Gözləntim odur ki, biz qələbə çalmalıyıq, bir addım da geri durmaq lazım deyil. Ölkə başçısının da mövqeyi bundan ibarətdir. Hamı kimi mən də bu mövqeni bölüşürəm.
Bu fikirləri Teleqraf.com-a Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Ordusunun işğal olunan ərazilərimizdə apardığı anti-terror əməliyyatları haqqında danışarkən deyib.
Azərbaycanın apardığı bu haqq işinə toxunan partiya sədri bildirib ki, Azərbaycan Ordusunun addımları beynəlxalq hüquqa tam uyğundur: “Hər bir situasiyanı nəzərə almaq lazımdır. Torpaq bizimdir, ordumuz var, ərazilərimizi azad etməliyik”.
İlyas İsmayılov əlavə edib ki, Qarabağda yaşayan erməni tərəfinə hər hansı bir status verməkdən söhbət gedə bilməz: “Ermənilərin bu tələbi tamamilə əsassızdır, beynəlxalq hüququn “millətlərin öz müqəddəratını təyinetmə prinsipi” Dağlıq Qarabağda yaşayan ermənilərə qətiyyən şamil edilə bilməz. Şamil edilərsə, bu, çox pis presedentin əsasını qoya, dünya nizamını və beynəlxalq hüququ alt-üstə edə bilər. Ermənilər bir millət kimi, öz müqəddəratını təyinetmə hüququndan artıq istifadə edib, öz dövlətlərini - Ermənistan Respublikasını yaradıblar.
Bunu onlar da bilirlər, lakin sübut etməyə çalışırlar ki, guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indi isə “Artsax xalqı”... Bu yalana da insanları inandırmağa çalışırlar. Halbuki orada yaşayanlar ermənilərdir, onlar da xalq deyil, sakindirlər. BMT-nin sözügedən prinsipinin də onlara heç bir aidiyyəti yoxdur”.