26 Oktyabr 2020 21:14
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Qərbin, daha doğrusu rəngli inqilabların sponsoru milyarder Corc Sorosun adamıdır. Onun pulu ilə hakimiyyətə gəldi, amma sonra primitiv dünyagörüşü nəticəsində ciddi səhvlərə yol verməyə başladı. Dərhal anti-Rusiya xətti tutdu. Rusiyadan uzaqlaşmaq və qərbmeyilli siyasət yürütmək fikrinə düşdü.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, sonradan onu başa salıblar ki, ölkəsinin, Qarabağın taleyi Rusiyadan asılıdır və Moskva ilə münasibətləri normallaşdırmaq lazımdır:

"Rusiya da təbii ki, onun düşüncələrini və anti-Rusiya meyllərini dəqiq bilirdi. Özü də bu anti-Rusiya meylləri konkret işlərdə özünü təzahür etdirirdi. Belə ki, əvvəla qəzetlərdə Rusiya əleyhinə yazılar gedirdi. Rusiyada guya avtoritar hakimiyyətin mövcud olması ilə bağlı fikirlər səsləndirilirdi. Rusdilli məktəblərin tamamilə bağlanması göstərişi verilmişdi. Rus dilində danışmaq faktiki olaraq qadağan edilib. Bir sözlə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meylləri güclənib. Rusiyaya qarşı aksiyalar təşkil edilib, rusiyameylli şəxslər vəzifələrdən kənarlaşdırılıb və onlara təzyiqlər olunub, rusdilli media bağlanıb. Özü də anti-Rusiya meylləri ölkədə ictimai-siyasi həyatın bütün sahələrində özünü göstərirdi. Rusiya əlbəttə, bunları ciddi surətdə müşahidə edir özü üçün müəyyən nəticələr çıxarırdı”.

Politoloq qeyd edib ki, Azərbaycana hücum edib yeni torpaqlar eşqi ilə fəaliyyətlə başlayanda ordumuzun irəliləməsi və düşməni məğlub etməsi Ermənistanda həyəcan yaratdı:

“Onlar Paşinyandan tələb etdilər ki, Rusiyaya müraciət edib ondan kömək istəsin. Əlbəttə, Rusiyaya dəfələrlə yalvar-yapış etdilər. Rusiya Paşinyanın birinci ilində öz payını götürmüşdü. Görmüşdü ki, bu adam anti-rus meylli bir adamdır və erməniləri ruslara qarşı kökləyir. O səbəbdən Rusiya da Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa tələsmədi. Rusiya bildirdi ki, döyüşlər Ermənistan ərazisində getmir. Bundan sonra Ermənistan ərazisində anti-Putin kampaniyası başladı. Rusiya Prezidentinin ünvanına siyasi etikadan kənar ifadələr səsləndi. Hazırda Ermənistanda anti-rus əhval-ruhiyyəsi daha da qızışdırılır”.

Qabil Hüseynli bildirib ki, Rusiya sözün həqiqi mənasında Paşinyanla haqq-hesabı çürütmək fikrindədir:

“Ona görə də ölkədəki siyasi partiyaların böyük əksəriyyəti anti-Paşinyan mövqeyində birləşiblər. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrindədirlər. Əlbəttə, müharibənin bir sonluğu var və bu sonluq çox uzaqda deyil. Bu sonluq gəlib çatdıqdan sonra artıq Paşinyanla ölkənin siyasi liderləri, xüsusilə Qarabağ klanı haqq-hesabı çürüdəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər