ölkə Rusiyanın partnyorudur. Amma burada fərq ondadır ki, münaqişənin qızğın fazasında Putin Ermənistanın tərəfində deyil. Əslində, Ermənistanı və şəxsən Baş nazir Nikol Paşinyanı qıcıqlandıran da bu faktdır.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Rusiya Prezidenti Vladimir Putininin “Valday” forumunda Dağlıq Qarabağ konflikti haqqında işlətdiyi fikirləri şərh edəkən deyib.

Politoloq əmindir ki, məhz Putinin açıq şəkildə Ermənistanın tərəfini tutmaması bu ölkə rəhbərliyini NATO Baş katibi ilə görüşməsinə, dəstək istəməsinə, habelə digər dövlət başçıları ilə müntəzəm əlaqə saxlamasına səbəb olub:

“Bəli, görünən odur ki, Vladimir Putin bir çox hallarda Paşinyanın zənglərinə cavab vermir. Bu reallıqdır. Çünki Rusiya anlayır ki, işğal edilən ərazilər Azərbaycan torpaqlarıdır. Digər tərəfdən, burada Türkiyə amili var. Moskva anlayır ki, bu konfliktə müdaxilə etsə və açıq şəkildə Ermənistana dəstək versə, faktiki olaraq Türkiyə ilə üz-üzə duracaq. Bu da daha genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Rusiya bunda maraqlı deyil. Yəni Rusiya Türkiyə amili ilə hesablaşır. Hazırda bu iki dövlət arasında münasibətlər normal haldadır, onları birləşdirən bir sıra layihələr var. Söhbət iqtisadi, siyasi və hərbi layihələrdən gedir.

Xüsusilə, Suriya ərazisində bir sıra məsələlərin birgə həll edilməsi reallığı var. Ona görə də Putin konfliktlə bağlı narahatdır və bunu açıq şəkildə deyir, amma hər halda belə ifadə işlətdi ki, işğal olunan torpaqlar əbədi işğal altında qala bilməz. Məncə, Putin ilk dəfədir ki, belə fikir işlədir. Bu, Ermənistana mesajdır ki, Azərbaycan torpaqlarından çıx. Bununla da məsələ həll edilsin. Məncə, bu, rəsmi İrəvana ünvanlanan ismarışdır. Əslində İrəvan bundan sonra qanlarının tökülməsini arzu etmirsə, Putinin mesajından nəticə çıxarmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər