Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bir sıra maraqlı məqamlar diqqəti cəlb edir. İlk növbədə müsahibə zaman verilən suallarda hiss olundu ki, ya düşünülmüş, ya da bilməyərəkdən Azərbaycanla bağlı yoxlanılmamış, iddia formalı fikirlər var. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı hərbi əməliyyatları sanki Amerikanın müəyyən mətbuat orqanları birinci dəfədir eşidirlər. Çünki verilən suallarda qərəzlilik, Ermənistanı qorumaq, Azərbaycanla bağlı feyk xəbərləri zorla qəbul etdirmək istəyi hiss olunurdu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, bütün bunlara baxmayaraq Prezident İlham Əliyev sakit, təmkinli və arqumentli şəkildə, hətta provokasiyalı suallara belə tutarlı cavablar verdi:
“Cənab Prezidentin verdiyi cavablarda eyni zamanda Amerika tarixinə də istinad edilir. Prezidentin Amerika ilə bağlı fikirlərindən sonra jurnalistin “Siz Amerika həyatını çox yaxşı bilirsiniz", - deməsi verilən cavabın nə dərəcədə tutarlı olduğunu bir daha göstərdi. Cənab Prezidentin verdiyi cavablar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında olduqca vacib məqamlardandır. Azərbaycana qarşı neqativ, feyk xəbərlərlə "silahlanlanmış" mətbuat orqanlarına bu cür cavabların verilməsi həmin ölkələrin auditoriyasına həqiqətlərin çatdırılması baxımdan olduqca mühümdür. Heç də təsadüfü deyil ki, cənab Prezidentin Yaponiyanın bir qəzetinə müsahibəsi ən çox oxunan məqalə olub. Bu gün dünya İlham Əliyevin simasında haqlı və real Azərbaycanı tanıyır. Dünya Prezidentimizi ölkəsinin maraqlarını, sosial problemlərini və ərazi bütövlüyünü uğurla təmin edən lider kimi görür”.
Aydın Mirzəzadə qeyd edib ki, cənab Prezidentə verilən suallarla məqsədli şəkildə Azərbaycana qarşı istifadə edilməsi üçün uyğun cavab axtarırdılar:
“Amma Azərbaycan öz Liderinin dili ilə həqiqəti söyləyir. Özünün tarixinə, beynəlxalq hüquqa istinad edir. Ermənistan və onu müdafiə edən xarici dairələr Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsini şübhə altına salmağa çalışırlar. Buna baxmayaraq Azərbaycana qarşı səslənən fikirlərin heç bir əsası yoxdur. Cənab Prezidentin müsahibədə səslənən suallara arqumentli cavabları Azərbaycanla bağlı bütün xülyaları darmadağın etdi. Azərbaycan beynəlxalq hüquqa söykənən milli maraqlarının qorunmasında qətiyyətli olduğunu bir daha nümayiş etdirdi. Kiçik dövlətlər adətən böyük dövlətlərin birbaşa iştirakı ilə öz problemlərini həll edirlər. Vaxtilə Küveyt işğal ediləndə ABŞ qoşunlarının köməyi ilə bu ölkə işğaldan azad edildi. Amma Azərbaycan bu gün Ermənistan tərəfindən işğal edilən ərazilərini özü azad edir”.
Deputatın sözlərinə görə, Azərbaycanı yenidən yalançı danışıqlar dövrünə qaytarmaq cəhdləri əbəsdir:
“Cənab Prezident dəfələrlə bildirdi ki, 30 il bizi arxayınlaşdırdılar. Amma nəticə olmadı. Nəticəni isə bu gün Ali Baş Komandanın Rəhbərliyi ilə Azərbaycan əsgəri təmin edir”.
Millət vəkili əlavə edib ki, erməni müdafiə nazirinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin formasının tipində olan bir qrup əsgərlə oturması teatrlaşdırılmış səhnədir.